| 
						
						
						 Sentyabrın 
						15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 
						Bilik gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə 
						çıxış edən ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, 
						əməkdar elm xadimi, professor Yusif Məmmədov 
						universitetin professor-müəllim heyətini və tələbə 
						kollektivini, xüsusilə də, bu il universitetə qəbul 
						olmuş I kurs tələbələrini 2015-2016-cı tədris ilinin 
						başlanması münasibətilə təbrik edib, onlara uğurlar 
						arzulayıb. 
						
						Y.Məmmədov çıxışında bildirib ki, ümummilli liderimiz 
						Heydər Əliyevin strateji inkişaf konsepsiyasını çox 
						uğurla davam etdirən Azərbaycan Respublikasının 
						Prezidenti cənab İlham Əliyev elm və təhsilə böyük qayğı 
						və diqqət göstərir. Dövlət başçısı cənab İlham Əliyevin 
						elm və təhsili ölkəmizin davamlı inkişaf strategiyasının 
						əsas istiqamətlərindən biri elan etməsi bu sahəni yüksək 
						inkişaf yoluna çıxarmışdır. İqtisadi cəhətdən sürətlə 
						inkişaf edən, siyasi cəhətdən sabit, bütün dünyada 
						siyasi nüfuzu durmadan yüksələn, müntəzəm olaraq mötəbər 
						beynəlxalq tədbirlərin keçirildiyi dünyəvi, tolerant 
						Azərbaycanda təhsilin inkişafı ölkəmizin ümumi inkişaf 
						strategiyasının tərkib hissəsinə çevrilmişdir. Həyata 
						keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində 
						ölkəmizin iqtisadi imkanları ilbəil sürətlə artır və bu 
						sürətli, dinamik iqtisadi inkişafa uyğun olaraq elm və 
						təhsilə göstərilən qayğı və diqqət də yüksəlir. 
						 
						
						Azərbaycanda təhsil sahəsində bir çox layihələrin uğurla 
						həyata keçirilməsində ölkənin birinci xanımı, Heydər 
						Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, 
						UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban 
						Əliyeva böyük və əvəzsiz xidmətlər göstərir.  
						
						Rektor Y.Məmmədov qeyd edib ki, yeni tədris ilinin 
						başlanması ADPU-nun professor-müəllim heyətinin və 
						tələbə kollektivinin həyatında xoş və əlamətdar bir 
						hadisədir. 2015-2016-cı tədris ili respublikamızın 
						qabaqcıl ali təhsil müəssisələrindən biri olan ADPU-nun 
						kollektivi üçün də bir sıra yeniliklərlə başlayıb. Belə 
						ki, bu il ADPU-ya 10 fakültə, 21 ixtisas üzrə 1949 
						nəfər, rus bölməsində isə 10 ixtisas üzrə 109 nəfər 
						qəbul edilib. Bütövlükdə builki tədris ilində ADPU-ya 
						2058 nəfər bakalavr qəbul edilib.  Eyni zamanda bu il 
						ADPU-ya ali təhsilin magistratura pilləsinə 20 ixtisas 
						üzrə 290 nəfər magistrant qəbul edilib.  
						
						Yeni tədris ilində ADPU-ya ali təhsilin bakalavriat 
						pilləsində dövlət sifarişi əsasında 1327 nəfər qəbul 
						edilib. Cari tədris ilində ADPU-nun magistraturasına isə 
						dövlət sifarişi əsasında 134 nəfər magistrant daxil 
						olmuşdur. Həmçinin Təhsil Nazirliyinin həyata keçirdiyi 
						SABAH qrupları layihəsinə uyğun olaraq yeni tədris 
						ilində "İbtidai sinif müəllimliyi" ixtisası üzrə 15 
						nəfərdən ibarət qrup təşkil edilib. 
						
						Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti 
						başçısının müavini Eldar Ağayev, pedaqogika və 
						psixologiya fakültəsinin dekanı, dosent Şəhla Əliyeva, 
						həmin fakültənin məktəbəqədər pedaqogika kafedrasının 
						müdiri, professor Müseyib İlyasov, valideyn Ramiz Edirov, 
						həmçinin tarix fakültəsinin II kurs tələbəsi Şəlalə 
						Qurbanova müəllim və tələbələri yeni tədris ilinin 
						başlanması münasibətilə təbrik edərək onlara uğurlar 
						arzulayıblar.  
						
						
						ADPU-nun Mətbuat və informasiya şöbəsi |