Hər
dəfə "müəllim" kəlməsini işlədərkən yadımıza, ilk
növbədə, ən yaxşı, ən sevimli müəllimlərimiz düşür. O
müəllimlərimiz ki, bir təbəssümü ilə qəlbimizi
işıqlandırmış, ürəyimizi kövrəltmişlər. O müəllimlərimiz
ki, tələb və tapşırıqları ilə bizi zirvələrə
yüksəltmişlər. Bizdə həmişə belə müəllimlər olmuş və
indi də yetərincədir. Bu gün belə müəllimlərdən biri də
Bakıdakı 73 nömrəli tam orta məktəbin ibtidai sinif
müəllimi Gülnaz Cəfərovadır. Gülnaz müəllim 1957-ci il
sentyabrın 2-də Daşkəsən rayonunun Qabaqtəpə kəndində
anadan olub. O, əslən Göyçə mahalının Qaraiman
kəndindəndir. Mənfur düşmənlərimizin xəyanətkarlığı
nəticəsində öz ata-baba yurdunu tərk edən yüzlərlə,
minlərlə soydaşımız kimi, onun da ata-babaları öz
ev-eşiklərindən didərgin düşüblər.
G.Cəfərova 1964-cü ildə Daşkəsən rayonunun Qabaqtəpə
kənd orta məktəbinin 1-ci sinfinə daxil olub, 1974-cü
ildə orta məktəbi əla qiymətlərlə bitirib. Elə həmin il
sənədlərini Lenin adına APİ-yə (indiki ADPU) verib və bu
ali məktəbin filologiya fakültəsinə qəbul olub. Orta
məktəbdə olduğu kimi, ali məktəbdə də ictimai işlərdə
fəal tələbələrdən olub. O, İsmayıl Şıxlı, Süleyman
Məmmədov, Məmməd Məmmədov, Xeyrulla Məmmədov kimi
professorlardan dərs alıb. 1978-ci ildə ali məktəbi
fərqlənmə diplomu ilə bitirən Gülnaz müəllim təyinatını
təhsil aldığı Daşkəsən rayon Qabaqtəpə kənd orta
məktəbinə alır. Və çox böyük məsuliyyətlə dərs aldığı
müəllimlərlə çiyin-çiyinə işləməyə başlayır. Gülnaz
müəllim gənc yaşlarında "Baş müəllim" adına layiq
görülür. Bu isə təbii olaraq onun özündən daha çox
vaxtilə ona dərs deyən müəllimləri sevindirir.
1985-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb.
Bir müddət Bakının Xətai rayonundakı 27 nömrəli tam
orta məktəbdə işlədikdən sonra 73 nömrəli tam orta
məktəbdə fəaliyyətini davam etdirir.
O, məktəbin açılış mərasimində qəsəbə sakinləri,
müəllimlər adından çıxış edərkən fəallığı və çıxışı
ilə ulu öndər Heydər Əliyevin diqqətini cəlb edib.
"Mənim ən böyük mükafatım şagirdlərimin mənə olan
məhəbbətidir. Onların şəfqət və məhəbbət dolu baxışları
mənim üçün hər şeydir", - deyən Gülnaz Cəfərova
müəllimlik sənətini ürəkdən sevir və böyük həvəslə
çalışır. Gülnaz müəllimin elmə, biliyə olan marağı
durmadan artıb və o yenidən sənədlərini ali məktəbə
vermək qərarına gəlib. Və belə də edib. O, vaxtilə
bitirdiyi ali məktəbdə ibtidai sinif müəllimi ixtisasına
yiyələnib və beləliklə, yolunu gələcəyimiz olan
körpələrlə davam etdirməyə başlayıb. Onun çoxlu sayda
yetirməsi hazırda cəmiyyətimiz üçün çox önəmli və
faydalı insanlardır. Onlar müxtəlif müəssisə və
təşkilatlarda çalışırlar və aralarında həkim, iqtisadçı,
polis, hüquqşünas kimi mütəxəssislər var. Bir çoxlarının
səsi isə respublikamızın hüdudlarından çox-çox
uzaqlardan gəlir. Yetirməsi Vüqar Quliyev hələ
təhsilini Türkiyə Respublikasında davam etdirir və bu
yaxınlarda ziyalı bir insan kimi Vətənimizə dönəcək.
Gülnaz müəllimə kimi, biz də onların hər biri ilə qürur
duyur və fəxr edirik.
Sinfindəki bütün uşaqlarla tək-tək maraqlanan, onların
hər birinin qayğısına yaxından qalan Gülnaz müəllim
sinfinin "ərköyünlərinin" nazını bir nənə kimi çəkməyi
də unutmur. Yetər ki, şagirdləri öz dərsləri ilə,
çalışqanlıqları ilə onu sevindirsinlər. Ömrünü balaca
fidanlara həsr edən müəllim bu körpələrin hər bir
suallarını çox həvəslə və aydın şəkildə, sevə-sevə
cavablandırır. Gülnaz müəllim bir oğlan, iki qız
anasıdır. Övladlarının hər üçü ali təhsilli və cəmiyyətə
yararlı bir övladdır.
Ömrünün 38 ilini gələcəyimiz olan gənclərimizə, onların
övladlarına həsr edən bir qadın üçün bu qədər çətin
işlərin öhdəsindən gəlmək elə də asan məsələ deyil. Bu
yolda Gülnaz müəllimə cansağlığı və uğurlar arzulayırıq.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |