Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2015 - №35

 

Təhsil işçilərinin sentyabr konfransları

 

Gəncənin inkişafında şəhərin təhsil işçilərinin payı çoxdur 

Sentyabrın 10-da keçirilən Gəncə şəhər təhsil işçilərinin konfransında son bir ildə qazanılan uğurlar, mövcud olan problemlər geniş təhlil edilib.

Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov məruzəsində bildirib ki, bu gün müasir Azərbaycan dövlətinin dünyanın ən inkişaf etmiş dövlətləri ilə bir sırada adının çəkilməsi, artıq ənənə halını almış beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi, iqtisadiyyatın dayanıqlı və dinamik inkişafı ulu öndər, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin adı ilə bağlıdır. Bu inkişaf və tərəqqinin sürətlə davam etdirilməsi məhz Heydər Əliyev siyasi kursunun qətiyyətli və layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasətinin verdiyi töhfədir. Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısının nəticəsidir ki, şəhərimizdə aparılan quruculuq və abadlıq işlərində təhsil müəssisələrinin payı daha çoxdur.

Ötən il oktyabr ayının 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qədim Gəncəyə tarixi səfərini, səfər çərçivəsində  Mehdi Mehdizadə adına 4 nömrəli tam orta məktəbin yeni tədris binasının açılışını etməsini xatırladan məruzəçi həmin görüşü şəhərin çoxminli təhsil işçilərinin yaddaqalan gün kimi xatırladığını söyləyib.

Bildirilib ki, ötən tədris ilində 4, 26 və 40 nömrəli tam orta məktəblərin əsaslı təmirindən sonra açılışı olub, sanatoriya tipli internat məktəbin, 14, 41 və 44  nömrəli tam orta məktəblərin əsaslı təmir işləri davam etdirilir. 39 nömrəli tam orta məktəbdə 1200 şagird yerlik yeni tədris binasının inşası tamamlanmaq üzrədir. 24 dekabr  2014-cü il tarixdə ən müasir standartlara cavab verən Gəncə Şəhər Təhsil İdarəsinin yeni inzibati binası istifadəyə verilib.

Məruzədə qeyd olunub ki, 2014-2015-ci dərs ilində Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində ümumi təhsil həyata keçirən 46 tam orta, 2 ümumi orta və 1 xüsusi məktəb fəaliyyət göstərib. Bu məktəblərdə 37714 nəfər şagird təhsilə cəlb olunub, onların  təlim-tərbiyəsi ilə 3989 nəfər müəllim məşğul olub.

Ötən  dərs ilində məktəblərin XI siniflərini bitirən 2478 nəfər şagirdin hər biri  tam orta təhsil haqqında attestat, IX sinfi bitirən 2861 nəfər şagirdin hər biri ümumi orta təhsil haqqında şəhadətnamə alıb.

Əvvəlki illərdən fərqli olaraq 2014-2015-ci tədris ilində 2 nəfər məzun qızıl, 1 nəfər isə gümüş medala layiq görülüb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının statistik məlumatına əsasən 2014-2015-ci tədris ilinin məzunlarından 1850 nəfəri ali məktəblərə sənəd təqdim edib. Onların 935 nəfəri, yəni 50,54 faizi respublikamızın ali məktəblərinə qəbul olub. Bunlardan başqa, 104 nəfər abituriyent 11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə daxil olub.  39 nəfər xüsusi təyinatlı məktəblərə qəbul olub. Ali məktəblərə qəbul olanların 220 nəfəri 500-dən yuxarı bal toplayıb, bunlardan 6 nəfəri ötən ilin məzunlarıdır. 74 nəfəri 600-dən, 31 nəfər isə 650 baldan yuxarı nəticə göstərib. 1 nömrəli tam orta məktəbin məzunu Elçin Qasımov ən yüksək, yəni 700 bal toplayaraq Qafqaz Universitetinə daxil olub. 

Məruzəçi şəhərin təhsil ocaqlarında oxuyan şagirdlərin idman uğurlarına da toxunub. Bildirib ki, ötən dərs ili ərzində təhsil idarəsinin tabeliyində 8 məktəbdənkənar müəssisə fəaliyyət göstərib. Gəncə şəhərinin yetirməsi Toğrul Əsgərov "Bakı -2015" I Avropa Oyunlarında sərbəst güləş üzrə birinci yerə çıxaraq qızıl medala layiq görülüb.

Uşaq-Gənclər Şahmat Dama Məktəbinin yetirməsi, 29 nömrəli tam orta məktəbin I sinif şagirdi Leyla Budaqova 6-15 may 2015-ci il tarixində Tailandın Pattaya şəhərində keçirilən şahmat üzrə məktəblilərin dünya birinciliyində iki qızıl medal qazanıb. Beynəlxalq usta Ayaz Məmmədov Türkiyədə keçirilən Troya Beynəlxalq şahmat turnirinin gümüş mükafatçısı olub.

1 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin direktoru Ceyhun Bayramov Bakıda keçirilən I Avropa Oyunlarında sambo idman oyunlarına hakimlik edib. İdman məktəbinin yetirmələri 8 qızıl, 4 gümüş və 1 bürünc medal əldə ediblər.

Uşaq-Gənclər Fiziki Hazırlıq Klubunun direktoru Ramil Qasımov ABŞ-ın Kolorado ştatının Sprinq  şəhərində  keçirilən yarışda qızıl medal qazanıb.

Uşaq Yaradıcılıq Mərkəzi "Uşaqların və gənclərin ən yaxşı yaradıcılıq işləri" Respublika müsabiqəsinə şəhər mərhələsində I yerə layiq görülüb.

Z.Hüseynov deyib ki, Gəncə Şəhər Təhsil İdarəsində fəaliyyət göstərən Təhsil Resurs Mərkəzi müəllimlərin, psixoloqların və kitabxanaçıların  ən çox müraciət etdiyi bir məkana çevrilib. Son dövrlərdə burada müxtəlif mövzularda seminarlar keçirilir, "açıq dərs"lər təşkil olunur, dayaq məntəqələrinin işi canlandırılır, müəllimlərin ixtisasartırmaları təşkil olunur.

Xüsusilə yeni fənn kurikulumlarının tətbiq olunduğu siniflərdə işləyən müəllimlər Metodiki Mərkəzin xidmətindən yararlana bilirlər. "Kurikulum islahatı üzrə icra planı"nda nəzərdə tutulan tədbirlər ardıcıllıqla həyata keçirilib. 2015/2016-cı tədris ilində şəhərimizin I-VIII sinif müəllimlərindən 288 nəfəri "Mədəd Azərbaycan" MMC, "Təlim-İnkişaf" Mərkəzi, "UNİVERSAL" ƏlavəTəhsil Mərkəzi və "UNİKAL-1 MMC" təşkilatları tərəfindən aparılan kurslardan keçib və sertifikat alıb.

Z.Hüseynov məruzəsinin sonunda yeni dərs ilində uğurları daha da artıracaqlarına inamını ifadə edib.

Konfransda çıxış edən Təhsil Problemləri İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov müasir dövrdə ölkə təhsilində aparılan islahatlardan, təhsilin ayrı-ayrı istiqamətləri üzrə reallaşdırılan layihələrdən, təhsilin inkişafı üzrə Dövlət Strategiyasında qarşıya qoyulan vəzifələrdən, Azərbaycan dövlətinin, ölkə Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb, Gəncənin təhsil işçilərini yeni dərs ili münasibəti ilə təbrik edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin  başçısı Elmar Vəliyev  konfransda çııxış edərək son illər təhsildə qazanılan uğurları dövlət qayğısının nəticəsi kimi dəyərləndirib. Şəhərdə təhsilin inkişafı, onun maddi-texniki bazasının  möhkəmləndirilməsi istiqamətində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan işlərdən danışıb. Keçən tədris ilində buraxılan nöqsanların aradan qaldırılması üçün  tapşırıq və tövsiyələrini verib. Qazanılan uğurlara görə pedaqoji kollektivləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzulayıb.

Konfransın sonunda yüksək balla ali məktəblərə daxil olan gənclər bir daha təbrik edilib. Onlara hədiyyələr təqdim olunaraq təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzu edilib.


