Türkiyənin
Orta Doğu Texniki Universitetinin və Avrasiya
İncələmələri Mərkəzinin nümayəndə heyəti Bakı Slavyan
Universitetində (BSU) qonaq olub. Görüş zamanı BSU-nun
yaranma tarixi və fəaliyyəti barədə söhbət açan rektor,
professor Asif Hacıyev rəhbərlik etdiyi ali təhsil
müəssisəsində mövcud olan mərkəzlər, fakültə və
ixtisaslar, kadr hazırlığı haqqında qonaqları
məlumatlandırıb. Bildirilib ki, BSU-da slavyanşünaslıq,
tərcümə, ölkəşünaslıq, beynəlxalq münasibətlər,
türkiyəşünaslıq və başqa sahələr üzrə mütəxəssis
hazırlanır. Eyni zamanda universitetdə Türkiyə
Araşdırmaları Mərkəzinin fəaliyyət göstərdiyi haqqında
qonaqlara ətraflı məlumat verilib.
Görüş çərçivəsində birgə tədbirlərin təşkili,
avrasiyaçılığın öyrənilməsi və tərəflər arasında
əlaqələrin daha da gücləndirilməsi üçün görüləcək işlər
müzakirə edilib.
Ayşegül Aydıngün və Aslan Yavuzun rəhbərlik etdiyi heyət
rektor Asif Hacıyevə təşəkkürlərini bildirərək gələcəkdə
birgə görüləcək işlərin hər tərəf üçün faydalı olacağını
vurğulayıb.
Qazaxıstanın L.Qumilyov adına Avrasiya Milli
Universitetinin professorları Qulqayşa Saqidolda və
Eskeeva Magripa da BSU-nun qonağı olublar. Görüş zamanı
universitetlərin əməkdaşlarının birgə iştirakı ilə
Azərbaycan və qazax dilləri, folkloru, iki dildən
tərcümə məsələləri, ədəbiyyatı üzrə müqayisəli
tədqiqatların aparılması, lüğətlərin hazırlanması barədə
danışıqlar aparılıb.
Aytəkin QARDAŞOVA |