Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də
yenidənqurma işlərindən sonra Ağsu Şahmat Məktəbinin
açılışında iştirak edib.
Hazırda ölkəmizdə nəhəng idman qurğuları tikilir və ya
yenilərinin yaradılması istiqamətində mühüm addımlar
atılır. Prezident İlham Əliyevin Azərbaycan idmanının
inkişafına göstərdiyi diqqət və qayğı ölkəmizi nəinki
yerləşdiyi coğrafi məkanda, həm də bütün dünyada lider
mövqeyə yüksəldib. Ölkəmizin hər yerində Olimpiya
komplekslərinin, sağlamlıq mərkəzlərinin tikilib
istifadəyə verilməsi Azərbaycanı bu gün nəhəng idman
hərəkatının yaşandığı məkanlardan birinə çevirib. Bu
istiqamətdə şahmata olan diqqət və qayğı da
vurğulanmalıdır. Şahmatçılarımızın beynəlxalq yarışlarda
yüksək nəticələr əldə etməsi bunu bir daha təsdiqləyir.
Görülən işlərin nəticəsidir ki, artıq ölkəmiz beynəlxalq
səviyyəli şahmat turnirlərinə ev sahibliyi etməyə
başlayıb. Təsadüfi deyil ki, hazırda Bakı şahmat üzrə
növbəti Dünya Kubokuna ev sahibliyi edir. Sentyabrın
11-də təntənəli açılışı olan bu nüfuzlu yarışa
ümumilikdə 45 ölkədən 128 zəka sahibi qatılıb. Bu da
təbii ki, idmanın digər sahələri ilə yanaşı, şahmatın,
onun infrastrukturunun möhkəmləndirilməsinin də dövlətin
diqqət və qayğısı ilə əhatə olunmasının göstəricisidir.
Məlumat verildi ki, Şahmat Məktəbinin ümumi sahəsi 430
kvadratmetrdir. Burada yenidənqurma işləri yüksək
səviyyədə həyata keçirilib.
Prezident İlham Əliyevə məlumat verildi ki, Ağsu Şahmat
Məktəbində uşaqların və yeniyetmələrin idmanın bu qədim
növünün sirlərinə dərindən yiyələnmələri üçün hər cür
şərait yaradılıb. Məktəbdə şahmat dərslərinin keçilməsi
üçün zəruri avadanlıqla təchiz olunan əsas yarış zalı, 2
tədris sinfi, müəllimlər otağı və xidməti otaqlar var.
Burada şahmatla bağlı biliklərin əldə olunması və müasir
yeniliklərin qavranılması üçün ayrıca kompüter guşəsi
yaradılıb. Bu da dərslərin müasir innovativ vasitələrin
köməyi ilə keçilməsinə və ən son yeniliklərin qısa
müddətdə öyrənilməsinə şərait yaradır. Şahmat Məktəbi
bir sıra respublika səviyyəli yarışlara da ev sahibliyi
etməyə hazırdır. Onu da deyək ki, Ağsu idmançıları son
illərdə respublika və beynəlxalq şahmat turnirlərində
medal, diplom və kuboklara layiq görülüblər.
Məktəblə tanışlıqdan sonra Prezident İlham Əliyev
ərazidə salınan Şahmat parkına da baxdı.
Burada sakinlərin, eləcə də məktəbə gələnlərin
istirahəti üçün hər cür şərait yaradılıb. Parkda açıq
hava şəraitində şahmat taxtası qurulub, yaşıllıq
zolaqları salınıb, müasir işıqlandırma sistemi
quraşdırılıb.
AZƏRTAC |