Sentyabrın
12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
paytaxtın Xətai rayonundakı 5 nömrəli Bakı Peşə
Liseyində həyata keçirilən təmir və yenidənqurma
işlərindən sonrakı vəziyyətlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə
məlumat verdi.
Qeyd edildi ki, bu təhsil ocağı 1971-ci ildə
respublikada radio-elektronika sənayesi üçün fəhlə
kadrlarının hazırlanması məqsədilə Bakı radio zavodunun
nəzdində açılıb. Peşə məktəbi 1985-ci ildə 960 yerlik bu
kompleksə köçürülüb. 1996-cı ildə isə məktəbə 5 nömrəli
Bakı Peşə Liseyi statusu verilib. Liseydə 2013-cü ildən
yenidənqurma işləri başlayıb və yeni emalatxanalar
yaradılıb. Bu il isə təhsil ocağının üçmərtəbəli tədris
korpusunda təmir işlərinə başlanılıb və yüksək səviyyədə
həyata keçirilib.
Dövlətimizin başçısı liseydə yaradılan şəraitlə yaxından
tanış oldu. Bildirildi ki, liseydə 41 kabinet yaradılıb.
Bunlardan 7-si fənn kabineti, 3-ü laboratoriya, 23-ü isə
ümumtəhsil fənn kabinetidir. Təhsil ocağında 8 tədris
emalatxanası var.
Qeyd
olundu ki, lisey 2013-cü ildən ilk peşə-ixtisas təhsili
müəssisələrinin infrastrukturunun inkişafına yönələn,
dövlət-biznes tərəfdaşlığına əsaslanan "Müasir
Azərbaycan peşəkarları" layihəsinin icrasına başlayıb.
Layihə çərçivəsində müxtəlif peşələr üzrə yüksək
maddi-texniki bazaya malik tədris ocaqları yaradılıb.
Liseydə turizm sektoruna aid ixtisasların hazırlanmasına
da böyük əhəmiyyət verilir. Bunun nəticəsidir ki, bu il
ölkəmizdə keçirilən ilk Avropa Oyunlarının
iştirakçılarına xidmət göstərmək üçün müxtəlif peşələr
üzrə 200 nəfərdən artıq kadr hazırlanıb.
Beş nömrəli Bakı Peşə Liseyində istehsalat təlim
dərslərini yüksək səviyyədə həyata keçirmək üçün bütün
ixtisaslara uyğun emalatxanalar yaradılıb və lazımi
avadanlıqla təchiz olunub. Təhsil ocağının geniş akt
zalında isə həm rayon, həm də respublika əhəmiyyətli
tədbirlər keçirmək mümkündür.
Məktəbin idman zalı da müasir səviyyədədir. Liseydə bu
ildən yeni fizika və kimya laboratoriyaları və kitabxana
yaradılıb.
2015-2016-cı tədris ilində bir neçə dövlət qurumu və
özəl təşkilatın sifarişi əsasında liseydə kadr hazırlığı
nəzərdə tutulub.
AZƏRTAC |