Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun "İlboyu
bilik" proqramı çərçivəsində həyata keçirdiyi layihəyə
uyğun olaraq sentyabrın 15-də Birləşmiş Ərəb
Əmirliklərinin ölkəmizdəki fövqəladə və səlahiyyətli
səfirinin müavini cənab Abdullah Casim Al-Şamsi Bakıdakı
158 nömrəli məktəbi ziyarət edib, bu təhsil ocağının
yuxarı sinif şagirdləri ilə görüşüb.
Məktəbin böyük akt zalında keçirilən tədbiri tədris
ocağının direktoru Mehriban Ələkbərova açaraq zala
toplaşanları yeni dərs ilinin başlanması münasibətilə
təbrik edib, onlara uğurlar arzulayıb və hörmətli qonağı
şagirdlərə təqdim edib.
Sonra Abdullah Casim Al-Şamsi şagirdlər qarşısında
çıxış edib. Çıxışına Allahın adı və müqəddəs Quran
ayələri ilə başlayan səfir müavini də öncə tədbir
iştirakçılarını salamlayıb, biliyin insan həyatında
böyük rol oynadığını qeyd edərək yeni dərs ilinin
başlanması münasibəti ilə şagird və müəllimlərə
təbriklərini çatdırıb. Biliyin insanların yalnız ümumi
dünyagörüşünü deyil, həm də mənəvi keyfiyyətlərini
inkişaf etdirdiyini deyən Abdullah Casim Al-Şamsi
bunlardan birinin də dini əqidəsindən, milli
mənsubiyyətindən asılı olmayaraq insanlar arasında
mehriban münasibətlərin yaranması olduğunu vurğulayıb.
Qeyd edib ki, bu baxımdan Azərbaycan kimi Birləşmiş
Ərəb Əmirlikləri də burada yaşayan müxtəlif xalqların
nümayəndələri üçün tolerant bir mühit yaratmışdır.
Millətlər arasında harmoniyanın əsasını mədəniyyət,
müxtəlif insanların dini inanclarına sayğılı münasibət
təşkil edir.
"Biz müsəlmanıq, dinimiz İslamdır. İslam isə dini
ekstremizmi qəbul etmir. Əksinə, başqalarını da
əməkdaşlığa dəvət edir. Bütün bu dəyərlər Ərəb
Əmirlikləri dövlətinin qurucusu mərhum Şeyx Zahid bin -
Sultan əl- Nahyanın siyasəti idi. Onun davamçıları olan
hazırkı rəhbərliyimiz də ölkəmizin qapılarını yeni
proqressiv ideyalar üçün müxtəlif insanların üzünə
açmışdır. Belə nümunəvi tolerant siyasət ölkələrin
inkişafına, xalqlar arasında dostluq münasibətlərinə
xidmət edir", - deyən səfir müavini çıxışının sonunda
fürsətdən istifadə edərək Azərbaycan xalqına sülh və
əmin-amanlıq, davamlı tərəqqi arzulayıb.
Tədbirdə iştirak edən Bilik Fondunun beynəlxalq
layihələr sektorunun müdiri Ziyad Məmmədzadə çıxışında
Fondun məram və məqsədlərindən, reallaşdırdığı və dəstək
verdiyi layihələrdən söz açıb.
Sonda 158 nömrəli məktəbin direktoru Mehriban
Ələkbərdova təhsil işçiləri üçün əziz bir gündə məhz
onların məktəbini seçdiyinə, şagirdlər qarşısında
maraqlı çıxışına görə BƏƏ səfirinin müavini Abdullah
Casim Al-Şamsiyə minnətdarlığını bildirib. Dost ölkənin
təhsil müəssisələri ilə əlaqə yaratmaq arzusunu dilə
gətirən direktor bu işdə yardımçı olmasını səfir
müavinindən xahiş edib.
Tədbirdən sonra cənab Abdullah Casim Al-Şamsi 158
nömrəli məktəblə tanış olub, bir neçə I sinfə baş
çəkərək şagirdlərə yenicə başladıqları təhsil yolunda
uğurlar arzulayıb.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının
müavini Təravət Muradova iştirak edib.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |