Bakıdakı
6 nömrəli məktəb-liseydə yeni dərs ilinin başlanması
münasibətilə Bilik gününə həsr olunmuş tədbir
keçirilib. Azərbaycanın Dövlət himninin ifası ilə
başlanan tədbirdə 6 nömrəli məktəb-liseyin direktoru,
əməkdar müəllim Gülşən Orucova çıxış edib. Bildirilib ki,
yaşı 100 ildən çox olan tədris ocağı Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
sərəncamına əsasən 2010-cu ildə sökülərək yenidən
müasir standartlara uyğun inşa olunub və 2011-ci il
sentyabrın 15-də cənab Prezidentin iştirakı ilə açılış
mərasimi keçirilib. Dövlət başçısının bir vaxtlar oxuyub
təhsil aldığı doğma məktəbinə olan diqqət və qayğısı
bütün pedaqoji kollektivi daha yaxşı işləməyə, vətənimiz
üçün savadlı və vətənpərvər nəslin yetişdirilməsi işində
daha məsuliyyətlə çalışmağa sövq edib. Məktəb 2 dəfə
"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin, 15 nəfər
müəllimi isə "Ən yaxşı müəllim" müsabiqəsinin
qalibləri olublar.
2014-2015-ci tədris ilinin yekunlarına görə məktəbi 5
sinifdə 140 nəfər bitirmiş, onların 134 nəfəri ali
məktəblərə qəbul olunmuşdur. Məzunların 6 nəfəri
600-dən, 4 nəfəri isə 650-dən çox bal toplayıb. 3 məzun
qızıl medala layiq görülüb, 13 nəfər isə xarici
ölkələrin ali məktəbinə qəbul olunub.
2015-ci ildə Təhsil Nazirliyinin qərarı ilə Yasamal
rayonundakı 150 nömrəli tam orta məktəb 6 nömrəli
məktəb-liseyə birləşdirilib, bu ildən məktəbin II
korpusu kimi fəaliyyət göstərəcək.
Gülşən Orucova daha sonra təhsilə olan diqqət və
qayğıya, məktəbdə yaradılan şəraitə görə cənab Prezident
İlham Əliyevə öz dərin təşəkkürünü bildirib.
Tədbirdə iştirak edən Səbail Rayon İcra Hakimiyyəti
başçısının birinci müavini Xalidə Bayramova məktəbin
kollektivini yeni dərs ilinin başlanması münasibəti ilə
təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.
Çıxışlarda qeyd olunub ki, son illərdə təhsildə
qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham
Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı
dövlət proqramlarının, həyata keçirilən islahatların,
ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil
obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və
dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi
qəbul olunmalıdır. Prezident İlham Əliyevin müdrik
siyasəti nəticəsində bu gün respublikamızın hər
yerində, xüsusən də Səbail rayonunda təhsilin
səviyyəsi günü-gündən artmaqdadır. Yeni məktəblər
tikilib, bir çox təhsil müəssisələri əsaslı surətdə
təmir olunub, təhsil ocaqlarının maddi-texniki bazaları
möhkəmləndirilib.
Çıxış edənlər təhsilə olan diqqət və qayğıya,
məktəblərdə yaradılan şəraitə görə cənab Prezident İlham
Əliyevə öz dərin təşəkkürlərini bildiriblər.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |