Şuşa təhsil işçilərinin dərs ili qabağı sevinci
Şuşa
rayonu təhsil işçilərinin sentyabrın 9-da Bakıdakı 276
nömrəli tam orta məktəb-liseyin akt zalında keçirilən
ənənəvi konfransında iştirak edən müəllimlərin, rayonun
rəhbər işçilərinin simasından bir sevinc və məmnunluq
hissləri duyulurdu. Bu xoş hisslərin səbəbini biz rayon
təhsil şöbəsinin müdiri Təvəkkül Əliyevin konfransda
etdiyi geniş, təhlillər və müqayisələr üzərində qurulmuş
hesabat məruzəsindən öyrəndik. Aydın oldu ki, ötən dərs
ilində Şuşanın təhsil işçiləri və tədris müəssisələri
əvvəlki illərə nisbətən daha böyük uğurlara imza atıblar
və köçkün kimi yaşadıqları müddətdə ilk dəfə olaraq
Şuşanın 185 illik tarixi olan şəhər 1 nömrəli tam orta
məktəbi üçün Bakının Yasamal rayonunun ərazisində böyük,
gözəl və yaraşıqlı bir bina tikilib. Təzə bina yeni dərs
ilinin ilk günündə istifadəyə veriləcək.
RTŞ müdiri Təvəkkül Əliyev məruzəsində öncə son illər,
xüsusən də ötən dərs ilində ölkəmizin həyatında, təhsil
sistemində baş vermiş mühüm hadisələr haqqında qısa
məlumat - dəyərləndirmə verərək ulu öndər Heydər
Əliyevin əsasını qoyduğu təhsil islahatlarının onun
layiqli siyasi varisi, möhtərəm Prezidentimiz İlham
Əliyevin rəhbərliyi altında yüksələn templə davam
etdirildiyini, rayonun təhsil işçilərinin islahatyönümlü
tədbirlərə fəal qoşulduğunu bildirdi. Ölkə başçısının
təhsilə göstərdiyi böyük diqqət və qayğını bu sahə üzrə
imzaladığı bir sıra sərəncamları qeyd etməklə diqqətə
çatdıran məruzəçi bu sənədlərin, xüsusən də Şuşa
rayonunun Malıbəyli kənd 1 nömrəli, Xankəndi şəhər 4
nömrəli və Şuşa şəhər 1 nömrəli məktəblər üçün yeni
binaların tikintisi ilə bağlı sərəncamların rayonda
təhsilin inkişafına böyük təsir göstərdiyini vurğuladı
və bütün bunlara görə ölkə başçısına təhsil işçiləri
adından minnətdarlığını bildirdi.
Məruzəsində məktəblərin İKT ilə təmin olunması
məsələsinə toxunan T.Əliyev son illər bununla bağlı
qəbul olunan Dövlət Proqramlarının icrası və Təhsil
Nazirliyinin bu istiqamətdə apardığı məqsədyönlü işlər
nəticəsində hazırda kompüter- şagird nisbətinin 1:16-ya
çatdırıldığını, rayonda isə bu göstəricinin 1:10
nisbətində olduğunu qeyd etdi. Bildirildi ki, təhsil
şöbəsində mühasibatlıq, bütövlükdə aparat tam
kompüterləşdirilmiş, sürətli İnternet xəttinə
qoşulmuşdur. Rayonun məktəblərində işləyən inzibati
idarə heyəti, bütünlüklə 120 nəfər İKT üzrə öyrədici
təlim kurslarından keçmişdir.
Məruzədən aydın oldu ki, rayonda diqqət mərkəzində olan
məsələlərdən biri də ümumi təhsil məktəblərindəki xüsusi
istedadı ilə fərqlənən uşaqların vaxtında aşkara
çıxarılması və onların inkişafı üçün əlverişli təhsil
şəraitinin yaradılmasıdır. Həyata keçirilən tədbirlər
nəticəsində rayon üzrə istedadlı uşaqların bankı
yaradılıb və onların siyahısı nazirliyə təqdim olunub.
"Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə
qəbulu qaydalari"na uyğun olaraq müraciət edən 38
uşaqdan 33 nəfəri I sinfə qəbul edilib.
"Hər birimizə aydındır ki, təhsilin keyfiyyətinin
yüksəldilməsi ümumi təhsil məktəblərinin pedaqoji
kadrlarla təminatından çox asılıdır" deyən T.Əliyev bu
istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində
rayonun ümumi təhsil məktəblərində olan vakant yerlərin
müəyyənləşdirilərək hər il Təhsil Nazirliyinə təqdim
olunduğunu, imtahanlardan uğurla keçən 34 müəllimin
ayrı-ayrı məktəblərdə işləməyə başladığını bildirdi.
Məruzədən məlum oldu ki, 2014-2015-ci dərs ili ərzində
Təhsil Şurasının 8 iclası keçirilib, şura iclaslarında
fənlərin tədrisi vəziyyətinin öyrənilməsi ilə bağlı
aparılmış monitorinqlərin nəticələri, ibtidai və V-VII
siniflərdə məktəbdaxili qiymətləndirmənin aparılması
vəziyyəti, fənn aylıqlarının nəticələri, fənn
kurikulumlarının tətbiqi vəziyyəti, IX, XI siniflərdə
sınaq test yoxlamalarının, buraxılış imtahanlarının
nəticələri, kargüzarlığın aparılması vəziyyəti və s. bu
kimi aktual məsələlər müzakirəyə çıxarılıb.
Konfransda rayonun təhsil müəssisələrinin, müəllim və
şagirdlərinin qazandıqları uğurlardan da geniş söz
açıldı. Qeyd olundu ki, hesabat ili ərzində məktəblilər
arasında 9 müsabiqə keçirilib. "Müstəqil Azərbaycan
Heydər Əliyevin şah əsəridir" inşa müsabiqəsinin
respublika mərhələsində 9 nömrəli tam orta məktəbin X
sinif şagirdi Aytən Məmmədzadə II yerə layiq görülüb.
Digər respublika müsabiqələrində də 1, 3, 5, 6, 9, 12,
Quşçular kənd tam orta məktəblərinin şagirdləri uğurla
iştirak edərək mükafata layiq yerlər tutublar. Fənn
olimpiadalarının rayon mərhələsində 72 nəfər şagird
iştirak edib, onlardan 21 nəfəri II mərhələyə vəsiqə
qazanıb. 2 nəfər şagird zona mərhələsində III yerə layiq
görülüb.
Şagirdlər idman yarışlarında da fərqləniblər. Belə ki,
"Şahinlər", "Gənc xilasedici və yanğınsöndürən" kimi
hərbi idman yarışlarında 1, 19 və Malıbəyli kənd 1
nömrəli məktəblərin şagirdləri fəal iştirak ediblər.
İl ərzində məktəblərdə kurikulum isalahatlari ilə
əlaqədar "dəyirmi masa"lar, "açıq dərs"lər təşkil olunub
və bu tədbirlərdə təcrübə mübadiləsi aparmaq məqsədilə
digər məktəblərin müəllimləri və rəhbər işçiləri də
iştirak ediblər. Bu il 28 müəllim Müəllimlər İnstitutu
ilə bağlanmış müqaviləyə uyğun olaraq ixtisasartırma
kurslarına cəlb olunub.
Məruzədə buraxılış imtahanlarının nəticələri də geniş
təhlil olundu, bu əsasda hazırlanmış cədvəllər konfrans
iştirakçılarının diqqətinə çatdırıldı, əvvəlki illərlə
müqayisələr aparıldı. Qeyd olundu ki, bu il buraxılış
imtahanlarında IX sinif üzrə 71,14, XI sinif üzrə 76,38
faiz şagird müsbət qiymət alıb ki, bu göstərici də
respublika üzrə orta göstəricidən xeyli yüksəkdir.
Məruzəçi ali məktəblərə qəbulun nəticələrindən danışaraq
bildirdi ki, builki məzunların 59,6 faizi ali və orta
ixtisas məktəblərinə qəbul olub. Qəbul imtahanlarında 7
məzun 500-dən, 5 nəfər isə 600-dən yuxarı bal toplayıb.
Qəbulda fərqlənmiş məktəblərin adları açıqlandı,
nəticələri əks etdirən cədvəllər ekranda nümayiş olundu.
Qeyd edildi ki, ali məktəblərə qəbulun nəticələri Təhsil
Şurasının növbəti iclasında ətraflı təhlil olunacaqdır.
