Bakı
Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Gənc
istedadlar" liseyində Bilik günü keçirilib. BDU-nun
rektoru, akademik Abel Məhərrəmov Bilik günü
münasibətilə tədbir iştirakçılarını təbrik edib,
liseyin qazandığı uğurlardan söz açıb. Rektor liseyi
bu il bitirən məzunların nüfuzlu ali məktəblərə qəbul
olunduqlarını, onlardan 16-nın 600-dən yuxarı bal
topladıqlarını, 4 nəfərin qızıl medala layiq
görüldüklərini diqqətə çatdırıb. "Gənc istedadlar"
liseyinin 2012-2013-cü tədris ilində Prezident İlham
Əliyevin imzaladığı sərəncamla "Ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqəsinin qaliblərindən biri olduğunu deyən
rektor bu il liseyin 5-ci sinfinə qəbul olmuş
şagirdlərin də etimadı doğruldacaqlarına, universitetə
şərəf gətirəcəklərinə ümid etdiyini söyləyib.
Yeni tədris ilinin başlanması münasibətilə təbriklərini
çatdıran liseyin direktoru, professor Qasım Hüseynov
lisey şagirdlərinin 2012-ci ildə Astana və 2013-cü ildə
Daşkənd şəhərlərində keçirilən Beynəlxalq Mendeleyev
Olimpiadasında, 2013-cü ildə Moskvada keçirilən
Məktəblilərin Ümumdünya Kimya Olimpiadasında, 2011, 2013
və 2014-cü illərdə Bakıda keçirilmiş Ətraf Mühitin
Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasında qaliblər
sırasında olduğunu vurğulayıb. Son dörd ildə Bakıda
keçirilən "Sabahın alimləri" Respublika müsabiqələrində
I yerə layiq görülən şagirdlərdən 8 nəfərinin 2012,
2013, 2014 və 2015-ci illərdə ABŞ-da keçirilən
Beynəlxalq müsabiqədə ölkəmizi təmsil etdiklərini qeyd
edib. Tədbirin sonunda 2015-2016-cı tədris ilinin ilk
zəngi səslənib.
Qeyd edək ki, 2007-ci ildən BDU-nun nəzdində fəaliyyət
göstərən "Gənc istedadlar" liseyində tədris Azərbaycan
və rus dillərində aparılır.
Sifai SƏFƏROVA,
Azərbaycan müəllimi" |