| 
						
						
						 London 
						Universiteti/London İqtisadiyyat Məktəbinin (LSE) 
						bakalavr proqramının Azərbaycan Dövlət İqtisad 
						Universitetində (UNEC) dərsləri başlanıb. 
						
						Qeyd edək ki, London Universiteti / London İqtisadiyyat 
						Məktəbinin bakalavr proqramında birinci kursu bitirmiş, 
						ümumi orta müvəffəqiyyət göstəricisi 80 baldan çox olan 
						və ingilis dili tələblərinə cavab verən (IELTS - 6.0, 
						TOEFL - 87, PTE Academic - 57) 6 tələbə təhsil alır. 
						Tələbələrin bakalavr proqramına qəbulunu LSE həyata 
						keçirib. 
						
						UNEC-in rektoru, professor Ədalət Muradov gəncləri 
						dünyanın ən qabaqcıl iqtisadiyyat yönümlü ali məktəbinin 
						proqramı üzrə dərslərə başlamaları münasibəti ilə təbrik 
						edib. Bildirib ki, burada tələbələr London 
						Universitetinin tədris proqramı əsasında təhsil almaqla 
						yanaşı, bu nüfuzlu təhsil ocağının tədris resurslarından 
						da istifadə edə biləcək, London İqtisadiyyat Məktəbinin 
						Londonda yerləşən kampusunda fəaliyyət göstərən Yay 
						Məktəbinə qatılacaqlar. Rektor qeyd edib ki, tələbələrin 
						UNEC-lə bərabər LSE-nin bakalavr diplomunu da əldə 
						etmələri onları əmək bazarında rəqabətə davamlı kadra 
						çevirəcək.  
						
						İlk dərsi London Universiteti / London İqtisadiyyat 
						Məktəbinin (LSE) bakalavr proqramının UNEC-dəki tədris 
						işləri üzrə direktoru Tayson Lemons keçib. T.Lemons 
						tələbələrə LSE-də tədris prosesinin üstünlüklərindən söz 
						açıb. Bildirib ki, tədris proqramının tərtibi, təhsilin 
						keyfiyyət parametrlərinə nəzarət və tədris prosesinin 
						idarə olunmasını birbaşa London Universiteti həyata 
						keçirəcək. LSE-nin hazırkı kurikulumuna uyğun olaraq, 
						hər tədris ilində dörd fənn olmaqla, üç il ərzində 12 
						əsas fənn tədris ediləcək. Bu fənlər üzrə yekun 
						imtahanlar hər tədris ilinin sonunda (may -iyun 
						aylarında) keçiriləcək və nəticələr qiymətləndirilmək 
						üçün LSE-yə göndəriləcək. Proqramı müvəffəqiyyətlə 
						bitirən məzunlar London Universitetinin İqtisadiyyat 
						Məktəbinin bakalavr diplomunu əldə edəcəklər və 
						diplomlar Londonda keçirilən məzun günündə təqdim 
						olunacaq.  
						
						
						İctimaiyyətlə əlaqələr şöbəsi |