15
sentyabr - Bilik günü münasibətlə Naxçıvan Dövlət
Universitetində tədbir keçirilib. Tədbiri universitetin
rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov giriş
sözü ilə açaraq müəllim və tələbələrin yeni tədris ilini
təbrik edib. Rektor Azərbaycanda təhsilin inkişaf
strategiyasından, ümummilli lider Heydər Əliyevin təhsil
siyasətinin uğurlu davamından danışıb. Qeyd olunub ki,
Naxçıvan Dövlət Universiteti az qala yarıməsrlik tarixi
inkişaf yolu keçən, çoxillik ənənələrə söykənən, yuksək
ixtisaslı mütəxəssislər yetişdirən, güclü maddi-texniki
bazaya malik olan, beynəlxalq əlaqələrini günbəgün
genişləndirən ali təhsil ocağıdır. 12 fakültə, 56
ixtisasın fəaliyyət göstərdiyi, 5000-dən çox tələbənin
ali təhsil aldığı universitetdə müasir tədris
korpusları, Tələbə Sosial Xidmət mərkəzi, Tələbə evi,
Qonaq evi, idman meydançaları, xəstəxana mövcuddur. Ali
təhsil almaq üçün Naxçıvan Dövlət Universitetini seçən
yüksək bal toplayan abituriyentlərin, xarici ölkə
vətəndaşlarının sayı artmaqdadır. Bu il 960 bakalavr,
114 magistr, o cümlədən 31 nəfər 600 və 600-dən yuxarı
bal toplayan gənc bu ali məktəbin tələbəsi adını
qazanıb.
Universitetin tədris işləri üzrə prorektoru, dosent Surə
Seyid "Bolonya prosesi: vəzifələr və perspektivlər"
mövzusunda məruzə edib.
Tədbirdə 692 balla sosial idarəetmə və hüquq
fakültəsinin "Hüquqşünaslıq" ixtisasına qəbul olmuş
Təranə İsmayılova, fizika-riyaziyyat fakültəsində "Riyaziyyat
və informatika müəllimliyi" ixtisası üzrə ali təhsil
alacaq, 687 bal toplamış Bətulə Əlizadə, 685 balla tibb
fakültəsinin "Müalicə işi" ixtisasının tələbəsi adını
qazanan Rza Cəbiyev çıxış edərək ölkədə təhsilə
yaradılan yüksək şəraitə, hərtərəfli dövlət qayğısına
görə minnətdarlıq edib, müəllimlərinin etimadını
doğruldacaqlarını bildiriblər.
Sonda 650-dən yuxarı balla universitetə qəbul olan 12
tələbəyə tələbə bileti və qiymət kitabçası, "Naxçıvan
ensiklopediyası" təqdim olunub. Tədbirdə universitetin
tarixi inkişaf yolunu əks etdirən slayd nümayiş olunub.
Mehriban SULTAN |