T.Əliyev məruzəsinin sonunda yeni dərs ilində rayon
təhsil işçilərinin qarşısında duran vəzifələrdən
danışdı, uğurları daha da möhkəmləndirmək, mövcud qüsur
və problemləri aradan qaldırmaq üçün təhsil işçilərinin
daha əzmlə çalışmalı olduğunu diqqətə çatdırdı.
Konfransda məruzə ətrafında geniş müzakirə aparıldı.
Çıxış edənlər- Malıbəyli kənd 1 nömrəli tam orta
məktəbin direktoru Günəş Hüseynova, Təhsil Problemləri
İnstitutunun direktor müavini Rəfiq Qəndilov, valideyn
Elmira İbrahimova, məzun Səbinə Rüstəmova, Şuşa Rayon
İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva,
Milli Məclisin deputatı Elman Məmmədov, "Dağlıq
Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin
rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram
Səfərov məruzənin olduqca əhatəli hazırlandığını, burada
uğurların və nöqsanların səbəblərinin geniş təhlil
olunduğunu və beləliklə, rayonda təhsilin mövcud
vəziyyəti haqqında tam təsəvvür yaratdığını qeyd edərək
onu yüksək dəyərləndirdilər, görülmüş işlərdən, qarşıda
duran vəzifələrdən, dövlətimizin təhsilə qayğısından söz
açdılar, təhsil işçilərinə yeni dərs ilinin başlanması
münasibəti ilə təbriklərini çatdırdılar.
Konfransda 2014-1015-ci dərs ilində fərqlənmiş bir qrup
təhsil işçisinə RİH-in fəxri fərmanları təqdim olundu.
Konfrans müvafiq qətnamənin və ölkə başçısına müraciətin
qəbulu ilə başa çatdı.
Təhsilin keyfiyyəti Xızıda hər bir
müəllimin fəaliyyət hədəfidir
Rayon
təhsil işçilərinin sentyabrın 4-də keçirilən
konfransında Xızı Rayon İcra Hakimiyyəti başçısının
təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini
Jalə Süleymanova, Təhsil Nazirliyinin şöbə müdiri Faiq
Şahbazlı iştirak ediblər.
Konfransda "2014-2015-ci dərs ilinin yekunları və yeni
dərs ilində qarşıda duran vəzifələr" mövzusunda təhsil
şöbəsinin müdiri Oqtay Abdullayevin məruzəsi dinlənilib.
Məruzədə göstərilib ki, hazırda Azərbaycan özünün
təhsil sistemini dünyanın ən mütərəqqi ölkələrinin
təhsil prinsiplərindən istifadə etməklə təkmilləşdirir,
məzmun və struktur dəyişiklikləri aparır. Ümummilli
lider Heydər Əliyevin ideyaları, təməlini qoyduğu nəhəng
quruculuq işləri ulu öndərin layiqli davamçısı, yeni
təfəkkürlü siyasətçi, möhtərəm Prezidentimiz İlham
Əliyev tərəfindən böyük qətiyyətlə və uğurla
həyata keçirilir.
2014-2015-ci dərs ilində rayonda 8 tam orta, 6 ümumi
orta,1 ibtidai məktəb,1 uşaq gənclər idman məktəbi, 1
uşaq-gənclər şahmat məktəbi, 1 Uşaq Yaradıcılıq Mərkəzi
fəaliyyət göstərib. Ümumtəhsil məktəblərində 2080 şagird
təhsil alıb. Onların təlim-tərbiyəsi ilə 243 müəllim
məşğul olub. Ötən dərs ilində 103 şagird tam orta təhsil
haqqında attestat, 144 şagird isə ümumi orta təhsil
haqqında şəhadətnamə alıb.
Təhsil müəssisələrinin maddi-texniki bazasının
möhkəmləndirilməsi sahəsində aparılan işlərdən danışan
məruzəçi deyib ki, son illərdə rayonun Altıağac
qəsəbəsində yeni məktəb binasının inşası, Fındığan kənd,
Giləzi qəsəbə, Şuraabad qəsəbə, Xızı şəhər, Yeni-Yaşma
kənd tam orta məktəblərində bərkitmə-möhkəmləndirmə
işləri görülməklə əsaslı təmir aparılıb. 2014-2015-ci
dərs ilində Tıxlı kənd ümumi orta məktəbinin yeni
binasının tikintisi başa çatdırılaraq istifadəyə verilib.
