Oktyabrın 12-dən 15-dək Bakıda Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Geologiya və Geofizika
İnstitutunun təşkilatçılığı ilə AMEA-nın 70 illiyinə
həsr olunan gənc alim və tələbələrin "Geologiya və
geofizikanın problemlərinin həllində multidissiplinar
yanaşma" mövzusunda VI beynəlxalq elmi konfrans
keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirə qatılmaq
üçün 20 ölkədən 200-dən çox alim, doktorant və magistr,
həmçinin tələbə müraciət edib. Beynəlxalq tədbirdə 18
ölkədən 150 gənc tədqiqatçının iştirak edəcəyi
müəyyənləşdirilib. Hazırda konfransla bağlı təşkilati
işlər həyata keçirilir.
Tədbirin rəsmi açılış mərasimi akademiyanın əsas
binasında, geologiya və geofizikanın müxtəlif
istiqamətləri üzrə çıxış və təqdimatlar isə Geologiya və
Geofizika İnstitutunda olacaq. |