Sentyabrın
18-də Təhsil Nazirliyi, Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, YUNİSEF
və "İnkişaf" Respublika Elmi-Praktik Mərkəzinin birgə
layihəsi olan "Təməl" təqaüd proqramının bağlanış
mərasimi keçirilib.
Mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov,
YUNİSEF-in Azərbaycandakı rəhbəri Andro Şilakadze,
ümumtəhsil məktəblərinin direktorları və müəllimlər
iştirak ediblər.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun
Bayramov layihənin əhəmiyyətini açıqlayıb. Nazir müavini
bildirib ki, yeni forma və məzmunda hazırlanmış
ixtisasartırma kursunun məqsədi Bakı şəhərində fəaliyyət
göstərən məktəblərin bir qrup ibtidai sinif müəlliminin
peşəkarlıq səviyyəsini yüksəltməkdən ibarətdir.
İbtidai təhsil səviyyəsində fəaliyyət göstərən
müəllimlərin dərslərinin müşahidəsi, valideynlərlə
müsahibə, şagird nəticələrinin təhlili ibtidai sinif
müəllimlərinin güclü və zəif tərəflərini müəyyən etməyə
imkan verib. Sözügedən ixtisasartırma proqramının
modulları həmin təhlilin əsasında hazırlanıb.
İki ay yarım davam edən təlim müddətində müəllimlər
ibtidai təhsilin fəlsəfəsi, missiyası, müasir pedaqoji
və psixoloji yanaşmalar, metodika və didaktika, sinfin
idarəedilməsi, şəxsi inkişaf, vaxtın idarəedilməsi,
planlaşdırma, rəqəmsal savadlılıq və s. kimi mövzularda
mühazirə və praktik məşğələlərdə iştirak ediblər. Nəzəri
və praktik məşğələlərin aparılmasına 20-dən çox
mütəxəssis cəlb olunub.
Təqaüd proqramında iştirak edən 114 nəfərdən 113-ü yekun
qiymətləndirmədə iştirak edib. Onlardan 65 nəfəri
imtahandan uğurla keçərək "Təməl" sertifikatına layiq
görülüb.
Qeyd edək ki, proqramı uğurla başa vuran iştirakçıların
sinif otaqları müvafiq İKT avadanlığı ilə təchiz olunur.
|