Azərbaycan ilə İtaliya arasında təhsil sahəsində
əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş
imkanlar var.
Bu sözləri Azərbaycanın təhsil naziri,
Azərbaycan-İtaliya Universitetlərarası Forumun
iştirakçısı Mikayıl Cabbarov AZƏRTAC-ın xüsusi müxbirinə
müsahibəsində deyib.
Forumun gündəliyində duran məsələlər barədə danışan
nazir diqqətə çatdırıb ki, Azərbaycanın ali təhsil
müəssisələrinin beynəlxalq əlaqələrini genişləndirməsi,
qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi
inkişafa nail olmağın mühüm istiqamətidir.
M.Cabbarov tədbirin ölkələrimiz arasında təhsil
sahəsində əməkdaşlığın yeni istiqamətlərinin
müəyyənləşdirilməsi baxımından böyük önəm daşıdığını
deyib. Nazir bildirib ki, Azərbaycanın uğurlu
sosial-iqtisadi inkişafı İtaliyanın aparıcı ali təhsil
ocaqlarını ölkəmizin müvafiq qurumları ilə əməkdaşlıq
etməyə, birgə tədris proqramlarının tətbiqinə
həvəsləndirir. |