Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2015 - №34

 

"Bu uğurumda təhsil aldığım məktəbin xidməti çox böyükdür"

 

Müsahibimiz 700 bal toplayan tələbə Əli İsgəndərovdur 

Əli İsgəndərov 1997-ci ildə Cəlilabad şəhərində anadan olub. Xırdalan şəhər Bəxtiyar Cəfərov adına 3 nömrəli məktəb-liseyi bitirib. I sinifdən XI sinfə kimi bütün fənlərdən əla qiymətlər alıb. Abşeron rayonu üzrə  riyaziyyat fənni olimpiadalarında  birinci yeri tutub, təhsildə və nizam-intizamda  fərqləndiyinə  görə çoxlu sayda fəxri fərman  və diplomlarla mükafatlandırılıb. II ixtisas  qrupu üzrə 700 bal  toplayıb. 

- Əli, orta məktəbdə səni yaxşı oxumağa kim həvəsləndirib?

- Təbii ki valideynlərim... Hələ  uşaq ikən  oğlan  uşaqları atalarından oyuncaq  maşın istəyəndə mən atamdan  kağız, rəngli karandaşlar,  nağıl  kitabları almağı  xahiş edirdim. 4 yaşım olanda artıq vurma cədvəlini əzbər  bilirdim, hərfləri  öyrənirdim. Yorulmağın  nə olduğunu  bilmirdim.   Ona görə də  1-ci sinifdən 11-ci sinfədək əla qiymətlərlə  oxumuşam, sinif nümayəndəsi olmuşam. Müəllimin  verdiyi bütün tapşırıqları vaxtında yerinə yetirirdim.  Çalışırdım ki, müəllimlərimin etimadını doğruldum. Dərslərimi  planlı şəkildə öyrənirdim. 700 bal  toplamağımda əsas  şərt də elə bu olub. Əməksevərlik və prinsipiallıq.

- Səncə 700 bal toplamaq üçün  çox oxumaq lazımdır,  yoxsa sadəcə  gündəlik dərslərə yaxşı hazırlaşmaq?

- Oxumaq da lazımdır, dərslərdə müntəzəm iştirak etmək də. Əsas  zəhmətdir. Zəhmət çəkməsən,  bəhrəsini  görməzsən. Yuxusuz  gecələrimin  bəhrəsi  göz önündədir. Qarşına məqsəd qoymalı və bu məqsədə çatmaq üçün çox çalışmalısan. Mən də belə etdim.  Gündəlik hazırlıqlarda iştirak edib vaxtı-vaxtında dərslərimi oxudum.  İdmandan başqa,  əyləncələrdən daha çox  dərslərimə  vaxt  ayırmağa çalışırdım. Hətta istirahət vaxtlarımda da  dərs oxumağa, daha mükəmməl hazırlaşmağa çalışırdım. Qəbul gününə kimi çox uzun və zəhmətli yol keçdim. Zəhmətimin bəhrəsi olaraq ən yüksək nəticəni əldə edəndə ataların əmək  haqqında dediklərinin hədər olmadığını  dərk etdim. Tarixin süzgəcindən keçən tarixi kəlamlar mənim gərgin əməyimin timsalında bir daha təsdiqini tapdı.   Şübhəsiz, mən buna görə öncə valideynlərimə və müəllimlərimə, bir də mənə   nümunə olan, 630 balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olan bacıma minnətdaram.  İndi həmin nümunəni mən  balaca qardaşıma göstərirəm. O da dərs əlaçısıdır.

- Hazırlığa getməsəydin bu nəticəni əldə edəcəkdinmi?

- Məqsədinə çatmaq üçün gərgin əmək sərf etməsə insan heç nəyə nail ola bilməz. 10-cu və 11-ci sinifləri müəllim yanına getmişəm. Mən hədəfi düzgün seçdim və arzumu reallaşdırdım. Yenə də təkrar edirəm: Bu uğurumda təhsil aldığım məktəbin xidməti çox  böyükdür.

- Hansı dilləri bilirsən?

- İngilis dilində sərbəst danışıram. İnşallah daha da dərindən öyrənməyə çalışacağam və başqa dilləri də öyrənəcəyəm. İnsan nə qədər dil bilsə, o qədər də xalqın mədəniyyəti, ədəbiyyatı, tarixi barədə bilgilərə  malik  olar. Mən hələ özümü qalib saymıram. Ən böyük arzularıma çatmaq üçün hələ çox  çalışmalıyam. Təhsil alacağım ali məktəbi də fərqlənmə diplomu ilə bitirməyə çalışacağam və bütün həyatımı dünya elmini öyrənməyə həsr edəcəyəm. Bu sadəcə bir arzu deyil, qarşıma qoyduğum məqsəddir və onlara  nail olmağın yalnız bir yolu olduğunu yaxşı dərk edirəm: Oxumalı, oxumalı və yenə də oxumalıyam. Bu vaxtadək çalışdığımdan beşqat artıq çalışmalıyam ki, bu arzuları da reallaşdıra bilim.

- İmtahana  gedərkən həyəcan  keçirirdinmi?  Axı  necə olmasa bu bir  bilik yarışması idi...

- Bəlkə də idmanda bu qorxu hissi yaşana bilər. Çünki yarışa nə qədər hazırlıqlı olsan da rəqibinin gücünə tam bələd  olmursan. Bilik meydanı isə bir az başqa cürdür, proqramı tam mənimsədinsə, qorxu hissi sənə hakim kəsilə bilməz. Amma imtahan məsuliyyəti insanı rahat buraxmır. Suallar qarşına qoyulandan  bir neçə dəqiqə sonra hər şey sənin üçün adiləşir və özünü  rahat hiss edirsən.

