Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin
Bakı filialının fəaliyyəti ilə bağlı müzakirələr
aparılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
sentyabrın 15-də Rusiya Federasiyasının səhiyyə naziri
xanım Veronika Skvortsovanı qəbul edib.
Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin
Bakı filialının açılışını əlamətdar hadisə kimi
dəyərləndirən dövlətimizin başçısı Rusiya
Federasiyasının nüfuzlu ali təhsil ocaqlarından artıq
ikincisinin ölkəmizdə fəaliyyətə başladığını
vurğulayaraq bu universitetdə də təhsilin yüksək
səviyyədə olacağına əminliyini bildirdi.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Seçenov
adına Birinci Moskva Dövlət Tibb Universitetində
mükəmməl səviyyədə təhsil aldığını qeyd edən Rusiya
Federasiyasının səhiyyə naziri Veronika Skvortsova
Mehriban Əliyevanın bu ali təhsil ocağını əla
qiymətlərlə bitirdiyini və bunu təsdiq edən sənədlərin
universitetin muzeyində saxlanıldığını məmnuniyyətlə
dedi. Rusiyanın səhiyyə naziri Seçenov adına Birinci
Moskva Dövlət Tibb Universitetinin Bakı filialında
təhsilin nəzəri və praktiki hazırlıq baxımından ən
yüksək və müasir səviyyədə olacağına əminliyini ifadə
etdi.
Tələbələrdə ilk kursdan xəstələrlə işləmək bacarığı
formalaşdırılmasının əhəmiyyətinə toxunan Rusiyanın
səhiyyə naziri bu məqsədlə xüsusi klinikanın seçilməsi
məsələsinin də müzakirə olunduğunu dedi.
Professor-müəllim heyətinin peşəkarlığının ən yüksək
səviyyədə olduğunu deyən nazir bu məsələnin daim
nəzarətdə saxlanılacağını bildirdi.
Prezident İlham Əliyev Birinci Moskva Dövlət Tibb
Universitetinin Bakı filialının yaradılması ideyasının
qısa vaxt ərzində uğurla həyata keçirildiyini dedi.
Azərbaycanda səhiyyə sahəsində görülən işlərə toxunan
dövlətimizin başçısı paytaxtda və regionlarda ən müasir
tibb ocaqlarının inşa edildiyini və yüksək tələblərə
cavab verən tibbi avadanlıqla təchiz edildiyini diqqətə
çatdırdı. Dünyada səhiyyənin sürətlə inkişaf etdiyini
vurğulayan Prezident İlham Əliyev Azərbaycanda da
əhaliyə yüksək keyfiyyətli tibbi xidmət göstərilməsinə
böyük diqqət ayrıldığını bildirdi. Hər il dövlət
proqramı çərçivəsində azərbaycanlı gənclərin dünyanın
müxtəlif ali məktəblərinə təhsil almaq üçün
göndərildiyini deyən dövlətimizin başçısı bu cür
ixtisaslaşmış universitetlərin ölkəmizdə yaradılmasının
önəmini qeyd etdi. Prezident İlham Əliyev Birinci Moskva
Dövlət Tibb Universitetinin Bakı filialının uğurla
fəaliyyət göstərəcəyinə ümidvar olduğunu söylədi.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası
arasında ikitərəfli münasibətlərin müxtəlif
istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində inkişaf
etdiyi bildirildi və bu sahədə əməkdaşlığımızın
perspektivləri ilə bağlı məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.
AZƏRTAC |