Prezident İlham Əliyev açılış mərasimində iştirak
edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
sentyabrın 17-də Kürdəmirə səfəri çərçivəsində Möhübbət
Əzimov adına Atakişili kənd tam orta məktəbinin
binasının açılışında iştirak edib.
Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına
göstərdiyi diqqət və qayğı sayəsində bu sahədə tamamilə
yeni və keyfiyyətli mərhələ başlayıb. Ölkədə müasir
məktəb binaları, yeni tədris korpusları inşa olunur,
mövcud təhsil müəssisələri isə günün tələbləri
səviyyəsində yenidən qurulur. Bu proses təkcə paytaxtla
məhdudlaşmayıb, bütün bölgələri əhatə edib.
Yeni məktəb binalarının inşası və onların
maddi-texniki bazasının gücləndirilməsi istiqamətində
görülən mühüm işlər şübhəsiz ki, müəllimlərin iş,
şagirdlərin isə təhsil almaq şəraitini yaxşılaşdırmaq
baxımından çox mühüm addımlardandır. Təhsil sahəsində
görülən bütün bu işlər Azərbaycanda insan kapitalının
daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir,
dövlət siyasətinin əsas prioritetlərindən biridir.
Möhübbət Əzimov adına Kürdəmir rayon Atakişili kənd tam
orta məktəbinin binasının inşası bunu bir daha aydın
göstərir. Regionlarda bu cür məktəb binalarının
yaradılması həm də ölkəmizdə həyata keçirilən
sosialyönümlü siyasətin uğurla davam etdiyini göstərir.
Dövlətimizin başçısı məktəb binasının rəmzi açılışını
bildirən lenti kəsdi, yaradılan şəraitlə tanış oldu.
Təhsil naziri Mikayıl Cabbarov məlumat verdi ki, 624
şagird yerlik bu məktəb nazirliyin sifarişi əsasında
inşa olunub. İnşaat işlərinə 2014-cü ilin oktyabr
ayında başlanılıb və işlərin keyfiyyətlə, həmçinin
qısa müddət ərzində yekunlaşdırılması üçün bütün zəruri
addımlar atılıb. Ümumi sahəsi 6 min kvadratmetrə
yaxın olan binanın birinci mərtəbəsində ümummilli
lider Heydər Əliyevin və Prezident İlham Əliyevin
Kürdəmir rayonuna səfərlərini əks etdirən
fotoguşələr yaradılıb. Məktəbin ərazisində idman
meydançası salınıb. Üç mərtəbədən ibarət bina 53 otaqdan,
o cümlədən 26 sinif otağından, linqafon, hərbi, kompüter
otaqlarından, hər biri 2 ədəd olmaqla kimya, fizika,
biologiya fənn kabinetlərindən, idman zalından və 156
yerlik yeməkxanadan ibarətdir. Məktəbin 96 yerlik akt
zalında müxtəlif tədbirlər keçirmək mümkündür.
Dövlətimizin başçısı təhsilin yüksək səviyyədə
aparılması üçün tapşırıq və tövsiyələrini verdi.
AZƏRTAC |