133 məzun 600-dən çox bal toplayıb 

Sumqayıt Şəhər Təhsil Şöbəsindən aldığımız məlumata görə, şəhər təhsil işçilərinin sentyabr konfransında ŞTŞ metodkabinetinin direktoru Sabir Məmmədov məruzə  edib. 2014-2015-ci dərs ilinin yekunlarını təhlil edən məruzəçi yeni dərs ilində qarşıda duran vəzifələrdən danışıb. Bildirilib ki, ötən dərs ilində Sumqayıt məktəblərində əsaslı təmir işləri aparılıb. 11 nömrəli məktəbdə təmirin yekunlaşmaq üzrə olduğunu deyən S.Məmmədov 7 nömrəli və orta ümumtəhsil internat məktəblərində işlərin davam etdiyini bildirib. Bu işlər başa çatdıqdan sonra şəhər üzrə əsaslı təmir edilmiş məktəblərin sayı 16-ya çatacaq.

Vurğulanıb ki, şagirdlərin biliyinin yoxlanması və qiymətləndirilməsi ilə bağlı təhsil müəssisələrində ciddi iş aparılıb, bütün məktəblərdə monitorinqlər təşkil edilib. Eyni zamanda, 2015-ci ildə məzunların ali məktəblərə qəbul göstəriciləri geniş təhlil edilib, bununla bağlı reytinq cədvəlləri hazırlanıb. Qeyd olunub ki, builki qəbul imtahanlarında şəhər ümumtəhsil məktəblərinin 133 nəfər məzunu 600-dən çox bal toplayıb. Onlardan 38 nəfərinin göstəricisi 650 baldan yuxarıdır. Ümumilikdə ali məktəblərə sənəd verən 2504 nəfər abituriyentin 1447 nəfəri tələbə adını qazanıb.  Buraxılış imtahanlarının nəticələrinə əsasən 5 nəfər məzun qızıl medalla təltif edilib.

Qeyd olunub ki, ötən dərs ilində şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinə həsr edilmiş tədbirlər, istedadlı şagirdlərin üzə çıxarılması ilə bağlı müsabiqələr, müxtəlif  idman yarışları keçirilib. Məruzəçi onu da  söyləyib  ki, əldə edilən uğurlarla yanaşı, bir sıra problemlər də  mövcuddur. O, çatışmazlıqların yeni tədris ilində aradan qaldırılmasına ciddi səylər göstəriləcəyini bildirib.

Məruzə ətrafında çıxış edənlər ölkədə aparılan təhsil islahatlarından, təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görüləcək işlərin zəruriliyindən danışıblar.

Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov məlumat verib ki, yeni tədris ilində 141 adda 4 milyon ədəd dərslik çap olunub. Nazirlik rəsmisi təhsil sahəsində əldə edilən uğurlarla yanaşı, çatışmazlıqların da olduğuna diqqət çəkib. Bildirib ki, tədris planlarının hazırlanması, eləcə də təhsillə bağlı olan normativ aktlar məktəb rəhbərləri tərəfindən düzgün mənimsənilmir. Buna görə də məktəb direktorları daha məsuliyyətli və diqqətli olmalıdırlar.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək pedaqoji kollektivi yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Z.Fərəcov Sumqayıtın təhsil sahəsində bir sıra uğurlara imza atdığını və bu ənənələrin davam etdiriləcəyinə əminliyini vurğulayıb.

Daha sonra 600-dən çox bal toplayaraq ali məktəblərə qəbul olan 39 tələbəyə qiymətli hədiyyələr, şəhərin 50 müəlliminə isə icra hakimiyyətinin fəxri fərmanları verilib.


 Siyəzəndə bu tədris ilində 20 gənc müəllim işə başlayıb 

Siyəzən şəhər Mədəniyyət Mərkəzində təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda rayon təhsil şöbəsinin müdiri Rəfail Hacıyev "2014-2015-ci dərs ilinin yekunları  və yeni dərs ilində qarşıda duran vəzifələr" mövzusunda geniş məruzə edib. Qeyd edilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatları möhtərəm Prezidentimiz cənab İlham  Əliyev tərəfindən uğurla davam etdirilir. Bu islahatlar bütün  respublikamızda olduğu kimi Siyəzən rayonunda da uğurla həyata keçirilir.  

Diqqətə çatdırılıb ki, 2014-2015-ci dərs ilində Siyəzən rayonunun ümumtəhsil  məktəblərində 5779 nəfər şagird təhsil alıb, onların  təlim-tərbiyəsi  ilə 720 nəfər müəllim məşğul olub. 2015-ci ildə 20 nəfər  gənc müəllim müvafiq müsabiqədən keçərək rayonun müxtəlif  məktəblərində  öz  ixtisasları üzrə  işləmək  hüququ  qazanıb.  Siyəzən şəhər 6 nömrəli tam orta məktəbin müəllimi Tatyana  Səlimova ölkə Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Siyəzən şəhər 1 nömrəli tam orta məktəbi  "Ən yaxşı ümumtəhsil məktəbi" və Siyəzən şəhər 2 nömrəli tam  orta məktəbin riyaziyyat müəllimi Aynurə Dadaşova "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub. 

Konfransda buraxılış və qəbul imtahanlarının nəticələri haqqında  geniş məlumat verilib.   Qeyd olunub ki, XI sinfi bitirmiş 369 məzundan 250 nəfəri qəbul imtahanlarında  iştirak  edib, onlardan 94 nəfəri ali məktəblərə daxil olub. Bundan əlavə, 3 nəfər hərbi yönümlü  ali təhsil ocaqlarının,  6 nəfər isə xarici ölkələrin ali məktəblərinin  tələbəsi olub. Məzunlardan 11 nəfəri 500-dən, 6 nəfəri isə 600-dən yuxarı bal  toplayıb. Konfransda 600-dən çox bal toplamış həmin məzunlara fəxrı fərman və pul mükafatları verilib. Rayon məktəblərinin 8 müəllimi  də Siyəzən Rayon Təhsil Şöbəsinin fəxri fərmanları isə təltif olunub.

Konfransda Siyəzən şəhər 1 nömrəli tam orta məktəbin direktoru  Nəcməddin  Mürvətov,  gənc  müəllim   Tamerlan  Qurbanov,  məzun  Abdulla Abdullayev  çıxış  edərək  təhsilimizə  göstərilən  dövlət  qayğısından,  əldə  olunmuş  nailiyyətlərdən danışıblar.

Konfransda iştirak edən Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazov hazırda respublikamızda təhsil sahəsində aparılan genişmiqyaslı işlər, regionlarda müəllimlərin sınaq qiymətləndirilməsinə  hazırlıq  işlərinin aparılması, hesabatların yeni qəbulu sistemi, təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi məsələləri, dərslik  siyasəti  və bir  sıra  digər  məsələlər haqqında geniş məlumat  verib.

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayon müəllimlərini yeni dərs ili münasibəti ilə təbrik edərək bildirib ki,  müəllimlərə, xüsusilə gənc müəllimlərə hər cür qayğı göstərmək hər bir aidiyyəti şəxsin borcudur. O həm gənc  müəllimlərə, həm də ehtiyacı olan tələbə və şagirdlərə daim diqqət göstəriləcəyini qeyd edib.


Bir qrup gəncə mükafatlar verilib 

Sentyabrın 12-də Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 243 nömrəli tam orta məktəbdə təhsil işçilərinin konfransı keçirilib.

Əvvəlcə 100 nəfərdən çox şagirdə məktəbli forması paylanıb.

2014-2015-ci tədris ilinin yekunlarına və yeni tədris ilinin başlanmasına həsr edilən tədbirdə təhsil işçiləri ilə yanaşı, müvafiq qurumların nümayəndələri, həmçinin bu il ali məktəblərə keçirilmiş qəbul imtahanlarında yüksək bal toplamış gənclər də iştirak ediblər.

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov çıxış edərək ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Eyni zamanda, rayonun təhsil müəssisələrinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, rayonda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində 2 min 400-ə yaxın şagirdin təlim-tərbiyəsi ilə 247 müəllim məşğul olur. Orta məktəblər müvafiq Dövlət Proqramına uyğun olaraq əsaslı təmir edilib, həmçinin müasir avadanlıqlarla təchiz olunub. 2014-cü ildə əsaslı təmir olunmuş 168 nömrəli tam orta məktəb üçün bu il 300 şagird yerlik tədris korpusu tikilərək yeni dərs ilinə istifadəyə verilib. 235 nömrəli tam orta məktəbin cari təmiri, təhsil müəssisəsi üçün 6 əlavə sinif otağının, yeməkxana, idman zalının və kitabxananın tikintisi nəzərdə tutulub.

235 nömrəli tam orta məktəbin direktoru Tahir Süleymanov, 186 nömrəli tam orta məktəbin direktoru Arif Xankişiyev və başqaları ümummilli lider Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulayıblar.

Sonra Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən bu il qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adı qazanmış gənclərə mükafatlar verilib. 

Hazırladılar: Yusif ƏLİYEV,
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov