| 
						
						Müsabiqənin birincisi Firuzə Kərimli ilə söhbət  
						
						 Artıq 
						bir neçə ildir ki, Təhsil Nazirliyi tərəfindən  
						ümumtəhsil müəssisələrinə və peşə liseylərinə 
						müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilir. Ötən 
						illərdə olduğu kimi bu il də müsabiqə yüksək səviyyədə 
						təşkil olunmuş, 21795 müəllim 3462 vakant yer uğrunda 
						mübarizə aparmışdır. Nəticədə müsabiqənin hər 3 
						mərhələsini uğurla başa vuran 2445 müəllim vakant yerdə 
						işləmək hüququ qazanmışdır. Müsabiqədə ən yüksək balı - 
						60 mümkün baldan 58.236-balı coğrafiya müəllimi  Firuzə 
						Kərimli toplayıb.  Onunla yeni təyinat aldığı Bakının 
						Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 125 nömrəli 
						tam orta məktəbdə görüşdük. Müsabiqə ilə bağlı 
						təəssüratlarını bizimlə bölüşən F.Kərimli digər 
						suallarımızı da cavablandırdı. 
						
						
						- Özünüz haqqında qısa məlumat verərdiniz. 
						
						- 1992-ci ildə Tərtər rayonunun Sarov kəndində anadan 
						olmuşam. Orta məktəbi həmin kənddə bitirdikdən sonra 490 
						bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji 
						Universitetinin tarix-coğrafiya fakültəsinə daxil oldum. 
						Hazırda həmin universitetdə ixtisasım üzrə magistr 
						təhsili alıram. 
						
						
						- Müsabiqə haqqında fikirləriniz? 
						
						- Müsabiqə yüksək səviyyədə təşkil olunmuşdu. Fikrimcə 
						ən böyük əhəmiyyəti şəffaf şəkildə keçirilməsidir. Son 
						illər respublikamızda aparılan təhsil islahatları və bu 
						islahatların tərkib hissəsi olan müəllimlərin vakant iş 
						yerlərinə qəbulu  üçün keçirilən müsabiqəni yüksək 
						qiymətləndirirəm. Düşünürəm ki, bilik və bacarığına 
						güvənən hər bir müəllim heç bir maneə olmadan iş yerinə 
						sahib ola bilər. Bunun üçün ölkəmizdə şəffaf mexanizm 
						mövcuddur. Müsabiqənin qaydaları da çox sadələşdirilmiş 
						şəkildədir. 3 mərhələdən ibarət müsabiqənin 1-ci 
						mərhələsində ərizə qəbulu zamanı heç bir problemlə 
						üzləşmədim. Elektron qaydada sənədləri qəbul etdilər. 
						2-ci mərhələdə də imtahan obyektiv keçdi. Suallar bir o 
						qədər də çətin deyildi.  3-cü mərhələdə də heç bir 
						çətinlik olmadan seçdiyim  məktəbə yerləşdirildim. 
						
						
						- Ölkəmizdə aparılan təhsil islahatlarını necə 
						qiymətləndirirsiniz? 
						
						- Son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi təhsil 
						sahəsi də özünün yüksək inkişaf mərhələsindədir. 
						Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və 
						qayğını xüsusilə vurğulamaq istəyirəm. Düşünürəm ki, 
						təhsilimizin bütün sahələri dinamik şəkildə inkişaf edir. 
						Bir çox dövlət proqramları, islahatlar həyata keçirilir. 
						2013-cü ildə  "Azərbaycan Respublikasında təhsilin 
						inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq olunması 
						isə təhsilimizdə yeni bir səhifənin başlanğıcı, mən 
						deyərdim ki, bir inqilab oldu. Bütün bunları nəzərə 
						aldıqda təhsilimizin dünya təhsil sisteminə sürətlə 
						inteqrasiya etdiyini, aparılan islahatların çox səmərəli 
						və düzgün olduğunu düşünürəm. 
						
						
						- Müsabiqədə yüksək bal toplayacağınıza əmin idinizmi? 
						
						- Səmimi desək, qarşıma ən yüksək bal toplamaq kimi bir 
						məqsəd qoymamışdım. Çalışırdım ki, yüksək nəticə əldə 
						edim və nəzərdə tutduğum təhsil ocağına müəllim kimi 
						daxil olum. Şükürlər olsun ki, məqsədimə çatdım. Builki 
						müsabiqədə ən yüksək bal topladığımı eşidəndə isə təbii 
						ki, çox sevindim. Çünki 20 mindən artıq iştirakçı 
						arasında I yeri tutmağım çox qürurvericidir.  
						
