Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2015 - №35

 

Xarici mətbuatdan

 

Nyu-Yorkda kompüter dərsləri icbari olacaq 

10 il ərzində 5 minə yaxın müəllim hazırlanacaq 

Amerika Birləşmiş Ştatlarının  Nyu-York şəhərinin bütün məktəblərində  bundan sonra kompüter elmləri üzrə dərslərə başlanılacaq. Beləliklə də şagirdlər proqramlaşdırma  ilə daha geniş surətdə  məşğul olacaqlar.   Nyu-Yorkun meri Bill de Blazio bəyan edib ki,  yaxın on il ərzində  hər bir dövlət ümumtəhsil  müəssisəsi  proqramlaşdırma üzrə kurslar  açmalıdır.  Əvvəllər belə bir təşəbbüslə Arkanzas ştatının hakimiyyət orqanları, Çikaqo və San-Fransisko şəhərləri çıxış edib.  Orta və böyük məktəb şagirdləri üçün kompüter elmləri dərsləri fakültativ olacaq.

İlkin hesablamalara görə, planın həyata keçirilməsi Nyu-Yorka 18 milyon dollara başa gələcək: 10 il ərzində 5 minə yaxın müəllim öyrətmək lazım olacaq. Hələlik məbləğin ən azı yarısını hakimiyyət orqanları fərdi xeyriyyəçilərdən  almağı planlaşdırır.


Fransada xaricdə təhsilə diqqət artıb 

İctimai rəy sorğusunun nəticələri açıqlanıb 

Fransalı valideynlər öz övladlarının xarici ölkələrdə təhsil alması üçün kifayət qədər maliyyə vəsaiti xərcləməyə hazırdırlar. Ölkədə aparılmış rəy sorğularının nəticələrinə əsasən, valideynlərin 75 faizi nə qədər bahalı olsa belə övladlarının xarici universitetlərdə təhsil almasını istəyir. Respondentlərin 41 faizi övladlarının təhsili üçün ayda 300-500 avro xərcləməyə hazırdır. Harvard, Oksford, Kembric fransalı valideynlərin nəzərində uşaqlarına mükəmməl ali təhsil verəcək universitetlərdir. Fransalı valideynlərin 7 faizi isə xaricdə təhsilin elə də üstünlüklərini görmürlər. Xaricdə təhsilin xeyrinə düşünənlərin 64 faizi bunu dil vərdişlərinin yaxşılaşdırılması imkanları ilə əlaqələndirir. 57 faiz isə xaricdə təhsili uğurlu karyera imkanları ilə bağlayır. Rəyi soruşulanların 77 faizi bütövlükdə uşaqlarının ikinci dili bilmədən işlə təmin oluna bilməyəcəyindən qorxur. "Le Figaro" qəzetinin yazdığına əsasən, fransalı valideynlər öz uşaqlarının daha çox ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya, İsveç, Almaniya, İspaniyada təhsil almasını istəyirlər.

 

Rusiyada dərsliklər internetdə yerləşdirilib 

Resurslardan müəllimlər və şagirdlər istifadə edə biləcək 

Rusiyada məktəb dərslikləri elektron formatda açıq istifadəyə verilib. "Uçitelskaya qazeta"nın məlumatına əsasən,  RF Təhsil və Elm Nazirliyi I-XI sinif  üzrə orta məktəb dərsliklərinin məzmununu İnternetdə açıqlayıb. "Rusiyanın təhsil" üzrə federal portalında müəllimlər üçün metodiki materiallar, məktəblilər üçün dərsliklər və öyrədici ədəbiyyat yerləşdirilib. Saytda  bütün baza və əlavə fənlər üzrə tədris planlarına dair 111 mindən artıq tədris və metodik materiallar  toplanıb.  Məktəblilərin, onların valideynlərinin və müəllimlərin diqqətinə təklif olunan bütün materiallar elmi tədqiqat institutları, təlim-tədris mərkəzlərinin və ali təhsil müəssisələrinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Yeri gəlmişkən,  portalda rus incəsənətinin şah əsərləri, həmçinin rus və xarici klassik musiqi əsərləri də əksini tapıb. Bəzi məlumatlar  Tretyakov qalereyasının fondlarından, Ermitajın, Rus muzeyindən və arxivlərdən   götürülüb.

 

Yaponiya ali təhsil sisteminə yenidən baxır 

Təhsil Nazirliyi yeni təşəbbüslə çıxış edib 

Yaponiyada ali təhsil sisteminə  yanaşmada yeniliklər baş verməkdədir. Ölkənin 20-dən artıq universiteti tədris proqramlarından humanitar və sosial elmləri  çıxarmağa qərar  verib. 

Yaponiyanın Təhsil Nazirliyi hesab edir ki, ali məktəblərin müəllimləri  cəmiyyətin tələbatlarına daha çox cavab verən elmlərə diqqət yönəltməlidir.  Ölkənin təhsil naziri Xakubun Simomura 60 milli universitetə  müvafiq göstəriş ünvanlayıb.

Ali məktəblərdən 26-sı bu göstərişi həyata keçirməyə razı olduğunu bildirib. Lakin bu qərar elmi dairələrdə heç də birmənalı qəbul olunmayıb.  Alimlərin çoxu qərara etiraz edib.  Yaponiya Alimləri Şurasının bəyanatında qeyd olunur ki,  humanitar və sosial elmlər ölkədə akademik biliklərə   ciddi töhfə verir.

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
xarici mətbuat materialları əsasında

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov