| 
						
						Sentyabrın 14-də Bakı şəhəri təhsil işçilərinin ənənəvi 
						sentyabr konfransı keçirilib. 
						
						Konfransda Azərbaycan Respublikasının təhsil naziri 
						Mikayıl Cabbarov, millət vəkilləri, nazirliyin struktur 
						bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 
						rəhbərliyi və əməkdaşları, məktəb direktorları, qabaqcıl 
						müəllimlər və media nümayəndələri iştirak ediblər. 
						
						Tədbirdən öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 
						əməkdaşları və bir sıra təhsil işçiləri ümummilli lider 
						Heydər Əliyevin məzarını ziyarət edərək onun ruhuna 
						hörmət və ehtiramlarını bildiriblər. 
						
						Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb. 
						
						Daha sonra nazir müavini, Bakı Şəhəri üzrə Təhsil 
						İdarəsinin müdiri səlahiyyətlərini müvəqqəti icra edən 
						Ceyhun Bayramovun hesabat məruzəsi dinlənilib. 
						
						C.Bayramov çıxışında I sinfə qəbulun 
						elektronlaşdırılması, Bakı şəhərində məktəb, lisey və 
						gimnaziyaların vahid saytlarının istifadəyə 
						verilməsindən söz açıb. Ceyhun Bayramov Bakı təhsilində 
						baş verən yeniliklər, təhsilin inkişafı istiqamətində 
						görülən işlər barədə məlumat verib. Nazir müavini sınaq 
						qiymətləndirilməsindən keçməyən yeni təyin olunan və 
						sosial məzuniyyətdən qayıdan müəllimlər üçün də  yaxın 
						aylar ərzində qiymətləndirmənin təşkil olunacağını 
						bildirib. 
						
						Konfransda çıxış edən təhsil naziri Mikayıl Cabbarov 
						təhsil sahəsindəki nailiyyətlər və mövcud problemlərin 
						həlli istiqamətində qarşıda duran vəzifələrdən danışıb. 
						Bilik günü münasibətilə təhsil işçilərini təbrik edən 
						nazir bir sıra digər həlli vacib məsələləri, yeni dərs 
						ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas 
						vəzifələri nəzərə çatdıraraq, təhsildə şəffaflıq 
						məsələlərinin vacibliyini vurğulayıb. O, dərslik 
						çapındakı problemlərdən, bunun Təhsil Nazirliyinin 
						diqqətində olmasından danışıb. Nazir valideyn-məktəb 
						münasibətlərinin əməkdaşlıq çərçivəsində həyata 
						keçirilməsinin önəmini qeyd edib, beynəlxalq 
						olimpiadalar və bu sahədə tətbiq olunmuş yeniliklər 
						barədə danışıb. Mikayıl Cabbarov öz çıxışı zamanı Təhsil 
						Nazirliyinin təşkil etdiyi təlimlərdə iştirak edərək 
						direktor vəzifəsinə təyin olunmuş şəxsləri təbrik edib 
						və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb. 
						
						Konfransda həmçinin, Xəzər rayonu  S.Abbasov adına 117 
						nömrəli tam orta məktəbin direktoru Vüqar Məmmədovun 312 
						nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Könül 
						Heydərlinin, 7 nömrəli tam orta məktəbin valideyn 
						icmasının üzvü Sevinc Qasımovanın və 54 nömrəli tam orta 
						məktəbin məzunu Gündüz Osmanlının çıxışları dinlənilib. 
						
						Daha sonra 42 ümumi təhsil müəssisəsi tədrisin 
						keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi 
						tədbirlərə və əldə edilmiş nailiyyətlərə görə Təhsil 
						Nazirliyi tərəfindən Fəxri fərmanla təltif olunub. 
						
						
						  
						
						
						www.bakuedu.gov.az
						 |