Sentyabrın
15-də Azərbaycan Dillər Universitetində rektor, Milli
Məclisin deputatı, professor Səməd Seyidov 2015-2016-cı
tədris ilində ADU-ya qəbul olunmuş I kurs tələbələri
ilə görüş keçirdi.
Tədbiri giriş sözü ilə açan ADU-nun rektoru, professor
Səməd Seyidov tələbələri ölkənin ali məktəbləri
içərisində aparıcı universitetlərdən biri olan
Azərbaycan Dillər Universitetində görməkdən şad olduğunu
bildirdi. Ali təhsil ocağının yaranma tarixindən danışan
rektor hazırda universitetdə 22 dilin tədris olunduğunu
söylədi.
Professor Səməd Seyidov qeyd etdi ki, qabaqcıl ali
təhsil müəssisəsi kimi ADU Azərbaycanın rəhbərliyi
tərəfindən həmişə ən yüksək səviyyədə dəstək alıb.
Ümummilli lider Heydər Əliyevin siyasi xəttinə sadiq
qalan Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin elm, təhsil və mədəniyyət sahəsinə qayğını
uğurla davam etdirdiyini tədbir iştirakçılarının
diqqətinə çatdırdı. Ölkəmizi müdafiə etməyin gənc nəslin
dil biliklərinə sahib olmaqla, Azərbaycan mədəniyyətini
dərindən mənimsəməklə mümkün ola biləcəyini vurğulayan
rektor Səməd Seyidov dünyanın digər ölkələrinə getmədən
ADU-da bu dillərin yüksək səviyyədə tələbələrə
öyrədilməsi üçün bütün lazımi şəraitin yaradıldığını
dedi.
Çıxışının sonunda rektor prorektorları, fakültə
dekanlarını, kafedra və departament müdirlərini
tələbələrə təqdim etdi.
ADU-nun pedaqoji (ingilis-alman) fakültəsinə 690 balla
qəbul olan Prezident təqaüdçüsü Selcan Namazova bu
universitetin tələbəsi olmaq arzusunun reallaşmasını
dilə gətirərək bundan məmnunluq hissi keçirdiyini
söylədi.
Sonra tərcümə fakültəsinə 675 balla qəbul olan Gülanə
Həbibovanın valideyni Aynurə Həbibova tələbələri təbrik
edərək onlara uğurlar arzuladı.
Pedaqoji (ingilis-alman) fakültəsinin dekanı, professor
Fikrət Cahangirov çıxışında ADU-da bir sıra layihələrin
və mübadilə proqramlarının həyata keçirildiyini, o
cümlədən Böyük Britaniyanın Esseks Universiteti arasında
bağlanmış müqaviləyə əsasən tələbələrin iki il ADU-da,
iki il isə Esseks Universitetində təhsil almaqla ikili
diploma sahib olduqlarını vurğuladı, yeni qəbul olmuş
tələbələri də bu layihəyə qoşulmağa çağırdı.
Tədbirdə yüksək balla ADU-ya qəbul olan on bir nəfər
tələbəyə noutbuk və planşet hədiyyə edildi, həmçinin
onlara tələbə biletləri və gül dəstələri təqdim olundu.
İctimaiyyətlə əlaqələr Departamenti |