Təhsil şöbəsi hər ay rayonun ümumtəhsil məktəblərində
ayrı-ayrı fənlər üzrə təhsilin keyfiyyətinin
monitorinqini aparıb və nəticələr müzakirə edilib.
Məruzədə qeyd olunub ki, təhsil şöbəsi Azərbaycan
Müəllimlər İnstitutu ilə müqavilə əsasında dərs ili
ərzində ayrı-ayrı fənn müəllimlərinin ixtisasartırma
kurslarında iştirakını təmin edib.
Buraxılış imtahanlarının yekunlarına görə Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının hazırladığı reytinq
sıralamada Xızı rayonunun IX siniflərinin nəticələri
respublika üzrə 14-cü , XI siniflərinin nəticələri isə
15-ci yerdə olub.
Fənn olimpiadalarının rayon üzrə I mərhələsində iştirak
edən şagirdlərdən 9 nəfəri daha yüksək bilik nümayiş
etdirərək, respublika turunun yarımfinal mərhələsinə
çıxıb. 15 mart 2015-ci ildə Sumqayıt şəhərində təşkil
olunmuş yarımfinal mərhələsində 8 nəfər iştirakçıdan 1-i
- Sitalçay 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi
Fidan Cəfərli biologiya fənnindən I yeri tutaraq final
mərhələsində iştirak etmək hüququ qazanıb.
Hər il olduğu kimi, 2014-2015-ci dərs ilində də rayonun
ümumtəhsil məktəbləri arasında "Ən yaxşı ümumtəhsil
məktəbi", "Ən yaxşı müəllim" müsabiqələrinə qatılanlar
olub və Xızı şəhər tam orta məktəbi bu müsabiqənin
respublika turunda fərqlənərək ölkə Prezidenti cənab
İlham Əliyevin sərəncamı ilə "Ən yaxşı ümumtəhsil
məktəbi" hesab edilib. Konfransda "Ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqəsinin qalibi olmuş Xızı şəhər tam orta
məktəbinin direktoru Fazil Məmmədova Təhsil Nazirliyinin
"Fəxri diplomu" təqdim olunub.
2015-ci ilin aprel ayında rayonun bütün ümumtəhsil
məktəblərinin II-XI siniflərində cavab kartı tətbiq
olunmaqla ayrı-ayrı fənlər üzrə test üsulu ilə
monitorinq aparılıb, nəticələr məktəb rəhbərlərinin və
fənn müəllimlərinin iştirakı ilə pedaqoji şuralarda
təhlil edilib.
Məruzədə bilidirilib ki, Xızı Rayon Təhsil Şöbəsi
idmanın kütləvililiyinə nail olmaq üçün xeyli iş görüb.
2014-2015-ci dərs ilində rayonun ayrı-ayrı
məktəblərində idman meydançalarının yaradılması,
onların bəzi idman avadanlıqları ilə təmin edilməsi işi
davam etdirilib. Rayonda fəaliyyət göstərən Uşaq-Gənclər
İdman Məktəbinin şagirdləri həm zona, həm də respublika
səviyyəsində keçirilən yarışlarda fəal iştirak ediblər.
29-31 oktyabr 2014-cü il tarixində sərbəst güləş üzrə
gənclər arasında respublika turnirində Zəlimxan
Vəliyev II yeri tutub. Həmin idman növü üzrə 22-24
fevral 2015-ci il tarixində Bakı şəhərində "Təhsil"
Respublika İdman Mərkəzinin keçirdiyi respublika
birinciliyində Xanhüseyn Cəlilzadə və Riyad Səmədov öz
çəki dərəcələrində III yerə layiq görülüblər. Rayonda
fəaliyyət göstərən Uşaq-Gənclər Şahmat Məktəbinin
şagirdləri də həm zona, həm də respublika səviyyəsində
keçirilən yarışlarda fəal iştirak ediblər.
Məruzəsində ali məktəblərə qəbulun nəticələrindən də söz
açan O.Abdullayev bildirib ki, respublikanın müxtəlif
ali və orta ixtisas məktəblərinə qəbul məsələsi təhsil
şöbəsi tərəfindən diqqətlə izlənilib, qəbulda zəif
nəticə göstərmiş məktəblərin rəhbərlərindən işlərində
ciddi dönüş yaratmaq tələb olunub.
