Sentyabrın
22-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU)
bu təhsil müəssisəsi ilə Azərbaycan Respublikası
Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət
Komitəsi (QKDK) arasında imzalanmış memorandum
çərçivəsində yaradılmış Maliyyə laboratoriyasının
təqdimatı keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan
Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsinin sədri Rüfət Aslanlı, ADİU-nun rektoru
Ədalət Muradov, universitetin müəllim və tələbə heyəti,
eləcə də digər qonaqlar iştirak ediblər.
ADİU-nun rektoru Ədalət Muradov tədbiri giriş sözü ilə
açaraq iştirakçıları salamlayıb. Rektor yeni
laboratoriyanın yaradılmasındakı dəstəyinə görə Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsinə təşəkkür edib.
QKDK-nın sədri Rüfət Aslanlı çıxışı zamanı ADİU ilə
komitə arasında yaradılan səmərəli əməkdaşlıqdan,
qarşılıqlı əlaqələrdən, universitet tələbələrinin bilik
və bacarıqlarının artırılmasında, onların yüksək
ixtisaslı kadr kimi hazırlanmasında rəhbərlik etdiyi
qurumun rolundan danışıb.
Bakı Fond Birjası İdarə Heyətinin sədri Fariz Əzizov
"Maliyyə laboratoriyasının texniki imkanları və
funksiyaları" mövzusunda çıxış edib. Bildirilib ki,
laboratoriyada tədris-tədqiqat sahəsi yaradılıb.
Qiymətli kağızlar və kapital bazarları mövzusunda 4
dildə çap edilən kitablar tələbələrin istifadəsinə
verilib.
Təhsil naziri Mikayıl Cabbarov ADİU-nun müəllim və
tələbə heyətini Maliyyə laboratoriyasının istifadəyə
verilməsi münasibətilə təbrik edərək bu işdə əməyi
olanlara təşəkkürünü bildirib. Nazir yeni
laboratoriyanın tələbələrin maliyyə biliklərinin daha da
artırılmasında mühüm rol oynayacağını qeyd edib.
Daha sonra universitetdə yeni yaradılan "Elektron
universitet" modeli barədə məlumat verilib. Təhsil
ocağında yeni sistemin tətbiqi nəticəsində kağız
jurnaldan istifadə edilmədiyi bildirilib. Sistemin
bazasına universitetdə təhsil alan bütün tələbələr,
dərsləri tədris edən müəllimlər haqqında məlumat, dərs
cədvəlləri, fənn üzrə qruplar, təqvim-tematik planlar,
tələbələrin fərdi tədris planı və məzunlar haqqında
məlumatlar daxil edilib.
Qonaqlar SABAH qrupları tələbələrinin tədris
auditoriyaları və yaradılan şəraitlə də tanış olublar.
Universitetdə yeni yaradılmış onlayn "RADİO UNEC" ilə
tanış olan Mikayıl Cabbarov və Rüfət Aslanlı radionun
ilk qonaqları olaraq müsahibə verib, dinləyicilərə
təbriklərini çatdırıblar. |