Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 Oktyab 2015 - №36

 

Naxçıvan Muxtar Respublikasının təhsil naziri tələbələrlə görüşüb

 

Böyütmək üçün seçinNaxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı "Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında" sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tədbirlər planı hazırlanmışdır. Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev və nazirliyin əməkdaşları həmin sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Dövlət Universitetinin pedaqoji profilli hamiliyə götürülmüş ixtisaslarında təhsil alan tələbələrlə görüş keçirib.

Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq, Azərbaycanda təhsilin inkişaf strategiyasından, ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamından danışıb. Qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti tarixi inkişaf yolu keçən, çoxillik ənənələrə söykənən, yüksək ixtisaslı mütəxəssislər yetişdirən, güclü maddi-texniki bazaya malik olan, beynəlxalq əlaqələrini günbəgün genişləndirən ali təhsil ocağıdır. Rektor 27 iyul 2015-ci il tarixli sərəncamın təhsil tarixindəki mühüm əhəmiyyətindən danışıb.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev tədbirdə çıxış edərək vurğulayıb ki, bu gün muxtar respublikamızda təhsilə diqqət və qayğı ən yüksək səviyyədədir. Yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, onların yüksək maddi-texniki baza və ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchizatı bu qayğının bariz nümunəsidir. Nazir Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı "Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında" sərəncamın ali və orta ixtisas təhsili müəssisələri, nazirliklər, komitələrlə belə əlaqəli tədbirlər, bilik və təcrübə mübadiləsi, mövcud problemlərin aradan qaldırılması, gələcək pedaqoji fəaliyyət prinsiplərinin düzgün müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Ali və orta ixtisas məktəblərinə həm sənədvermə, həm də qəbulun nəticələrinin ilbəil yaxşılaşdığını vurğulayan təhsil naziri qeyd edib ki, 2014-cü ildə 117 ümumtəhsil məktəbinin məzunları qəbul imtahanlarında yüksək nəticələr göstərmişdisə, 2015-ci ildə belə məktəblərin sayı 129-a çatıb. Piri Nağıyev vurğulayıb ki, 2015-ci ildə 1137 nəfər, yaxud qəbul olanların 72 faizi Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəssisələrini seçib. Nazir bir faktı da diqqətə çatdırıb ki, bu il yüksək balla ali məktəbə qəbul olaraq Prezident təqaüdünə layiq görülən 8 tələbənin 4-ü Naxçıvan Dövlət Universitetinin tələbəsidir.

Tədbirdə muxtar respublikada müəllim əməyinin qiymətləndirilməsinin daim diqqət mərkəzində saxlanıldığını nəzərə çatdıran Piri Nağıyev vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında" 2015-ci il 22 iyun tarixli Sərəncamı müəllim əməyinə, ümumilikdə, təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Sonda nazir tələbə-gənclərə vətənpərvər, dövlətçiliyə və xalqa sədaqətli gənc nəsil kimi yetişmələrini arzulayaraq onlara, bu yolda uğurlar diləyib.

Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Məmməd Qəribov bildirib ki, Təhsil Nazirliyinin əməkdaşları sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı dəfələrlə Naxçıvan Dövlət Universitetində olaraq tələbələrlə görüşüb və onlarla söhbətlər aparıb, kurikuluma aid metodiki vəsaitlər, nazirliyin tabeliyində olan ümumtəhsil məktəbləri haqqında yazılı məlumatlar tələbələrə paylanılıb.  

Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov