Jalə
Mayılova 2000-ci ildə Bakıda anadan olub. Rauf
Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbində
əməkdar müəllim Tamilla Məmmədovanın sinfində
fortepianonun sirlərinə dərindən yiyələnir. Gənc
yeniyetmə 10 yaşında olarkən Polşanın ölkəmizdəki
səfirliyinin təşəbbüsü ilə keçirilən Şopen
müsabiqəsində uğurlu çıxışına görə diplomla
mükafatlandırılıb. 2011-ci ildə Azərbaycanın Dövlət
müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə
keçirilən VIII Respublika baxış-müsabiqəsində I, "Kainat"
Gənclik mərkəzinin və Bakı Musiqi Akademiyasının
təşkilatçılığı ilə keçirilən İslam dünyası gənclərinin
20 yaşadək klassik musiqi ifaçılarının I Beynəlxalq
müsabiqəsində I yeri tutaraq qalib adını qazanıb. O,
Rusiyanın Samara vilayətində təşkil olunan Uşaq Musiqi
Akademiyasında Rostislav Krimerdən ustad dərsləri
alıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə keçirilən gənc pianoçuların II Respublika
müsabiqəsinin laureatı adını qazanan gənc fortepianoçu
Almaniyanın Münhen şəhərində keçirilən "Münhen
ulduzları" müsabiqəsində həm solo, həm də ansambl
nominasiyalarında məharətli çıxışına görə qızıl medalla,
Ukraynada keçirilən X beynəlxalq musiqi müsabiqəsində
"İnduvidualis" laureat adı ilə, Böyük Britaniya,
Macarıstan, Azərbaycan, Rusiya, Ukrayna, Yaponiyadan
istedadlı uşaqların qatıldığı "Budapeştin ulduzları -
gənclik, ilham, istedad", "Macar oyunları", XIV
Beynəlxalq festival-müsabiqədə həm solo fortepiano, həm
də ansambl nominasiyalarında 2 qızıl medalla təltif
olunub. 2013-cü ildə ümummilli lider Heydər Əliyevin
anadan olmasının 90 illik yubileyinə həsr olunmuş
Respublika müsabiqəsində I yerə, "İstedadlı uşaqlar
festivalı-2013"-də diplom və kubokla, Gürcüstanda
"Gənc pianoçuların beynəlxalq müsabiqəsində diplomant
(2014), Rusiyanın Çelyabinsk şəhərində "Dostluğun ipək
yolu-mədəniyyətlərarası dialoq" layihəsində konsert
proqramında diplom və fəxri fərmanlara layiq görülüb.
Festival və konsertlərdə, müxtəlif nominasiyalı
müsabiqələrdə qazandığı nailiyyətlərin bəhrəsidir ki,
gənc istedadın adı 2013-cü ildə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin müvafiq
sərəncamı ilə Azərbaycanın gənc istedadlarının "Qızıl
kitabı"na yazılıb və o, xüsusi aylıq təqaüdə layiq
görülüb.
Qeyd edək ki, J.Mayılovanın Azərbaycan Dövlət
Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində, Bakı
Musiqi Akademiyasında, "Kapelhans" Azərbaycan-Alman
Mədəniyyət Mərkəzində, R.Behbudov adına Mahnı
Teatrında, eləcə də Üzeyir Hacıbəyli, M.Rostropoviç,
T.Salahovun ev-muzeylərində uğurlu çıxışları
tamaşaçıları məmnun edib və alqışlarla qarşılanıb.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |