Sentyabrın
15-də Bakıdakı Heydər Əliyev adına liseydə Bilik günü
qeyd edildi. Tədbirdə liseyin müəllim-şagird kollektivi
ilə yanaşı, Xətai Rayon İcra Hakimiyyətinin
nümayəndələri və digər qonaqlar iştirak edirdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin
sədaları altında Dövlət Bayrağının gətirilməsi ilə
başladı.
Tədbiri giriş sözü ilə açan liseyin direktoru, əməkdar
müəllim Fikrət Xəlilov əlamətdar gün münasibətilə
müəllimləri, şagirdləri və valideynləri təbrik etdi.
Onlara yeni tədris ilində uğurlar arzuladı. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə
göstərdiyi diqqət və qayğıdan söz açdı. Liseyin əldə
etdiyi uğurlardan danışan F.Xəlilov bildirdi ki, həmişə
olduğu kimi, liseyin məzunları bu il də ali məktəblərə
qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər.
Bildirdi ki, liseyi ötən tədris ilində 86 nəfər bitirib.
Onlardan 84 nəfəri ali məktəblərə qəbulla bağlı sənəd
verib və 72-si respublikamızın nüfuzlu
universitetlərinə, 3 nəfəri isə xarici universitetlərə
daxil olaraq tələbə adını qazanıb. Məzunlardan 12 nəfəri
600-dən, 4 nəfəri 650-dən çox, 23 məzun isə 500-600
arası bal toplayıb. Məzunlardan 2 nəfəri - Fidan
Rəhimli və Nərgiz Yusifova liseyi qızıl medalla bitirib.
Qəbul imtahanlarında etimadı doğruldan medalçılar yüksək
balla - N.Yusifova "ADA"-ya, F.Rəhimli isə Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasına daxil olublar. Məzunlardan Kənan Bağırov
Prezident təqaüdünə layiq görülüb. Bundan başqa, liseyin
şagirdləri fənn olimpiadalarında, müxtəlif müsabiqə və
yarışlarda da təhsil ocağının adını şərəflə daşıyırlar.
Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri Jalə
Abdıyeva, Zaməddin Əkbərov tədbirdə çıxış edərək
respublikamızda aparılan təhsil islahatlarından
danışdılar. Heydər Əliyev adına liseyin respublikamızın
qabaqcıl təhsil ocaqlarından olduğunu və uğurlarının
ilbəil artdığını diqqətə çatdırdılar. Bilik günü
münasibətilə pedaqoji kollektivi və şagirdləri
təbrik etdilər.
Tədbirdə liseyin "Zərifə" rəqs qrupu üzvlərinin
Azərbaycan xalq rəqsini oynamaları iştirakçılarda xoş
ovqat yaratdı. Birincilər tərəfindən şeirlər
səsləndirildi.
Tədbirin sonunda birinci sinif şagirdi tərəfindən yeni
dərs ilinin ilk zəngi çalındı. Birincilər
müəllimlərinin nəzarəti ilə "Məktəb illəri" mahnısının
sədaları altında liseyin binasına daxil olaraq öz
siniflərində yerlərini tutdular.
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" |