Ali məktəblərə sənəd vermiş məzunlardan 29 nəfəri ali
məktəblərə, 11 nəfəri isə orta ixtisas təhsili
müəssisələrinə qəbul olublar. Məzunlardan 2 nəfəri
600-dən yuxarı bal toplayıb.
Konfransda qeyd olunub ki, 2014-2015-ci dərs ilində
metodiki işin təşkili və canlandırılmsı istiqamətində
xeyli iş görülüb. Belə ki, ümumtəhsil məktəblərində
metodiki işlərin həyata keçirilməsi üçün "dayaq
məntəqələri" yaradılıb. Bu məntəqələrdə fənn
metodbirləşmələri təşkil olunub, "dəyirmi masa"lar,
"açıq dərs"lər keçirilib. Təhsil şöbəsi 53 nəfər
müəllimin ixtisasartırma kurslarında iştirakına nail
olub.
Şabran ötən dərs ilində təhsil
uğurlarını xeyli artırıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin uğurlu və uzaqgörən siyasəti sayəsində
ölkəmizin sürətli iqtisadi tərəqqisinin nəticəsi olaraq
ümumtəhsil müəssisələrində də əlverişli təlim-tərbiyə
şəraitinin yaradılmasına xidmət edən maddi-texniki
bazanın yenidən qurulması, müasir tədris avadanlığı və
informasiya-kommunikasiya texnologiyaları ilə təminat
sahəsində genişmiqyaslı işlərin görülməsi bu günümüzün
danılmaz həqiqətidir. Mütərəqqi milli və ümumbəşəri
pedaqoji ənənələr, ulu öndər Heydər Əliyevin təhsil
fəlsəfəsi, XXI əsr təhsilinin ən prioritet
istiqamətlərini özündə əks etdirən maarifçilik
konsepsiyası Azərbaycan təhsilinin inkişaf yolunda geniş
üfüqlər açıb.
Son illər təhsil sistemində inkişafa yönəlmiş
infrastruktur dəyişikliklərin baş verməsi,
inkişafyönümlü proqram və layihələrin həyata keçirilməsi
ölkə başçısının təhsilə göstərdiyi qayğının nəticəsidir.
Bu qayğı və diqqət Şabran rayonundan da yan keçməyib.
Avqustun 7-də 2014-2015-ci dərs ilinin yekunları və yeni
dərs ilində qarşıda duran vəzifələr müəllimlərin ənənəvi
konfransında geniş müzakirə olunub.
Konfransda məruzə edən rayon təhsil şöbəsinin müdiri
Emin Mövsümov qeyd edib ki, ötən dərs ilində rayonda 20
orta, 17 əsas, 10 ibtidai məktəb və 5 məktəbdənkənar
tərbiyə müəssisəsi fəaliyyət göstərib. 47 ümumtəhsil
məktəbində 7899 nəfər şagird təhsil alıb ki, onların da
təlim-tərbiyəsi ilə 920 nəfər müəllim məşğul olub.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu, onun
keçdiyi mənalı həyat yolunu gənclərə öyrətmək məqsədilə
Təhsil Nazirliyinin tövsiyə etdiyi mövzular üzrə
2014-2015-ci dərs ilinin ikinci yarısında rayonun XI
sinif şagirdləri üçün müasir Azərbaycan tarixinə dair
əlavə dərslər təşkil olunub. Məşgələlərdə rayonun 20 tam
orta məktəbini əhatə edən 453 XI sinif şagirdi iştirak
edib.
Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafını təmin etmək məqsədilə dərs ili
ərzində rayonun ümumtəhsil məktəblərində oxuyan
şagirdlər arasında fənn olimpiadaları, bilik yarışları,
müsabiqələr və bu kimi tədbirlər keçirilib. Fərqlənən
uşaqların təhsil şöbəsində "Məlumat bankı" və istedadlı
şagirdlərlə ardıcıl iş aparmaq məqsədi ilə "Kiçik
akademiya" yaradılıb.
