Bakıdakı
236 nömrəli tam orta məktəbdə 15 sentyabr - Bilik günü
münasibətilə keçirilən tədbir Dövlət himninin səslənməsi
ilə başlayıb. Direktor Xanlar İmaməliyev məktəbin
qarşısına toplaşan birinciləri, onların valideynlərini,
bütün pedaqoji kollektivi təbrik edərək yeni tədris
ilində hər birinə uğurlar arzu edib. Direktor Prezident
İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan,
Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən və müasir
tələblərə cavab verən məktəblərdən, şagirdlərə yaradılan
şəraitdən danışıb. Bildirilib ki, bu il məktəbin
məzunlarının 65 faizi ali təhsil müəssisələrinə,
onlardan biri-Nihat Mirzəzadə 677 bal toplayaraq Qafqaz
Universitetinə qəbul olub. 6 nəfər 600-dən, 24 nəfər
isə 500-dən yuxarı bal toplayıb. X.İmaməliyev bu il
məktəbin birinci siniflərinə 274 şagirdin qəbul
olunduğunu söyləyib. Bildirib ki, onlardan 164-ü
Azərbaycan, 110-u isə rus bölməsinin şagirdləridir.
Direktor məktəbin şagirdlərinin tədris ili ərzində
keçirilən bilik yarışlarında, olimpiadalarda iştirak
etdiyini, 1 nəfərin qızıl, 1 nəfərin isə bürünc medal
qazandığını qeyd edib.
Məktəbin müəllimləri birinciləri və onların
valideynlərini ürəkdən təbrik edib, şagirdlərə
dərslərində uğurlar arzulayıblar.
Tədbir birincilərin ifasında səslənən şeirlər, musiqi
nömrələri ilə başa çatıb.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |