Son
illər ölkəmizdə aparılan təhsil islahatları, təhsillə
bağlı həyata keçirilən Dövlət Proqramları nəticəsində
istər şagirdlərimiz, istərsə də tələbələrimiz beynəlxalq
müsabiqələrdə, fənn olimpiadalarında uğurla çıxış
edirlər. Bu sahə Təhsil Nazirliyinin xüsusi diqqətində
dayanır, müsabiqə və olimpiadalarda ölkəmizin layiqincə
təmsil olunması istiqamətində sistemli şəkildə işlər
görülür. Təhsil Nazirliyinin Pilot layihələrlə iş
sektorunun aparıcı məsləhətçisi Fuad Qarayevdən
aldığımız məlumata əsasən hazırda fənlər üzrə beynəlxalq
olimpiadalara hazırlıqla bağlı davamlı işlər həyata
keçirilir. Şagirdlərimizin beynəlxalq yarışlarda daha
da uğurlu çıxışını təmin etmək məqsədilə Bakı şəhəri
fizika-riyaziyyat və informatika təmayüllü liseyin və
Sumqayıt şəhəri texniki təmayüllü gimnaziyanın nəzdində
olimpiadalara hazırlıq mərkəzləri yaradılıb. Qeyd edək
ki, fənn müsabiqələrinin nəticələrinə əsasən yüksək
nəticə göstərmiş şagirdlər olimpiadalara hazırlıq
mərkəzlərinə cəlb edilib. Yanvar ayından etibarən həmin
şagirdlər bu mərkəzlərdə hazırlanmış xüsusi proqram üzrə
dərslər keçib. Fizika -riyaziyyat və informatika
təmayüllü liseyin nəzdində fizika, riyaziyyat və
informatika fənləri üzrə həm liseyin, həm də fənn
müsabiqələrinin nəticələrinə əsasən seçilmiş şagirdlər
üçün xüsusi qruplar yaradılıb və olimpiadaya xüsusi
hazırlıq dərsləri keçirilib. Mərkəzdə 70 -ə yaxın
şagird olimpiadalara hazırlıq dərslərində iştirak edib.
Sumqayıt şəhərindəki mərkəzdə isə fizika və riyaziyyat
fənni üzrə ümumilikdə 60-a yaxın şagird xüsusi dərslərə
cəlb edilib.
Tədris ilinin sonunda, may ayında hər iki mərkəzdə
xüsusi dərslər alan şagirdlər arasında seçim imtahanı
keçirilib. Yüksək nəticə əldə edən 80-ə yaxın şagird
Təhsil Nazirliyi tərəfindən təşkil olunan Yay Olimpiada
Məktəbinə cəlb olunub. 25 gün davam edən Yay Olimpiada
Məktəbində şagirdlərə xüsusi dərslər keçirilib və bir
neçə sınaq imtahanları təşkil edilib. Qeyd edək ki, yeni
tədris ilinin əvvəlində şagirdlər arasında daha bir
seçim imtahanı keçiriləcək. Seçim imtahanlarında ən
yüksək nəticə göstərən şagirdlər təkrar olimpiada
mərkəzində çalışmalarını davam etdirəcək və namizəd
şagirdlər müəyyənləşdiriləcək.
Olimpiadaya hazırlıqla bağlı görülən işlərdən biri də
beynəlxalq yarışlarlarda iştirak edəcək şagirdlərimizə
kompakt şəkildə xüsusi bir vəsaitin, materiallar
toplusunun hazırlanmasıdır. Nəzərə çatdıraq ki, hazırda
Azərbaycan dilində olimpiadalara xüsusi hazırlıq
vəsaitləri demək olar ki çox azdır. Bu məqsədlə Təhsil
Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə riyaziyyat
fənni üzrə müxtəlif illərdə beynəlxalq və respublika
olimpiadalarında qızıl, gümüş və bürünc medallar əldə
etmiş bir neçə məzun olimpiadaçıların da iştirakı ilə
vəsaitin hazırlanmasına başlanmışdır. Həmin vəsait
Təhsil Nazirliyinin Pilot layihələrlə iş sektorunun
aparıcı məsləhətçisi Fuad Qarayevin rəhbərliyi ilə
olimpiadalarda uğur qazanmış, hazırda xarici
universitetlərdə təhsil alan ABŞ Stanford
Universitetinin doktorantı Cəfər Cəfərov, Kanadanın
Vaterloo Universitetinin tələbəsi Süleyman Həsənzadə,
İngiltərənin Mançester Universitetinin tələbəsi Həsən
Həsənzadə və beynəlxalq olimpiadanın qızıl mükafatçısı,
Bakı "İstək" liseyinin 11-ci sinif şagirdi Məhəmməd
Şirinovun iştirakı ilə Qubada Azərbaycan Dövlət İqtisad
Universitetinin Tədris, İdman və İstirahət Kompleksində
hazırlanır. Məqsəd şagirdlərə fundamental olimpiada
səviyyəsində materiallar hazırlamaqdan ibarətdir. Bu
materiallar nəzəri hissədən, həlləri ilə verilmiş nümunə
misal və məsələlərdən, sinif işlərindən və ev
tapşırıqlarından ibarətdir.
Nəzərə çatdıraq ki, Təhsil Nazirliyi tərəfindən bu tip
toplanışları digər fənlər üzrə də həyata keçirmək
planlaşdırılır.
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" |