Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2015 - №34

 

Xarici mətbuatdan

 

Belarusda 12 yaşlı məktəbli tələbə old 

Timur Suşko builki qəbul kampaniyasında ən məşhur sima olub 

Belaruslu 12 yaşlı  Timur Suşko builki ali məktəblərə qəbul kampaniyasında ən məşhur sima olub.  12 yaşlı məktəbli  Belarus Dövlət Tibb Universitetinin müalicə işi  fakültəsinin tələbəsi adını qazanıb. Onun qeyri-adi istedadı çox erkən yaşlardan özünü büruzə verib.   "Anatomiya mənim çox xoşuma gəlir. Xüsusən də insan beyni məndə güclü təəssürat yaradır.  Buna görə də mən neyrocərrah olmaq istəyirəm", - deyə Timur bildirib. Timur 2 yaşda tələsik də olsa üzdən oxumağı bacarıb, 5 yaşda məktəbə gedib.  Birbaşa 2-ci sinfə qəbul olunub.  5-ci sinifdən birbaşa 7-ci sinfə keçib.  9 yaşında X sinifdə oxuyub, 12 yaşda isə məktəbi bitirib.  "Mən biliklərə can atırdım.  Mənə müəllimlərim, valideynlərim kömək edirdi, mən özüm  də oxuyurdum.  Mən qətiyyətlə mərkəzləşdirilmiş test imtahanlarına hazırlaşırdım, bu mənim üçün normal idi", - deyə ölkənin ən gənc tələbəsi bildirib.  Üzgüçülüklə ciddi surətdə məşğul olan Timur 2020-ci ildə Tokioda keçiriləcək Olimpiadada iştirak etməyi və ölkəsinə qızıl medalla qayıtmağı qarşısına məqsəd qoyub.

 

"5" ballıq qiymətləndirmədən imtina 

Müəllimlərin  avqust toplantısında bu məsələ də müzakirə olunub 

Qazaxıstan yaxın vaxtlarda şagird biliklərinin "5" ballıq qiymətləndirilməsi təcrübəsindən imtina edə bilər. Bu məsələ Qazaxıstan müəllimlərinin  avqust toplantısında müzakirə olunub.  "Uşaqların biliklərini  obyektiv qiymətləndirmək  mümkün deyil. Məsələn,  "3"-ü o uşağa yazırlar ki,  "4"-ə çata bilmir və eləcə də o uşağa yazırlar ki, "2" yazmaq istəmirlər.  Buna görə də qiymətləndirmə sistemini intellektual məktəblərdəki qiymətləndirmənin xeyrinə dəyişməliyik"-deyə Qazaxıstanın Təhsil və Elmə Nəzarət  üzrə Dövlət Komitəsinin  nümayəndəsi Zinaş Jandildin bildirib. Yeni qiymətləndirmə sisteminin  gələn tədris ilindən tətbiqi nəzərdə tutulur. Dövlət komitəsinin  sədri Sayat Nyusupovun sözlərinə görə, bu gün qiymətləndirmənin regional xüsusiyyətləri var.  Başqa sözlə desək, məsələn, Aktaudan olan əlaçı şagird Almatıdan olan əlaçı ilə müqayisədə tamamilə fərqli biliklərə  malikdir. Bu isə yolverilməzdir.  Şagird biliklərinin  10 ballıq qiymətləndirmə sistemində isə pedaqoqlar yoxlama işlərinin nəticələrini  yox, şagirdlərin bacarıq və vərdişlərinin  məcmusunu təhlil edirlər.  Beləliklə də müəllimlər hesab edirlər ki, hazırkı  5 ballıq qiymətləndirmə sistemi artıq yararsızdır.

 

250 milyon uşaq savadlılığın əsaslarını bilmir 

BMT-nin Baş katibi Pan Gi Mun narahatdır 

BMT-nin Baş katibi  Pan Gi Mun Beynəlxalq Savadlılıq Günü münasibətilə müraciət yayıb. "Uçitelskaya qazeta"nın məlumatına əsasən, müraciətdə  göstərilir ki,  dünyada təxminən 250 milyon məktəbyaşlı uşaq  savadlılığın əsasları üzrə təlim keçməyib,  124 milyon uşaq və yeniyetmə isə məşğələlərə getmir.  "Dünyada daha 750 milyon yaşlı insan savadsızdır,  onların 2/3-si  qadınlardır ", - deyə Pan Gi Mun bildirib.    BMT-nin Baş katibi vurğulayıb  ki, yaşından asılı olmayaraq bütün insanlar oxumağı öyrənmək şansına malikdir.  "Əgər biz  onlara bu imkanı verə bilsək, biz daha səmərəli, təhlükəsiz və stabil cəmiyyətin qurulmasına kömək edəcəyik". Savadsızlığa qarşı mübarizənin aparılması inkişaf  sahəsində 2015-2030-cu illər üçün nəzərdə tutulmuş yeni qlobal gündəliyin bir hissəsidir. Sentyabrın sonunda BMT Baş Qərargahında təsdiq olunacaq bu plan davamlı inkişafın  17 hədəfini müəyyən edir. Hədəflər  ümumi təhsilin təmin edilməsi ilə yanaşı, aclıq və xəstəliklərə qarşı mübarizə, yoxsulluğun tam aradan qaldırılmasını  da nəzərdə tutur.

 

Böyük Britaniya alimləri araşdırma aparıb 

Valideynlər uşaqlarına nağıllar oxumağı sevirlər 

Böyük Britaniyada aparılmış tədqiqatlara əsasən, valideynlərin 54 faizi öz uşaqlarına nağıllar oxumağı sevir. Yaşlıların 27 faizi bunu hətta telefon vasitəsilə edir. 34 faizi isə  körpələrinə yuxudan əvvəl nağıl danışa bilmədiyinə görə özünü günahkar hesab edir. "The Daily Mail" jurnalının yazdığına əsasən, böyüklər öz körpələrini yatızdırmaq üçün orta hesabla 164 saat və 15 dəqiqə vaxt sərf edirlər. Bununla belə, valideynlərin 19 faizi bildirib ki, yeni dərs ili qabağı bunu etmək daha çətindir. Valideynlərin 51 faizi yatmazdan əvvəl uşaqlarına müxtəlif əhvalatlar danışıb. Amma onların 8 faizi etiraf edib ki, bu işin öhdəsindən yetərincə yaxşı gələ bilmir. Araşdırmalar gedişində məlum olub ki, uşaqlardan 56 faizi nağılı müxtəlif səslərdə eşitməyi sevir, 25 faizi nağıla tamaşa etməyə üstünlük verir. Bundan əlavə, uşaqların çoxu əjdahalar, pərilər və sehrbazlar haqqında nağılları, o cümlədən 36 faizi hadisələri qəsrdə cərəyan edən, 18 faizi uydurma sehrli ölkə haqqında, 19 faizi meşə, 8 faizi kosmos ilə bağlı, 21 faizi atlı qəhrəmanlar, 14 faizi uçan avtomobillər, 9 faizi sehrli xalça haqqında nağılları sevir.  

 Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
xarici mətbuat
materialları əsasında

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov