Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
Sentyabrın
15-də Böyük Britaniyanın "Quacquarelli Symonds" (QS)
konsaltinq şirkəti dünya universitetlərinin yeni
reytinq (QS World University Rankings 2015-2016)
cədvəlini açıqlayıb. Reytinq cədvəlində dünyanın 82
ölkəsindən olan universitetlər qərarlaşıb. 2004-cü
ildən etibarən nəşr edilən reytinq dünya
universitetlərinin fəaliyyətini artıq son 10 il ərzində
dəyişilməz olaraq qalan 6 əsas meyar (akademik nüfuz,
elmi məqalələrdən sitatgətirmə, müəllim-tələbə nisbəti,
işəgötürənlər arasında nüfuzu, əcnəbi müəllimlərin sayı
və əcnəbi tələbələrin sayı) üzrə qiymətləndirib.
Reytinq cədvəlinin hazırlanması gedişində 62 min
akademik cəmiyyət və 27 min işəgötürən arasında sorğu
aparılıb. Reytinqin obyektivliyini təmin etmək üçün QS
şirkəti dünyanın 2 mindən artıq ali məktəbinin
fəaliyyətini dəyərləndirib, onların arasından ən
yaxşılarını seçib.
Amerikanın Massaçusets Texnologiya İnstitutu (MIT)
artıq 4-cü ildir dünyanın ən yaxşı universitetlərinin
reytinq cədvəlinə başçılıq edir. Ötən reytinqdə dördüncü
olan Harvard bu dəfə 2-ci yerə keçib. Kembric və
Stenford universitetləri 3-cü yeri bölüşüblər. İlk
beşliyin sonunda bir il əvvəl 8-ci olan Kaliforniya
Texnologiya İnstitutu yerləşib. İlk dəfə olaraq ən
yaxşı 10 universitet sırasında İsveçrənin Sürix
Texnologiya İnstitutu da yer ala bilib. Bütövlükdə
reytinqdə ABŞ 152, Böyük Britaniya 71, Almaniya 43,
Fransa 41, Yaponiya 38, Avstraliya 33, Çin 30, Kanada
və İtaliya hərəsi 26, Braziliya 22, Rusiya 21 ali
məktəblə təmsil olunub.
Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universiteti
nüfuzlu reytinq sıralamasında öz mövqeyini
yaxşılaşdırmağa nail olaraq ötənilki 114-cü yerdən
108-ci yerə keçə bilib.
Dünya universitetlərinin nüfuzlu reytinq sıralaması
ilə daha ətraflı
www.topuniversities.com/qs-world-university-rankings
səhifəsindən tanış olmaq olar.
|