Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2015 - №35

 

ABŞ universitetlərinin idarə edilməsı

 

Əfqan ABDULLAYEV,
filologiya elmləri doktoru, professor

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın (23 oktyabr 2013-cü il) və bu Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının təsdiqi (19 yanvar 2015-ci il) təhsilimizin inkişafında mühüm addım olaraq tarixə düşdü. Hər iki dövlət sənədində əsas məqsədlərdən biri kimi təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması nəzərdə tutulur. Bu da təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması kimi hədəfləri əhatə edir. Strategiyada inkişaf etmiş ölkələrin təcrübəsi nümunə götürülərək təhsildə idarəetmənin ictimailəşməsi prosesinin sürətlənməsi önə çəklib. "Bu, ilk növbədə, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılmasını, valideyn, şagird, tələbə və təhsil prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunmasını, nəticəyönlü menecmentin və digər müasir idarəetmə texnologiyalarının prosesə tətbiqini tələb edir".

Azərbaycan Respublikasının təhsil naziri hörmətli Mikayıl Cabbarov öz müsahibələrinin birində qeyd etmişdir ki, müasir dövrümüzdə insanlar, daha geniş çevrədə dövlətlər və nəhayət, bəşəriyyət bir şeyi aydın dərk edib ki, təhsil fenomeni dünyanın yeni inkişaf trendlərini müəyyən edir. Bu, dünən də belə olmuşdur, bu gün də belədir, gələcəkdə də belə olacaqdır.

İdarəetmənin vahid və hamının qəbul etdiyi bir tərifi yoxdur. Ancaq bir məsələ aydındır: bu bir strukturdur, hüquqi münasibətlərdir, hakimiyyət formasıdır, vəzifə və məsuliyyətdir, qərar qəbuletmə formasıdır və əlbəttə, hesabatlılıqdır. İdarəetmənin administrativ qərar qəbuletmədən fərqi isə ondadır ki, idarəetmə administrativ qərar qəbul etmədən əvvəl gəlir və siyasəti müəyyənləşdirir. Sonrakı mərhələdə artıq administrasiya işə düşür. Bu proses eynilə ali təhsil müəssisələrində də baş verir.

Böyütmək üçün seçinAli təhsilin idarə olunması ölkədən ölkəyə fərqlənir. Burada əsas rolu ölkənin (eləcə də universitetin) ümumi tarixi, müstəqillik tarixi, yerləşdiyi region, milli xüsusiyyətləri, milli-mənəvi dəyərləri oynayır. Məhz bu müddəaları nəzərə alaraq ali təhsilin idarə olunmasının ABŞ təcrübəsinin oyrənilməsi fikrimizcə maraqlı olardı, xüsusilə də ali təhsil sahəsində çalışanlar üçün.

ABŞ ali təhsilinin bu gün dünyada oynadığı lider rolunu nəzərə alaraq (Nobel laureatlarının təxminən yarısının ABŞ-dan olması, dünyanın 10 ən yaxşı universitet sıralanmasında əsasən ABŞ universitetlərinin olması buna bariz nümunədir), ABŞ universitetlərində idarəetmənin xüsusiyyətlərini, xüsusilə də universitetin əsas idarəedicisinin - universitet prezidentlərinin (rektorlarının) işinin xüsusiyyətləri haqqında məlumat vermək yerinə düşərdi.

ABŞ universitetlərinin rektorlarından (prezidentlərindən) söz düşəndə onları akademik sahənin "qurbanları" adlandırırlar. Onlar günün 24 saatını, həftənin 7 gününü tələbələrin sonu bitməyən arzu-təklifləri, akademik keyfiyyətin yüksəldilməsi, universitet büdcəsinin balanslaşdırılması, universitetin imicinin yüksəldilməsi, yerli və federal hökumətlə əlaqələrin normallaşdırılması işinə həsr edirlər.  Məhz bu cür idarəetmə ABŞ universitetlərini digər ölkə universitetlərindən fərqləndirir. Bu fərqli xüsusiyyətlər nədir?

1) Ali təhsilin əmək bazarının ehtiyaclarına istiqamətlənməsi, xüsusilə işəgötürənlərin gözləntilərinin, tələblərinin ödənilməsi, 2) Tələbələrin seçdikləri ixtisaslar üzrə lazımi bilik və bacarıqlara yiyələnmələri üçün hər cür şərait yaratmaqla bərabər, onlara iş tapmaq üçün, karyera qurmaları üçün lazımi səriştələrin aşılanması. Hər bir universitetdə universitet strukturunun əsas bir bölməsi kimi karyera mərkəzləri bu sahədə əvəzsiz fəaliyyət göstərir. 3) Tələbələrin universitet idarəedilməsində əsl söz sahibi olmaları və demokratik təhsil mühitininn olması, 4) Müəllim-tələbə münasibətlərinin yüksək formada olması və s.

