| 
						
						
						 Sentyabrın 
						22-də Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq 
						Sarayının Təsviri sənət qalereyasının əsaslı təmirdən 
						sonra açılış mərasimi keçirilib. 
						
						Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, 
						Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət 
						Universitetinin rektoru Fərəh Əliyeva, məktəblilər və 
						media nümayəndələri iştirak ediblər. 
						
						Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının 
						Təsviri sənət qalereyası 1983-cü ildə ulu öndər Heydər 
						Əliyevin təşəbbüsü ilə yaradılıb. Əsaslı təmirdən sonra 
						qalereya ən müasir təlim avadanlıqları ilə təchiz olunub 
						və burada şagirdlərin təsviri sənətin sirlərinə 
						yiyələnməsi üçün lazımi şərait yaradılıb. Yeni üslubda 
						ümumi bir mərkəz funksiyasını yerinə yetirəcək qalereya 
						məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsi, 
						onların müasir rəssamlıq ənənələri əsasında inkişafı 
						baxımından mühüm əhəmiyyət kəsb edir. 
						
						Qalereyada həmçinin, şagirdlərin yaradıcılıq məşğələləri 
						və sərgilərin keçirilməsi üçün 7 salon mövcuddur. 
						Qalereyada "Qrafika və rəngkarlıq", "Rəqəmsal təsvir" 
						dərnəkləri fəaliyyət göstərəcək. Yeni yaradılan 
						"Rəqəmsal təsvir" dərnəyinin məqsədi təsviri sənət 
						ənənələrini qoruyub saxlamaqla kompüter vasitəsilə 
						təsvirlərin yaradılmasını öyrətməkdir. Bu dərnəklər 5-16 
						yaşlı məktəblilərin qrafika və rəngkarlıqla məşğul 
						olması üçün nəzərdə tutulub. Eyni zamanda qalereyada 
						respublika əhəmiyyətli müxtəlif sərgi, müsabiqə və ustad 
						dərsləri də təşkil olunacaq. 
						
						Mərasimdə qalereyanın açılışı münasibətilə Bakı 
						şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəbləri və 
						yaradıcılıq mərkəzlərinin dərnək üzvləri arasında 
						keçirilən, təsviri sənətin bütün janrlarını özündə əks 
						etdirən rəsm sərgisi nümayiş olunub. Sərgidə 6-18 yaş 
						arası uşaq və gənclər iştirak edib. Sərgi "Mənim şəhərim 
						- Azərbaycan inciləri", "Milli irsimiz - dekorativ 
						tətbiqi sənət nümunələri", "Azərbaycan nağılları 
						uşaqların gözü ilə" mövzularını əhatə edib. 
						
						Mərasim iştirakçıları "Çiçəyim" uşaq teatrı üzvlərinin 
						ifasında mahnı və şeirlər dinləyiblər.   
						
						www.edu.gov.az |