-  Yüksək nəticə əldə  etdiyini eşidəndə hamıdan çox kimlər sevindi? Sevincini  ilk öncə kimlərlə bölüşdün?

- Sevimli  nənəm, anam və  atamla.  Çünki onlar imtahan verdiyim  təhsil ocağının yanında  əsgər kimi dayanıb hamıdan çox həyəcan keçirirdilər. 

Anası Rəqsanə xanımın dedikləri:

Ev başıma fırlanırdı. Özümü çox pis hiss edirdim. Nəticəni bilmədiyimə görə həyəcan məni boğurdu. Bacı-qardaş Space telekanalında cavabları yoxlayarkən eşitdiyim şad xəbər bir dünya sevinc bəxş etdi mənə. Heç vaxt belə sevinməmişdim.

- Ən böyük  arzun?

- "ADA" Universitetinin Beynəlxalq münasibətlər fakültəsini seçmişəm.  Gələcəkdə diplomat olmaq, xalqımı, dövlətimi layiqincə təmsil etmək arzusundayam. Ən böyük arzum isə dünya turuna çıxmaqdır.

- Magistraturanı Azərbaycanda oxuyacaqsan,  yoxsa xaricdə davam etdirmək niyyətindəsən?

- Dövlət Proqramı çərçivəsində xarici dövlətlərin birində təhsilimi davam etdirmək ən böyük arzumdur.

- Yaddaqalan bir xatirən varmı? 

- O qədər,  səhv etmirəmsə 2012-ci ilin tədris ili idi.  Məktəbin  dərs əlaçıları    bir sinfə  toplanmalı idi.  Sinifdə  hay-küy qopdu.  Heç kim mənim sinfi tərk etməyimi istəmirdi. Hətta   sinif  rəhbəri  Laləzar   Süleymanova  dedi ki,  əgər bu sinifdən getsən mən də bu sinfi tərk edəcəyəm. Mən öz sinfimdə qaldım. İkinci bir əhvalat da  belə olmuşdu:  Sərt soyuq qış günlərindən birində anam  məni çətinliklə də olsa məktəbə çatdıra bildi.  Biz təhsil ocağına çatanda gördük ki, qapılar bağlıdır. Gözətçi dedi ki,  a bala,  belə havada  dərs olar?  Get,  hava açsa,  sabah  gələrsən. Mən hirsimdən ona qışqırdım ki, aç qapını, mən dərsə girməliyəm. Bunu deyib məktəbin giriş qapısını yumruqla döyəcləməyə başladım. Gözətçi qapını açmadığına görə mən  hönkürtü ilə ağladım. Çünki həmin gün müəllimlərimi, sinif yoldaşlarımı görməyəcəkdim və növbəti  "beş"lərimi almayacaqdım.

- Hobbin nədir?

- İdmanın  basketbol və voleybol növlərini  çox  sevirəm. Dəfələrlə Abşeron rayon məktəblilərinin XVII Spartakiadası proqramına daxil olan basketbol və voleybol idman növü üzrə yarışlarında oğlanlar arasında II yeri tutub diplomla təltif olunmuşam.   Qubada keçirilən "Kim?, Nə?,  Harada?" yarışında, məktəbdə keçirilən  intellektual oyunlarda iştirak edib qalib olmuşam.

- Artıq  yeni dərs  ilinin  başlanmasına  saylı  günlər qalıb.  Nə  arzulardın  məktəblilərə?

- Oxumaq, oxumaq, yenə oxumaq.

Məktəbin direktoru Sevinc Əliyevanın dedikləri:

- Məktəbimiz  Əli ilə  fəxr edir. Tədris illərində təlimdə qazandığı  müvəffəqiyyətlər  və nümunəvi davranışı  hamını sevindirir.  Əli  məktəbimizin intizamlı, savadlı, bacarıqlı, hazırcavab  məzunlarındandır. Təhsildə  qazandığı uğurların nəticəsidir ki, o,  700 bal toplayaraq  hamımıza başucalığı  gətirdi.  Əli Azərbaycan təhsilimizin fəxridir.   O, məktəbimizdə  "Yeriyən kitab"  titulu qazanmışdı.  Əli ensiklopedik  biliyə malik şagird olub və tələbə olanda da bu adı doğruldacağına  hamımız əminik.

Əlinin gündəliyini vərəqləyərkən qürur hissi keçirməyə bilmirsən.  Son səhifədə sinif rəhbəri Laləzar Süleymanovanın  yazdığı ürək sözlərini  də həyəcansız oxumaq mümkün deyil.

"Əziz balam, sinfimizin fəxri Əlim mənim. Səni  həmişə uca zirvələrdə görməyi, haqqında həmişə xoş sözlər eşitməyi arzulayıram. Mən əminəm ki, mənim də, özünün də istəklərimiz  həyata keçəcək. Arzumuz  çin olsun. Dəyanətli, dözümlü, ağıllı, çalışqan olduğun üçün səni alqışlayıram. Həyatın ən xoşbəxt anları sənə qismət olsun. Xoş günlər həmişə yol yoldaşın, Əli köməyin olsun. Valideynlərinin, müəllimlərinin gözünə çıraq olasan. Sənin haqqında ürəyimdən keçən xoş sözlərdən ancaq dastan yazmaq olar. Xoşbəxt ol!  Dərslərində uğurlar".

Bəli, milli təhsilimiz  Əli kimi bilikli, xalqımıza və elmimizə başucalığı gətirəcək gənclərimizin sayəsində dünya elminə hələ çox töhfələr verəcək. Bu, ilk növbədə Azərbaycan dövlətinin  təhsil sistemimiz qarşısında  qoyduğu ən  ümdə vəzifədir. 

Sifai SƏFƏROVA,    
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov