Sentyabrın
7-də Oğuz Olimpiya İdman Kompleksində "Açıq əyləncəli
futbol məktəbi" layihəsinə start verilib. Açıq Əyləncəli
Futbol Məktəbləri Assosiasiyasının təşkilatçılığı ilə
keçirilən və üç gün davam edəcək futbol məktəbində
200-dək uşaq və yeniyetmə iştirak edir.
Açılış mərasimində AFFA-nın birinci vitse-prezidenti,
Milli Məclisin deputatı Rauf Əliyev və rayon icra
hakimiyyətinin başçısı Eyvaz Qurbanov çıxış edərək
Oğuzda artıq yeddinci dəfədir təşkil olunan futbol
məktəbinin əhəmiyyətindən danışıblar.
Bildirilib ki, UEFA-nın dəstəyi, Danimarkanın Kəsişən
Mədəniyyətlər Assosiasiyasının təşkilatçılığı ilə
reallaşan layihə çərçivəsində 2004-cü ildən ölkəmizdə də
açıq əyləncəli futbol məktəbləri fəaliyyət göstərir.
Dünyanın bir sıra ölkələrində geniş vüsət alan bu aksiya
münaqişələrin mövcud olduğu ölkələrdə uşaqların
həyatını, yaşayış tərzini əyləncəli idman növləri ilə
bir qədər dəyişmək, idmana marağı artırmaq, uşaq
futbolunun inkişaf etdirilməsinə dəstək məqsədi daşıyır.
Diqqətə çatdırılıb ki, respublikamızda indiyədək təşkil
olunan açıq əyləncəli futbol məktəblərində 22 minədək
uşaq və yeniyetmə iştirak edib.
Gün ərzində davam edən təlim-məşqlər xüsusi hazırlıq
kursu keçmiş məşqçilər tərəfindən aparılıb. Uşaqlara,
həmçinin idman geyimləri və ləvazimatları, futbol
topları hədiyyə olunub. |