ADU-nun 10 tələbəsi universitet hesabına Çində təhsil
alır
Ölkəmizin təhsil sistemində özünəməxsus yer tutan
Azərbaycan Dillər Universiteti qarşısında qoyduğu bütün
vəzifə və öhdəlikləri layiqincə yerinə yetirir.
Universitet inkişaf prosesində uğurla addımlayan ölkəmiz
üçün xarici dil mütəxəssisləri, müxtəlif sahələr və
beynəlxalq münasibətlər sahəsində peşəkar mütəxəssislər
hazırlayır. ADU-da inkişaf etmiş təhsil və tədqiqat,
yeni tədris siyasəti və dünyəvi elm və təhsil
standartlarına cavab verən bakalavr və magistr
proqramları mövcuddur. ADU ölkəmizdə Avropa və bəzi
müasir Şərq dillərini tədris edən ilk universitetdir.
Universitetin professor-müəllim heyəti elmi sahədə
tanınır, müxtəlif milli, eləcə də beynəlxalq mükafat və
təqaüdlərə layiq görülüblər.
Müasir dövrdə müstəqil Azərbaycan dövlətinin inkişafı
məhz elmin səviyyəsindən əhəmiyyətli dərəcədə asılı
olduğu bir vaxtda ADU-nun Regionşünaslıq və beynəlxalq
münasibətlər fakültəsinin çinşünaslıq ixtisasında təhsil
alan 10 nəfər tələbəsi universitetin maliyyə dəstəyi
hesabına Çinin Şenyan Pedaqoji Universitetində təhsil
almaq üçün yollanıb. Azərbaycanda ilk dəfə olaraq 10
nəfər tələbənin universitet hesabına birillik Çinə
təhsil almağa göndərilməsi ADU və Şenyan Pedaqoji
Universiteti arasında imzalanmış müqaviləyə əsasən
Azərbaycan Dillər Universitetinin rektoru, Milli
Məclisin deputatı, professor Səməd Seyidovun təşəbbüsü
və dəstəyi nəticəsində universitetin Elmi Şurasının
qərarı ilə mümkün olmuşdur. Müqaviləyə əsasən tələbələr
Çin dilini öyrənmək üçün ÇXR-da yaşamaq, orada təhsil
almaq və Çin tələbələri ilə əlaqələr yaradaraq bu dildə
danışıq bacarıqlarını inkişaf etdirəcəklər. Artıq bu
tədris ilindən II kursdan göndərilən tələbələrin Şenyan
Pedaqoji Universitetindən alınmış krediti 2 universitet
arasında təsdiq olunacaq. Çində II kursu müvəffəqiyyətlə
başa çatdıran tələbələr ADU-da III kursda öz
təhsillərini davam etdirəcəklər. ADU tələbələri Şenyan
Pedaqoji Universitetində bir il ərzində nəinki Çin
dilini öyrənməklə, həmçinin Çin mədəniyyəti, tarixi,
iqtisadiyyatı, adət-ənənələri haqqında təcrübələr əldə
etmək imkanına sahib olacaqlar. Onlar burada həmçinin
HSK- Çin dilinin səviyyəsi imtahanında iştirak edəcək və
şəhadətnamə alacaqlar. Ən önəmlisi isə çinlilərlə
ünsiyyətdə olaraq bu dili daha da təkmilləşdirməyə nail
olacaqlar.
Qeyd etmək lazımdır ki, bu cür tələbə mübadiləsi
ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan
Azərbaycan və Çin arasında olan humanitar əlaqələrin
inkişaf etdiyini göstərir. Hazırda bu siyasət Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam
etdirilir.
Sentyabrın 7-də Azərbaycan Dillər Universitetinin Çinin
Şenyan Pedaqoji Universitetində təhsil almaq üçün
yollanmış tələbələrinə həmin universitetin Beynəlxalq
Təhsil Mərkəzində Çin dili və Çin ölkəşünaslıq dərsinin
tədris olunması məqsədilə tədris ilinin açılış mərasimi
keçirilib. Tədbirdə Şenyan Pedaqoji Universitetinin
Beynəlxalq Təhsil Mərkəzinin rektoru, cənab Can, həmin
Mərkəzin prorektoru, cənab Pen, həmçinin universitetin
professor-müəllim heyəti və tələbələr iştirak edib. Çin
Mərkəzinin direktoru, professor Rafiq Abbasovun
rəhbərliyi ilə mərkəz tərəfindən hazırlanan
Azərbaycan-Çin dili dərs vəsaiti və ADU-nun rektoru
Səməd Seyidovun rəhbərliyi ilə həmin mərkəzin
hazırladığı "İlham Əliyev - qədim xalqların dostluğunun
müasir davamçısı" kitabı Şenyan Pedaqoji Universitetinə
hədiyyə olunub.
Bu gün ADU ölkəmizdə həyata keçirilən təhsil
islahatlarına görə ən öncüldür. ADU həm də multikultural
bir universitetdir. Multikulturallıq və tolerantlıq
başqalarına hörmətlə yanaşmaqdır. ADU-nun rektoru,
professor Səməd Seyidovun rəhbərliyi ilə universitet
daxilində çox böyük və vacib islahatlar həyata keçirilir,
beynəlxalq əlaqələr genişlənir. Eyni zamanda, beynəlxalq
təşkilatların tədbirləri ADU-da yüksək səviyyədə, uğurla
təşkil olunur. Bütün bu uğurların təməlində təbii ki,
ali təhsil müəssisəsinin rəhbərinin - rektorun gərgin
əməyi dayanır.
Azərbaycan Dillər Universiteti ölkəmizin inkişaf
prosesində uğurla addımlayaraq sahib olduğu geniş
imkanlar nəticəsində hər il gözəçarpan və çox vacib
islahatlar aparır.
Şəfa KAZIMOVA,
ADU-nun İctimaiyyətlə əlaqələr departamentinin müdiri |