Bakıdakı
51 nömrəli tam orta məktəbdə yeni dərs ilinin başlanması
münasibətilə tədbir keçirildi. Məktəbin direktoru
Lətafət Səmədova 15 sentyabr - Bilik günü münasibətilə
şagirdləri, valideynləri və bütün pedaqoji kollektivi
təbrik etdi. O, son illər Azərbaycanda təhsil sahəsinə
göstərilən dövlət qayğısından ətraflı danışaraq bildirdi
ki, hər il yeni-yeni məktəblər tikilir, təmir işləri
aparılır. Tikilən məktəblər müasir laboratoriyalarla,
texniki avadanlıqlarla təchiz edilir.
Qeyd olundu ki, hazırda məktəbdə 1400-dən artıq şagird
təhsil alır. Onların təlim-tərbiyəsi ilə 115 müəllim
məşğul olur. Bu il birinci sinfə 130 nəfər qəbul olunub.
Ötənilki məzunların 60 faizi respublikamızın müxtəlif
ali məktəblərinə qəbul olunub. Abituriyentlərdən 5-i
500-dən yuxarı, 2-si isə 600-dən yuxarı bal toplayıb.
Kollektivdə öz işini bilən peşəkar kadrlar çoxdur və
onlar bilik və bacarıqlarını böyüməkdə olan nəslə
həvəslə öyrədirlər.
Sonra "1a" sinfinin rəhbəri Səkinə İbadovanın
hazırladığı "Əlvida bağça, salam, doğma məktəb" adlı
bədii kompozisiya nümayiş etdirildi. Məktəbə ilk
qədəmlərini atan Yaqub, Əli, Rüstəm, Atilla, Ayla, Sevil,
Leyla və başqaları Vətən, məktəb, bayraq və s. haqqında
şeirlər söylədilər, mahnılar oxudular, rəqs etdilər.
Sonda ilk zəng çalındı. Məktəb həyatında ilk kövrək
addımlarını atan şagirdlər bu zəngin sədaları altında
sevinclə sinif otaqlarına axışdılar. Onları qarşıda
elmin sirlərinə dərindən yiyələnmək üçün gərgin günlər,
aylar və illər gözləyir. Bu çətin və şərəfli işdə bütün
pedaqoji kollektivə və şagirdlərə uğurlar arzulayırıq.
Qabil YUSİFOĞLU |