ABŞ ali təhsilinin idarə olunmasının əsas fərqləndirici cəhəti bir də idarəetmənin rəngarəngliyidir. Hər bir idarəetmə forması həmin təşkilatın unikal tarixini və tələbatlarını özündə əks etdirir. İdarəedən qurumlar (Qəyyumlar Şurası, Universitet Senatı, Məşvərət Şurası, Tələbə İdarəetmə Assosiasiyaları və s. ) mərkəzləşdirilmiş deyil, avtonomluq prinsipinə söykənir. 1966-cı ildə Amerika Universitet Professorları Assosiasiyasının, Amerika Təhsil Şurasının və Universitet və Kolleclərin İdarə Şuraları Assosiasiyasının birgə razılığı ilə demokratik idarəetmənin prinsipləri qəbul edilmişdir. ABŞ ali təhsilində idarəetmə nə qədər demokratik olsa da, bütün idarəedənlərin bir ümdə vəzifəsi var: işlədiyi müəssisənin maraqlarını qorumalı, cəmiyyətdə ona bir inam yaratmalı, keyfiyyətli təhsil verən bir tədris ocağı imici formalaşdırmalıdır.

İdarəetmədə iştirak edən hər bir qurum - ayrı-ayrı fərdlərdən tutmuş şuralara qədər hamı bir-birinə hesabatlı durumdadır, aşağı qurum yuxarı qurum qarşısında sözün əsl mənasında cavabdehlik, məsuliyyət daşıyır. 

Hamıya məlumdur ki, ali təhsil müəssisəsində əsas idarəedən şəxs onun rəhbəridir - rektordur. Amerika universitetlərində onlara "prezident", bəzi ştatlarda "kansler" (chancellor)  deyilir. Bu şəxs Universitet Qəyyumlar Şurasının müəyyən etdiyi siyasəti yerinə yetirir. Universitet prezidentinin rolu ondan yuxarıdakı quruma -Qəyyumlar Şurasına təkliflər verməkdir və o həmin Şura qarşısında cavabdehlik daşıyır. 

XX əsrin əvvəllərinə qədər universitetin idarə edilməsində universitet əməkdaşlarının, professor-müəllim heyətinin rolu nəzərə alınmırdı. 1915-ci ildən başlayaraq idarəetmədə professor-müəllim heyətinin iştirakının prinsipləri Amerika Universitet Professorları Assosiasiyası tərəfindən işlənib hazırlandı və həmin vaxtdan hər bir universitet üzvü akademik qərarların qəbul edilməsi üçün təkliflər verə bilər. Tələbələrin idarəetmədə iştirakı ştatlardan asılı olaraq bu və ya digər dərəcədə fərqlənir. Bəzi ştatlarda (məsələn, Kaliforniyada) tələbənin idarəetmə şuralarının üzvü olması qanunla tənzimlənir.

Universitet rektorlarının əsas iki qərar qəbuletmə sferası vardır - universitetdaxili və universitetxarici. Universitetdaxili qərarlara strateji planlaşdırma, maliyyə-büdcə məsələləri, administratorların, professor-müəllim heyətinin, xidmət personalının seçilməsi, akademik proqramların, dərəcələrin, fənlərin, tələbə qəbulu və məzunluq məsələlərinin, maaş təyini, idman, tələbə problemləri, elmi-tədqiqat, qrantlar, tibbi xidmət, təhlükəsizlik xidmətləri və s. daxildir.

Rektorun universitetxarici fəaliyyətinə isə idarəetmə orqanları ilə, məzunlarla, donorlarla, yerli və federal hökumətlə, qeyri-hökumət təşkilatları ilə, assosiasiyalarla, kompaniyalarla işlər daxildir. O universitet rektoru  müvəffəqiyyət qazanır ki, o, daxili təzyiqlərə, maneələrə dözür və onları neytrallaşdıra bilir, eyni zamanda universiteti xarici təsirlərdən qoruyur.      

