Lənkərandakı
Cənub Regional Boks Mərkəzində qarışıq döyüş növləri
üzrə respublika çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, bütün yaş qruplarını əhatə edən
çempionatda 220 idmançı qələbə uğrunda mübarizə aparıb.
Yarışa 44 idmançı ilə qoşulan lənkəranlılar 25 medala
sahib olublar. Bunun 9-u qızıl, 13-ü gümüş, 3-ü isə
bürünc medaldır. Ümumi komanda hesabında lənkəranlı
idmançılar birinci yeri tutublar.
Azərbaycan Qarışıq Döyüş Növləri Mərkəzinin direktoru
Sevindik Mehdiyev yarışların təşkilindən və idmançıların
çıxışından razı qaldığını bildirib.
Qeyd edək ki, qarışıq döyüş idman növü üzrə respublika
yarışları ildə iki dəfə keçirilir. Bunlardan biri
Azərbaycan kuboku yarışları, digəri isə ölkə
çempionatıdır. |