Fənn olimpiadalarının Xaçmaz şəhərində keçirilmiş zona
mərhələsində şabranlı şagirdlərdən 1 nəfər I yer, 5
nəfər II yer, 2 nəfər III yerə layiq görülüb, şəhər 2
nömrəli və Ağbaş kənd tam orta məktəblərinin şagirdləri
fərqləniblər.
Rayonda müvəffəqiyyət faizi XI siniflər üzrə 56.02, IX
sinifləri üzrə isə 60.38 faiz olub. Çayqaraqaşlı kənd,
şəhər 1 nömrəli ümumi orta və şəhər 1, 2, 5 nömrəli tam
orta məktəblər yüksək müvəffəqiyyət əldə edibdir.
2015-ci ildə ali məktəblərə qəbul imtahanlarında iştirak
edən abituriyentdən ilkin məlumata görə 122 nəfəri
tələbə adını qazanıb ki, bu da ötən ildəkindən 18 nəfər
çoxdur. Rayon üzrə 11 nəfər məzun 500-dən yuxarı, o
cümlədən 1 nəfər (şəhər 1 nömrəli tam orta məktəbin
məzunu Nəsrin Cəbrayılova) 675 bal toplayıb. Qeyd edək
ki, rayon üzrə orta ixtisas məktəblərinə 28, xüsusi
təyinatlı ali təhsil müəssisələrinə isə 6 məzun qəbul
olunub.
Ümumtəhsil məktəblərinin pedaqoji kadr təminatının
qarşıda duran ümdə məsələlərdən biri olduğunu deyən
E.Mövsümov vakant yerlərə Təhsil Nazirliyinin saytında
yerləşdirilmiş ixtisaslar üzrə test imtahanları vermiş
və keçid balı toplamış 40 nəfər müəllimdən rayonun
ümumtəhsil müəssisələrinə 31 nəfərin gəldiyini qeyd edib.
Qeyd olunub ki, yeni dərs ilində V-VII siniflərlə yanaşı
artıq VIII siniflər də Milli Kurikulum əsasında
hazırlanmış tədris planı ilə işləyəcəkdir. Bu məqsədlə
hazırlıq işləri görülüb və kurikulum üzrə treninqdən
keçməyən 112 nəfər müəllim ixtisaslar üzrə təlim
kurslarına cəlb olunaraq sertifikat alıb.
Təhsil nazirinin əmri ilə təsdiq olunmuş xüsusi
istedada malik uşaqların vaxtından əvvəl 1-ci sinfə
qəbulu qaydalarına uyğun olaraq rayon təhsil şöbəsində
komissiya yaradılıb. Avqustun 20-dək RTŞ-yə ərizə ilə
müraciət etmiş 102 vətəndaşın uşaqları xüsusi komissiya
tərəfindən yoxlanılıb və istedadı ilə seçilən 85 uşaq I
sinfə qəbul olunub.
Rayonda son illər məktəb tikintisi sahəsində xeyli iş
görülüb. Büdcə vəsaiti hesabına Taxtalar kəndində
tikilən 80 şagird yerlik yeni məktəb binasının
tikintisində son tamamlanma işləri gedir. Yaxın
vaxtlarda məktəb şagirdlərin üzünə qapılarını
açacaqdır.
Məruzə ətrafında şəhər 4 nömrəli tam orta məktəbin
direktoru F.Hüseynov, Pirəmsən kənd tam orta məktəbinin
biologiya müəllimi L.Xəlilova, şəhər 2 nömrəli tam orta
məktəb-liseyin fizika müəllimi K.Vahidova, ali
məktəblərə qəbul imtahanlarında 675 bal toplamış şəhər 1
nömrəli tam orta məktəbin məzunu N.Cəbrayılova, gənc
mütəxəssis N.Bağırova çıxış ediblər.
Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı tədbir
iştirakçılarını yeni dərs ilinin başlanması münasibətilə
təbrik edib, Azərbaycan təhsilinə ölkə rəhbərliyi
tərəfindən göstərilən diqqət və qayğıdan, qarşıda duran
vəzifələrdən danışıb.
Sonda rayon icra hakimiyyəti tərəfindən bir qrup
müəllim və yüksək bal toplamış məzunlar Fəxri fərman və
hədiyyələrlə mükafatlandırılıb.
Hazırladılar:
Yusif ƏLİYEV,
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |