| 
						
						
						 Yeni 
						dərs ilində Lənkəran Dövlət Universitetində 2400 tələbə 
						oxuyacaq. Bunun 577 nəfəri bu il daxil olub. Onların 
						arasında 600 və daha çox bal toplayan tələbələr vardır. 
						Dövlət sifarişi üzrə tələbə qəbulu planı yerinə 
						yetirilmiş, maliyyə (qiyabi) ixtisası üzrə yeni qrup 
						açılmışdır. 
						
						Bütün bunlar barədə 15 sentyabr -Bilik günündə keçirilən 
						tədbirdə məlumat verildi. Tədbiri açan universitetin 
						rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm 
						xadimi, professor Asəf İsgəndərov yeni dərs ilinin 
						başlanması münasibətilə tələbələri təbrik etdi, onlara 
						elm və təhsil yollarında uğurlar arzuladı. 
						
						Lənkəran Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli, 
						universitet valideynlər şurasının sədri  Sərhad Məmmədov 
						çıxış edərək ürək sözlərini söylədilər. 
						
						Tələbələr adından 600-dən çox balla qəbul olunmuş Leyla 
						Abdullazadə və Səkinə Şabıyeva çıxış edərək yaxşı 
						oxuyacaqlarına, universitetin ictimai həyatında  fəal 
						iştirak edəcəklərinə söz verdilər. 
						
						Tədbirdə universitetə yüksək balla daxil olanların bir 
						qrupuna tələbə bileti və hədiyyələr təqdim edildi. 
						
						Sonra universitet bədii özfəaliyyət kollektivinin 
						konserti oldu. Konsertdə tələbələrdən Fəridə Nağıyeva, 
						Şəhla Adıgözəlova, İlqar Əliyev, Elnur Valeh və 
						başqaları maraqlı proqramla çıxış etdilər. 
						
						Tədbirdən sonra universitetin rektoru, professor Asəf 
						İsgəndərov valideynləri ali məktəb həyatı ilə tanış etdi, 
						onları maraqlandıran suallara cavab verdi.  
						
						Bilik gününə həsr edilmiş tədbirdə rayonun elm, təhsil 
						müəssisələrinin və ictimaiyyətin nümayəndələri iştirak 
						edirdilər.  
						
						
						Hacı Etibar ƏHƏDOV,LDU-nun Mətbuat və informasiya xidmətinin rəhbəri
 |