Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 Oktyab 2015 - №36

 

"Bilik Fondu kitabın, bədii mütaliənin təbliği istiqamətində ciddi addımlar atmaq niyyətindədir"

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu artıq ikinci ildir ki,  "İlboyu bilik" proqramı çərçivəsində 15 sentyabr - Bilik Günündə ölkənin bütün rayonlarında mühazirələr təşkil edir. Layihə ötən il 70-dən çox məktəbdə həyata keçirilmişdisə, bu il 161 təhsil ocağı qapılarını Azərbaycanın tanınmış ictimai xadimlərinin üzünə açıb.   Bilik Fondu akademik, professor, doktor, rəsmi dövlət adamları, xarici ölkələrin səfir və diplomatlarından ibarət lektorlar qrupu hazırlayaraq, orta və ali məktəblərdə onların mühazirələrini təşkil edib.    Tanınmış ziyalılar bu il də şagirdlərin qonağı olublar. Geniş və maraqlı layihə barədə Bilik Fondunun icraçı direktoru Oktay Səmədovdan aldığımız müsahibəni təqdim edirik.  

- Bilik Fondu artıq ikinci ildir ki, Bilik günündə alimlərin, tanınmış ziyalıların və ictimai xadimlərin orta məktəblərdə mühazirələrini təşkil edir. Mətbuatdan göründüyü kimi, bu hadisə ötən il böyük maraq doğurdu, bəs bu il necə? 

- Bilik Fondunun "İlboyu bilik" proqramı çərçivəsində ilk tədbiri ötən ilin Bilik günündə baş tutdu: mühazirəçilərimiz ölkənin 70-dən çox orta məktəbində "Azərbaycan bu gün və sabah" mövzusunda dərs keçdilər, yeniyetmələrlə, gənclərlə, müəllimlərlə, valideynlərlə təmasda oldular, müasir Azərbaycanın gələcəyi ilə bağlı fikir və düşüncələrini yerli əhali ilə bölüşdülər.

Tədbirdə 3 akademik, 14 elmlər doktoru, professor, 30 fəlsəfə doktoru, dosent, 5 xarici ölkə səfiri, 17 tanınmış ziyalı (yazıçı, jurnalist, tədqiqatçı və s.) iştirak etdi, dövlətçiliyin, vətənpərvərliyin, azərbaycançılığın təbliği ilə bağlı keçirilmiş bu dərslərə AMEA-nın 17 əməkdaşı cəlb olundu.

Bu ilin Bilik günündə bir sıra yeniliklər etmək qərarına gəldik: tədbirin coğrafi məkanı genişləndi, mühazirəçilərimizin sayı artdı, məktəblərin sinif otaqları sırasına universitet auditoriyaları da daxil oldu.

Ən mühüm yenilik mühazirənin mövzusu ilə bağlıdır. Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, akademik Kamal Abdullayevin təşəbbüsü ilə mövzu bu cür adlandırıldı: "Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir".

Bu gün dünyada gedən proseslər, siyasi və iqtisadi böhran, Avropa məkanında baş verən təhlükəli hadisələr fonunda müstəqil Azərbaycanın bütün sahələrdə dinamik inkişafı, ölkədə hökm sürən siyasi sabitlik, əhalinin durmadan yüksələn rifahı, demokratik dövlət quruculuğunda qazanılan uğurlar dünyaya nümunədir. Prezident İlham Əliyev multikulturalizmin azərbaycanlının həyat tərzi olduğunu bəyan edib. Hazırda multikulturalizm siyasi müstəviyə keçib. Bunun üçün ulu öndər Heydər Əliyevə borcluyuq. Məhz ümummilli lider Azərbaycan multikulturalizminin siyasi banisidir.

Əhalinin, xüsusilə də gənc nəslin bu sahədə maarifləndirilməsi olduqca önəmlidir. Bilik Fondunun təqdim etdiyi mövzu layihədən faydalanan minlərlə məktəbli, tələbə, təhsil işçisi, yerli ziyalı tərəfindən böyük maraqla qarşılandı. Həm mühazirəçilər, həm də dinləyicilər arasında keçirdiyimiz sorğu bunu deməyə əsas verir.

- Bilik günü ilə bağlı layihə iştirakçıları - təhsil ocaqları və burada dərs deyəcək alimlər, yazarlar, jurnalistlər hansı meyarlara əsasən seçilir?

- Hazırlıq işlərinə iki ay öncə başladıq. Bilik Fondunun şəhər və rayon nümayəndələri arasında sorğu keçirməklə və ötən ilin Bilik günündən sonra yerlərdən daxil olmuş çoxsaylı müraciətləri nəzərə almaqla orta və ali məktəblər müəyyənləşdirildi. Mövzuya müvafiq olaraq, siyahıya ilk növbədə müxtəlif xalqların nümayəndələrinin təhsil aldıqları məktəbləri daxil etdik.

Növbəti mərhələdə təhsil müəssisələrində dərs aparacaq və mühazirə deyəcək lektorlar müəyyən edildi. Siyahı Bilik Fondunun Himayəçilik Şurasının üzvlərinin, AMEA-nın elmi-tədqiqat institutlarının, ali məktəblərin, idarə və təşkilatların rəhbər işçilərinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təklifləri əsasında tərtib edildi və Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti ilə razılaşdırıldı. Seçimdə əsas meyar isə namizədin Heydər Əliyev irsinin tədqiqi və təbliği sahəsində əldə etdiyi təcrübə, multikulturalizmə dair biliklərinin zənginliyi, ictimai fəaliyyətinin dolğunluğu olmuşdur.

"Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir" mövzusunda dərs ölkənin 7 bölgəsində 71 rayon əhatə olunmaqla 144 orta ümumtəhsil məktəbində, o cümlədən 33 kənd, 17 qəsəbə, 61 rayon mərkəzi və 33 şəhər məktəbində keçirilmişdir. Bunlardan 18-i qaçqın və məcburi köçkün, 13-ü sərhədyanı bölgə məktəbləridir. Eyni mövzuda mühazirə paytaxtda və bölgələrdə fəaliyyət göstərən 16 ali məktəbdə dinlənildi. Həmin gün layihəyə Bilik Fondunun artıq 7 aydır ki, Rus Provoslav Kilsəsində təşkil etdiyi Azərbaycan dili kurslarının dinləyiciləri də qoşuldular. 

Məktəblərdə mühazirələrə 158 nəfər, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının 5 həqiqi və müxbir üzvü, 24 professor və elmlər doktoru, 74 dosent və fəlsəfə doktoru, 53 tədqiqatçı və mütəxəssis, 2 xarici ölkənin yüksək rütbəli diplomatları qatıldılar.

Təhsil ocaqlarında layihənin ideya müəllifi, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin, akademiklər Möhsün Nağısoylunun və Vaqif Abbasovun, əməkdar müəllim Əjdər Ağayevin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədovun, millət vəkili Aydın Mirzəzadənin, Rus Provoslav Kilsəsinin Arxiyepiskopu Aleksandr Şeyninin, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevin,  Alban-Udi Xristian İcmasının sədri Robert Mobilinin, "Ronahi" Kürd Mədəniyyət Mərkəzinin sədri Fəxrəddin Paşayevin,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavinləri Gündüz İsmayılov və Səyyad Aranın mühazirələri böyük maraqla qarşılandı.

Bilik günündə gənclər tanınmış jurnalistlərlə də görüşdülər. Sinif otaqlarında və auditoriyalarda Etibar Babayevin, Hikmət Babaoğlunun, Vüqar Rəhimzadənin, Bayram Hüseynzadənin, Elçin Vəliyevin, Tamxil Hacıyevin mühazirələri dinlənildi.

AMEA-nın 57 əməkdaşının dərslərdə iştirakı tədbirin intellektual səviyyəsinin ən bariz göstəricisidir.

- Dərs və mühazirələrin səviyyəsini, doğurduğu nəticələri hansı üsulla müəyyənləşdirirsiniz? Yəni layihənin effektivliyini yoxlamaq üçün monitorinq aparacaqsınızmı?

- Bilik Fondunun Perspektiv inkişaf və layihələrin monitorinqi qrupu Bilik günündə orta və ali məktəblərdə keçirilmiş dərslərin hərtərəfli təhlili üzərində işləyir. Biz mühazirəçilər, yerli nümayəndələrimiz, məktəb direktorları və dinləyicilər arasında sosioloji sorğu keçiririk. Dərsin təşkili səviyyəsi, məruzəçinin məlumatları düzgün və dolğun şəkildə auditoriyaya çatdırmaq bacarığı, dinləyicilərin maraq və fəallıq dərəcəsi barədə məlumatlar toplanır, təhlil edilir və ümumiləşdirilir.

