Bakının
Xətai rayonundakı 264 nömrəli məktəb-liseyin binası
əsaslı surətdə yenidən qurulub.
Sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev məktəb-liseydə yaradılan şəraitlə tanış
olub.
Dövlətimizin başçısına burada görülən təmir və
yenidənqurma işləri barədə məlumat verildi.
Bildirildi ki, bu təhsil ocağı 1981-ci ildə təsis olunub
və elə həmin ildən bu binada fəaliyyətə başlayıb.
Məktəb-liseyin binasında indiyədək əsaslı təmir işləri
aparılmayıb. Binada yenidənqurma işləri yüksək səviyyədə
həyata keçirilib.
Foyedə ulu öndər Heydər Əliyevin təhsil sahəsinə
göstərdiyi qayğını və Prezident İlham Əliyevin paytaxtın
Xətai rayonundakı təhsil ocaqlarının müasir standartlar
səviyyəsinə çatdırılması istiqamətində gördüyü işləri
əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Təhsil
ocağının həyətində də abadlıq və quruculuq işləri
görülüb. Həyətdə futbol, voleybol və basketbol
meydançaları yaradılıb.
Dövlətimizin başçısının təhsilin inkişafına göstərdiyi
diqqət və qayğının nəticəsi olaraq son illərdə müasir
məktəb binaları tikilir, təhsil müəssisələri üçün yeni
korpuslar inşa olunur. Bu proses təkcə paytaxtla
məhdudlaşmayıb, bölgələri də əhatə edib. Məktəblərin
maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də
mühüm işlər görülüb. Heydər Əliyev Fondu da dövlət
səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına
güclü dəstək verib.
Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları
ilə diqqət çəkən bu təhsil ocaqlarından biri də 264
nömrəli məktəb-liseydir. Burada təlim-tədrisin yüksək
səviyyədə aparılması üçün hər cür şərait yaradılıb.
Bütün sinif otaqları, fənn kabinetləri ən müasir
tələblər səviyyəsində qurulub. Məktəb yüksək tələblərə
cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə
təchiz edilib.
Təhsil ocağında tədris ikinövbəli rejimdə aparılır.
Məktəbdə Azərbaycan və rus bölmələrində 1399 şagird
təhsil alır. Onların təlim-tərbiyəsi ilə 117 müəllim
məşğul olur. Şagirdlər 7-ci sinifdən etibarən texniki və
humanitar siniflərə bölünürlər.
264 nömrəli məktəb-lisey 2008-ci və 2014-cü illərdə ilin
ən yaxşı məktəbi seçilib. 2014-2015-ci tədris ilində
məktəbi bitirən 98 məzunun 76 faizi ali məktəblərə qəbul
olunub. Onlardan 7-si 600-dən yuxarı bal toplayıb.
Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda
insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə
xidmət edir. Prezident İlham Əliyevin təhsilin
inkişafına göstərdiyi diqqət və qayğı bir daha
təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas
prinsiplərindən biridir.
AZƏRTAC |