						
						- Sizcə, yaxşı müəllim olmaq üçün nə etmək lazımdır? 
						
						- Əvvəla qeyd edim ki, hər bir peşə sahibi öz sənətinin 
						vurğunu olmalıdır. Çünki sənətini, peşəni sevməsən, o 
						sahədə uğur qazana bilməzsən. Bu baxımdan əsl müəllim 
						olmaq üçün ilk növbədə peşəyə vurğun olmalısan. Bundan 
						sonra yorulmadan çalışmalı və peşənin sirlərinə dərindən 
						yiyələnməlisən. Düşünürəm ki, yaxşı müəllim təkcə 
						savadlı olmaq demək deyil. Müəllim həm psixoloq, həm 
						lider, həm də təşkilatçılıq qabiliyyətlərini özündə 
						cəmləşdirməli, ünsiyyət qurmaq bacarığına malik 
						olmalıdır.  
						
						
						- Yeni təlim metodları haqqında düşüncələriniz? 
						
						- Universitetdə bakalavr pilləsi üzrə təhsil alarkən 
						yeni təlim metodları, innovasiyalar haqqında müəyyən 
						biliklərə yiyələnmişəm. Pedaqoji təcrübə keçdiyimiz 
						zaman kurikulum anlayışı haqqında müəllimlərimizdən 
						müəyyən biliklər əldə etmişəm. Müəllim olacağımı 
						düşünərək bu haqda nəzəri biliklərə yiyələnmişəm. 
						Zənnimcə, kurikulum günün tələbidir. Dünyanın inkişaf 
						etmiş ölkələrində olduğu kimi bizim ölkəmizdə də tətbiq 
						olunmasını təqdirəlayiq hal hesab edirəm. 
						
						
						- Niyə məhz coğrafiya fənni? 
						
						- Humanitar fənlərə məndə həvəs məktəb illərindən olub. 
						Özümü bu sahədə daha sərbəst və rahat hiss edirdim. 
						Tarix və coğrafiyanı seçməyimdə ən böyük faktor isə mənə 
						bu fənləri tədris edən müəllimim idi. Onun sayəsində bu 
						fənlərin həm dərinliklərinə yiyələndim, həm də  fənnə 
						marağım ikiqat artdı. Fürsətdən istifadə edib bütün 
						müəllimlərimə öz dərin təşəkkürümü bildirirəm. 
						
						
						- Karyeranızın kulminasiya nöqtəsini harda görürsünüz? 
						
						- Pedaqoji fəaliyyətimlə yanaşı, elm sahəsində yüksək 
						nəticələr əldə etməyi qarşıma məqsəd qoymuşam. Düşünürəm 
						ki, təhsillə elm bir-birinə bağlıdır. Elm sahəsində 
						tədqiqatlar aparıb öz ixtisasım üzrə yüksək səviyyəli 
						elm adamı olmağı karyeramın kulminasiya nöqtəsi hesab 
						edirəm. Bunun üçün ölkəmizdə hər bir şərait var və mən 
						də bir gənc olaraq bu imkanlardan maksimum istifadə edib 
						məqsədimə doğru addımlamağı planlaşdırıram.  
						
						
						- Bu məktəbi seçməyinizdə məqsədiniz? Yüksək bal 
						topladığınız halda niyə məhz şəhər məktəbini deyil, 
						mərkəzdən uzaq  ərazidə yerləşən məktəbi seçdiniz? 
						
						- Hazırda Xəzər rayonunun Binə qəsəbəsində yaşayıram. 
						Bizim yaşadığımız əraziyə vakant yer olan ən yaxın 
						məktəb Buzovna qəsəbəsində yerləşən 125 nömrəli tam orta 
						məktəb idi. Bundan başqa, məktəbin yüksək səviyyədə 
						maddi-texniki bazasının olması, müasir standartlara 
						cavab verməsi, nizam-intizamın mövcudluğu və digər bir 
						sıra amillər bu məktəbi seçməyimə səbəb oldu.  Səmimi 
						olaraq demək istəyirəm ki, bu məktəbdə işləyəcəyim üçün  
						qürur hissi duyuram. 
						
						Biz də gənc mütəxəssis Firuzə Kərimliyə pedaqoji 
						fəaliyyətində uğurlar arzulayır, bu müqəddəs və şərəfli 
						peşədə iri addımlarla hədəfə doğru irəliləməsini 
						diləyirik.  
						
						
						Niyazi RƏHİMOV,"Azərbaycan müəllimi"
 |