Monitorinqdən əldə etdiyimiz nəticələr "İlboyu bilik" proqramının təkmilləşdirilməsi, gələcəkdə keçiriləcək tədbirlərin daha yüksək səviyyədə təşkili üçün olduqca vacibdir. 

- Bilik Fondu yarandığı gündən əhali ilə sıx təmasdadır. Necə düşünürsünüz, bizim cəmiyyətdə daha çox hansı mövzular ətrafında müzakirələr aparılmalı, hansı sahələr üzrə maarifləndirmə işi genişlənməlidir?

- Bu gün əhalinin bir sıra sahələrdə maarifləndirilməsinə böyük ehtiyac var. Keyfiyyətli insan potensialına nail olmaq istəyiriksə, təhsildən yayınma hallarına son qoymalı, yeniyetmə və gəncləri pis vərdişlərdən uzaqlaşdırmalı və onları sağlam həyat tərzinə sövq etməli, gənc nəslə dövləti maraqları şəxsi maraqlardan, milli-mənəvi dəyərləri yabançı dəyərlərdən üstün tutmağı, həm maddi, həm də mənəvi milli sərvətlərimizin qədrini bilməyi, xalqına və dövlətinə sadiq vətəndaş kimi yaşayıb-yaratmağı öyrətməliyik.

İlk növbədə ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsinə, banisi olduğu azərbaycançılıq məfkurəsinin geniş təbliğinə, dövlət siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi həyatda baş verən hadisələrin mahiyyətinin açıqlanması və əhalinin bütün təbəqələrinə çatdırılmasına xüsusi önəm verilməlidir.

Gəlin kitab haqqında danışaq. Bilik səviyyəsi yüksək, mənəvi dünyası zəngin olan cəmiyyətdə kitaba münasibət birmənalı olmalıdır: yalnız müsbət. Kitab bilik mənbəyi kimi tanınırsa, kitabxana bilik məbədinə çevrilməlidir. İnkişaf etmiş dünya ölkələrində elektron informasiya vasitələrinin geniş fəaliyyətinə baxmayaraq, kitaba münasibət dəyişməmişdir: kitab oxunur, təbliğ olunur, kitabxanalar xidmət mədəniyyətini yüksəltməklə və xidmət formalarını təkmilləşdirməklə oxucuları özlərinə cəlb edirlər.

Bilik Fondu kitabın, bədii mütaliənin təbliği istiqamətində ciddi addımlar atmaq niyyətindədir. "Ev kitabxanası" və "Məscid kitabxanası" layihələri, "İmzalı görüş", "Qiraət istirahətdir", "Oxuyaq və oxudaq" adlı tədbirlərimiz məhz bu qəbildəndir. Ölkənin müxtəlif bölgələrində həyata keçirdiyimiz layihələr çərçivəsində yarış və müsabiqə qaliblərini kitablarla mükafatlandırırıq, könüllülərimiz ailələrə və evlərə kitablar paylayırlar, dini ocaqlarda kitab fondunun yaradılmasına başlamışıq.

Bilik günündə mühazirələrə qatılmış alim və

 yazıçılarımız gəncləri maarifləndirməklə yanaşı, onlara çoxlu sayda kitablar da hədiyyə ediblər.

Biz kitabın təbliği sahəsində yaradıcı adamlarla, ziyalılarla, kitabı yüksək dəyərləndirən hər bir kəslə əməkdaşlığa hazırıq.

- Bildiyimiz kimi, bölgələrdə Bilik evləri açmağı planlaşdırırsınız. Fondun mətbuat xidmətinin yaydığı məlumata görə, artıq iki rayonda belə evlər fəaliyyətə başlayır. Bəs başqa bölgələrdə vəziyyət necədir? 

- Qax və Oğuz rayonlarında Bilik evlərinin fəaliyyəti üçün hər bir şərait yaradılıb. Əhali arasında keçirilmiş sorğunun nəticəsi olaraq, Bilik evlərində "Ədəbi işçi", "İngilis dili", "Rus dili", "Kompüter operatoru və kargüzarlıq", hətta "Avtomobil elektriki" kursları təşkil edilir. Təlimçi qismində yerli mütəxəssislərdən istifadə ediləcəkdir. Dinləyicilər üçün paytaxtdan ezam edilən peşəkarların ustad dərslərinin təşkili mütləq şərtdir. Təlimlər ödənişsiz əsaslarla və hətta yüksək göstəriciləri ilə fərqlənən dinləyicilərə təqaüd ödəməklə həyata keçiriləcək. Bilik evlərində müxtəlif mövzulu "dəyirmi masa"lar da təşkil olunacaq. Yaxın gələcəkdə Astara rayonunda Bilik evi açılacaq. Bərdə, Zərdab, Xaçmaz, Şamaxı, İsmayıllı və bir çox digər rayonlar üzrə nümayəndələrimizin məlumatına görə, yerli əhali bu bölgələrdə Bilik evlərinin fəaliyyətə başlamasında çox maraqlıdır.

- Bilik günündə baş tutmuş mühazirələrdən sonra jurnalistlərin lektorlarla söhbətindən belə məlum olur ki, əsasən bölgə əhalisi, xüsusən də yerli ziyalılar və gənclər belə görüşlərin tez-yez keçirilməsini arzulayırlar. Bu arzunu həyata keçirmək üçün daha hansı layihələriniz var?

- "Kitabi-Dədə Qorqud" dastanlarının alman alimi və diplomatı Haynrix Fridrix fon Dits tərəfindən aşkarlanaraq tanıdılmasının 200 illiyi ilə əlaqədar ölkə Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 iyul 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Fəaliyyət Proqramındakı bir sıra tədbirlərin həyata keçirilməsi Bilik Fonduna həvalə olunub.

"Kitabi-Dədə Qorqud" və Haynrix Fridrix fon Dits haqqında elmi-populyar və araşdırma filminin çəkilməsi, dastanın miniatür və hədiyyəlik nəşrinin hazırlanması, Xocavənd rayonunun Nərgiztəpə ərazisindəki Qaraca Çobanın və Qax rayonundakı Kürmük məbədi ətrafında Bəkilin məzarlarının əbədiləşdirilməsi, respublikanın müxtəlif bölgələrində və xarici ölkələrdə "Kitabi-Dədə Qorqud"la bağlı mühazirələrin, yerli və xarici məktəb şagirdlərinin əl işləri və rəsmlərindən ibarət sərginin və qorqudşünaslığın 200 illik yubileyinə həsr olunmuş şagird beynəlxalq elmi konfransının təşkili bu tədbirlər sırasındadır.

Prezident İlham Əliyev bu barədə müvafiq sərəncam imzaladıqdan dərhal sonra tədbirlərə başlamışıq. Beynəlxalq Kollokvium, Beyləqan, Xocavənd və Zaqatalada alim, tələbə, şagird elmi konfransları keçirmişik, müxtəlif bölgələrdə tədqiqatçıları araşdırmalara cəlb etmişik. Bu tədbirlərin işıqlandırılmasında mətbuatın rolu böyükdür. KİV nümayəndələrinə təşəkkürümüzü bildiririk.

- Bilik Fonduna ölkə əhalisinin maarifləndirilməsi işində uğurlar arzulayır, elmi biliklərin Bilik günündə yaşanan təntənəsinin davamlı olacağına ümid bəsləyirik.

- Dövlət başçısı cənab İlham Əliyev insanlarımızın təfəkkürünün, düşüncəsinin ölkəmizin potensialının yüksəldilməsinə istiqamətlənməsinin ən böyük qazanc olduğunu dəfələrlə vurğulayıb. Azərbaycan vətəndaşlarının ölkənin daxili və xarici siyasətini, aparılan islahatların mahiyyətini, görülən işlərin nəticələrini açıq-aydın dərk etməsi və dəyərləndirməsi çox vacibdir. Gələcəyi qurmaq, dəyərlərimizi yaşatmaq üçün.

Tərəqqipərvər cəmiyyətin alim sözünə, ziyalı kəlməsinə hər zaman ehtiyacı olub. Bu gün də var. Öyrənməkdən çəkinməyək, öyrədərək öyrənməkdən isə şərəf duyaq. Yalnız onda biliyin təntənəsi sonsuz ola bilər.

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov