Çex
Respublikasının Prezidenti Miloş Zeman sentyabrın 16-da
Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim
heyəti və tələbələri ilə görüşüb.
Görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı,
akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin
təhsilə daim böyük önəm verdiyini, ulu öndərin
ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev
tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Müasir dünyada təhsilin mühüm rolunu qeyd edən rektor
BDU-nun tarixi, inkişaf mərhələləri, beynəlxalq
əlaqələri, təhsil müəssisəsində qazanılan uğurlar barədə
məlumat verib, universitetdə reallaşdırılan proqram və
beynəlxalq layihələrdən danışıb.
A.Məhərrəmov Azərbaycan Respublikası ilə Çex
Respublikası arasındakı dostluq münasibətlərindən də
bəhs edib. Ümummilli lider Heydər Əliyevin Azərbaycan
ilə Çexiya arasındakı əlaqələrin inkişafına böyük
əhəmiyyət verdiyini deyən rektor ulu öndərin bu
siyasətinin Prezident İlham Əliyev tərəfindən əzmlə
davam etdirildiyini xatırladıb.
Çexiya Prezidenti Miloş Zemanın elmin, təhsilin
inkişafına layiqli töhfələr verdiyini diqqətə çatdıran
rektor ölkələrimizin digər sahələrlə yanaşı, təhsil
sahəsində də əməkdaşlığının əhəmiyyətini vurğulayıb.
Prezident Miloş Zeman müasir dünyada gedən siyasi
proseslərdən, ölkələrarası münasibətlərdən, terrorizmə
qarşı mübarizədən danışıb.
Çexiya-Azərbaycan əlaqələrinin inkişafına böyük önəm
verdiyini bildirən Prezident Miloş Zeman müəllim və
tələbələrin suallarını cavablandırıb.
AZƏRTAC |