379 illik ali təhsil tarixi olan ABŞ əhalisi bu gün 316 milyon nəfərdir. Bu 316 milyon əhalinin yaş bölgüsü belədir: 6,3% 4 yaşa qədər olanlar, 13,1%  5-14 yaşı olanlar, 6,8%  15-19 yaşa qədər olanlar,  7,2%  20-24 yaşa qədər olanlar, 26,3% 25-44 yaşa qədər olanlar, 26,3% 45-64 yaşlılar və 14,2%  65-dən çox yaşı olanlar. 27,8%-in orta məktəb təhsil var, 21,1%-in natamam kollec təhsili var, 8,1%-in peşə dərəcəsi (adətən ikiillik təhsildən sonra verilən dərəcə) var, 18,4%-in bakalavr dərəcəsi var, 7,9% magistr dərəcəsi var, 1,3%-in isə doktorluq dərəcəsi var.

2014-2015-ci tədris ilində 3265460 nəfər orta məktəbi qurtarmalıdır. 2012-ci ildə orta məktəbi qurtaranların 81%-i ali təhsillərini öz yaşadıqları ştatda almağa üstünlük verib. Orta məktəbdən yayınma 4,2%-dir.  Ali təhsil müəssisələrində 17506000 bakalavr, 2911547 magistr təhsil alır. Bu tələbələrin 72%-i dövlət universitetlərində oxuyur. Bütün tələbələrin 61,7%-i əyani təhsil formasından (Full-time) istifadə edir. Keçən ildə ABŞ universitetlərində məzunluq (universiteti qurtarma) faizi 59,8% olmuşdur.

Həmin insanların ali təhsilini təşkil etmək üçün ABŞ-da 4810 ali təhsil verən kollec və universitetlər vardır. Buraya həm dövlət, həm də özəl təhsil müəssisələri aiddir. Bu ali təhsil müəssisələrində ümumilikdə 3084491 (52,4% qadınlardır) nəfər mütəxəssis çalışır ki, bunlardan da 1560503 (48,8% qadınlardır) nəfəri professor-müəllim heyətidir. Bütün professor-müəllim heyətinin 46% (703150 nəfər) tam ştatda olanlardır ki, bunların da 182508 nəfəri professor (25%), 155505 nəfəri dosent (22%), 166505 nəfəri isə baş müəllim (23,6%) vəzifəsində işləyirlər.

Bütün bu sadaladıqlarımız təhsil göstəriciləri kollec və universitetlərdə reallaşır və həmin təhsil müəssisələrində bir qrup insanlar var ki, onların tədrisinin təşkili, idarə olunması üçün məsuliyyət daşıyırlar. Ən böyük məsuliyyət isə heç şübhəsiz ki, universitet rektorlarının üzərinə düşür. Dünyanın super dövlətinin təhsil müəssisələrinə kimlər rəhbərlik edir, onların təhsil göstəriciləri, elmi dərəcələri, iş şəraitlərinin necəliyi yəqin ki, bizim ali təhsil müəssisələrində çalışanlar üçün də çox maraqlı olar. İndi həmin məsələlərə bir aydınlıq gətirək. 

ABŞ universitetlərinin rektorlarının 77%-i kişi, 23%-i qadındır. Bunların 86,4%-i  ağdərili amerikalılar, 5,9%-i Afrika mənşəli amerikalılar, 4,9%-i ispan mənşəli amerikalılar, 1% isə Asiya mənşəli amerikalılardır.

Yaşa gəldikdə isə universitet rektorlarının 0,6%-nin 31-40 yaşı, 7,5%-nin 41-50 yaşı, 42,6% -nin   51-60 yaşı,  42,6%-nin 61-70 yaşı, 6,7%-nin  isə 71 və daha çox yaşı var. Universitet prezidentlərinin orta yaş həddi 60-dır. Ailə statuslarına görə prezidentlərin 4,2%-i heç vaxt evlənməyib, 3,3%-i dini baxışlarına görə evlənməyib, 83,3%-i evli,  1,1%-in kəbinsiz ailəsi var,  0,2%-i ailəsindən ayrılıb, 6,2%-i boşanıb, 1,8%-i subaydır.

Universitet rektorlarının bu təyinata qədər hansı işdə çalışmaları da maraqlıdır. Onların 18,5% bu universitetə başqa universitetdən dəvət olunub, 10,9% rektor əvəzi işləyib, 22,6% elə həmin universitetdə tədris işləri üzrə prorektor (ABŞ-da ona çox vaxt "Provost" deyirlər) olub, 18,1% başqa universitetdə president-rektor müavini işləyib, 10,2% həmin universitetdə dekan olub, 7,2% başqa universitetdə digər administrativ işlərdə (kafedra müdiri, bölmə rəhbəri və s.) çalışıb, 0,8% həmin universitetdə professor vəzifəsində olub, 11,7% isə təhsil sahəsindən kənardan çalışıb. Universitet rektorlarının təxminən  80%-i  universitetlə yazılı müqavilə bağlayıb və bunlardan da 18,1%- nin illik, 7,7%- nin  2 illik, 32,6%-nin 3 illik, 9,5%- nin  4 illik,  24,6%- nin 5 ildən çox, 3%-nin müqaviləsi qeyri-müəyyən   müddətə olub. Universitet rektorlarının 75,4%-i  müqaviləni imzalamamışdan qabaq universitetin maliyyə vəziyyətini tam öyrənib, 81,2% Qəyyumlar Şurasının ona hansı ümidlər bəslədiyini əvvəlcədən aydınlaşdırıb. Seçilən  rektorların  1,9%-nin  bakalavr, 9,5%-nin magistr,  54,3%-nin doktorluq,  20,7%-nin təhsil doktoru (Ed.D), 1,3 % - nin  tibb doktoru  (M.D), 5,7%-nin hüquq doktoru dərəcəsi olmuşdur. Bunların  aldıqları  dərəcələrin 43,0%  təhsil sahəsini, 13,8% sosial elmləri, 13,7% humanitar - incəsənət elmlərini, 4,9%  biznes sahəsini, 4,7% hüquq  sahəsini,  18% isə  fundamental elmləri və mühəndislik sahəsini  əhatə edib.

Dini baxışlarına gəldikdə, universitet prezidentlərinin 54,4%-i protestant, 27%-i roman katolik, 5,1%-i yəhudi, 1%-i buddizm, 9,8% isə heç bir dinə qulluq eləmir.

Universitetə seçilmiş rektorlarla  bağlanmış müqavilələrdən bəzi nümunələr vermək, düşünürük ki, maraqlı olardı. Onların 51,3%-i xidməti maşın  verilməsini  istəyib, sürücu istəməyib, 27,6% universitet rektoru üçün olan evdə yaşamaq arzusunda olub.  63,3% tibbi  sığorta istəyib,  17,5% evini yığışdırmaq üçün  xidmətçi  olmasını göstərib.

Universitet rektorlarının  vaxtlarının daha  çox nəyə sərf  olunması da maraqlıdır. Onların 37,7%-i  vaxtlarını universitetə maliyyə  mənbələri  cəlb etməyə, (keçən il ABŞ universitetlərinə təmənnasız olaraq 31 milyarddan çox maliyyə yardımı (nəğd pul, yaxud başqa formada) edilmişdir ki, bunların da 30%-i universitetlərin məzunlarının payına düşür),  20,9% vaxt strateji  planlaşdırmaya,  10,8%  vaxt  müəllim-professor heyətinə, 10,2% vaxt akademik  problemlərə,  10,6%  vaxt tələbə qəbulu məsələlərinə, yuxarı orqanlarla işə 7,2% vaxt, 3,7% kütləvi-informasiya vasitələri ilə işə, 2,6% tələbə həyatı, nizam-intizam məsələlərinə, 10,9% şəxsi məsələlərə və s. ayırır (göstərilən vaxt bölgüləri ümumiləşmələr əsasında aparılmışdır).

Universitet rektorları daha hansı işlərə vaxt ayırırlar? Onların 20,1%-i dərs  deyir, 16,9%-i elmi əsərlər yazır, 11,2%-i elmi-tədqiqat işləri aparır. Rektorların 86%-i universitetdən kənarda müxtəlif şuraların, cəmiyyətlərin üzvüdür.

Universitet rektorlarının  3,4%-nin  ailə üzvlərinə universitet kompensasiya ödəyir, 6,2%-nin  həyat yoldaşı  universitetdə işləyir, 34,4%-in ailə üzvləri təhsil haqqı  ödəmədən dərslərə  qedir, 26,8%-i isə unversitetdən kənarda işləyir. Yüksək elmi tədqiqat işi ilə məşğul olan universitetlər rektorlara yüksək də maaş verir.

Göründüyü kimi, ABŞ universitetlərinin rəhbərlərinin həyatları o qədər də rahat keçmir. İstər akademik sahə olsun, istərsə də qeyri-akademik sahə, universitet rəhbərləri çox gərgin işləyirlər və birinci növbədə rəhbəri olduğu universitetin uzun illərdən bəri formalaşmış imicinin qorunması onun şərəf işi sayılır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov