| 
						
						
						 Azərbaycan 
						Texnologiya Universitetində yeni tədris ilinin 
						başlamasına həsr olunan "Bilik günü" tədbiri təşkil 
						olunub. Tədbir iştirakçıları əvvəlcə universitetin 
						həyətindəki Şəhidlər abidəsini ziyarət edib. 
						
						Tədbirdə ATU-nun rektoru, texnika elmləri doktoru, 
						professor Akif Süleymanov çıxış edərək professor-müəllim 
						heyəti və tələbələri yeni dərs ili münasibətilə təbrik 
						edib. Rektor deyib ki, ATU-nu seçən tələbələr zamanın 
						tələblərinə uyğun addım atıblar. Çünki Azərbaycanın 
						hazırkı iqtisadi inkişafı fonunda ölkədə sənaye 
						müəssisələrinin sayı durmadan artır. Bu isə mühəndis 
						texnoloqlara ehtiyacın günü-gündən artması deməkdir. 
						Professor Akif Süleymanov son zamanlarda ATU-da tədris 
						prosesi və kadr hazırlığının keyfiyyətinin artırılması 
						istiqamətində atılan addımlardan da danışıb. O qeyd edib 
						ki, tezliklə görülən işlər, həyata keçirilən layihələr 
						öz müsbət nəticəsini verəcək.  
						
						Tədbir iştirakçılarına məlumat verilib ki, bu tədris 
						ilində ATU-da 2422 tələbə təhsil alacaq. Bunlardan 527 
						nəfəri tələbə adını yeni qazananlardır. Eyni zamanda 
						magistratura pilləsində təhsil alan 55 nəfərdən 28-i 
						yeni qəbul olunanlardır. ATU-ya bu il qəbul olunan 
						tələbələr arasında ən yüksək nəticəni Turay Dəvrişov 
						göstərib. Rektor 501 bal toplayaraq standartlaşma və 
						texnoloji maşınlar fakültəsinin informasiya 
						texnologiyaları və mühəndisliyi ixtisasına qəbul olunan 
						Turay Dəvrişova universitet adından noutbuk hədiyyə edib. 
						Daha sonra tələbə adını yeni qazananlardan yüksək bal 
						toplamış 12 nəfərə tələbə biletləri və hədiyyələr təqdim 
						olunub.  
						
						Çıxış edən tələbələr ATU-ya qəbul olunduqlarına görə 
						sevinc hissi keçirdiklərini, gələcəyin peşəkar 
						texnoloqları olmaq üçün elmin sirlərinə həvəslə 
						yiyələnəcəklərini deyiblər. Birinci kursa qəbul olunan 
						tələbələrin valideynləri isə universitetdə keyfiyyətli 
						tədris üçün yaradılan şəraitə, həyata keçirilən 
						mütərəqqi layihələrə görə rəhbərliyə minnətdarlıq 
						ediblər. |