Gəncə
Dövlət Universitetində yeni dərs ilinə yüksək səviyyədə
başlamaq üçün tətil müddətində təmir işləri aparılıb.
Əsas binada və onun həyətində cari təmir və abadlıq
işlər görülüb,
Universitetdə təhsillə bərabər, idmanın müxtəlif
növlərinin inkişafına da ciddi fikir verilir. Bu sahə
rektor, professor Yusif Yusibovun daimi qayğısı
altındadır. Təsadüfi deyil ki, universitetin
tələbələrdən ibarət komandaları idmanın müxtəlif növləri
üzrə şəhər və respublika səviyyəli yarışlarda dəfələrlə
qələbə qazanıb. İdmanla bağlı tədris sahələri II tədris
binasının payına düşür. Artıq II binanın həyətində
mini-futbol stadionu yaradılıb, tamaşaçılar üçün
oturacaqlar qoyulub, stadionun dövrəsində qaçış zolağı,
basketbol meydançası da tam hazır vəziyyətə salınıb və
tələbələrin ixtiyarına verilib.
Vacib işlərdən biri də həmin binanın istiliklə təmin
olunmasıdır. Bu məsələ rəhbərliyin ciddi nəzarətindədir.
Qazanxananın yenidən qurulması və noyabr ayınadək
istifadəyə verilməsi nəzərdə tutulub.
Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı
fəaliyyətini dayandırdıqdan sonra Gəncə Dövlət
Universitetinin balansına keçirilmiş Cavadbəy Rəfibəyli
, 57 ünvanında yerləşən və dörd mərtəbədən ibarət V
tədris binasında da əsaslı təmir işlərinə başlanılıb.
Binada tələbata uyğun olaraq seminar, mühazirə
otaqları, kabinetlər, kitabxana yaradılacaq. Təmir də bu
istiqamətdə aparılır. Binanın dam örtüyü
dəyişdiriləcək, otaqlarda istilik sistemi, sanitar
qovşaqları yaradılacaq, tədris üçün nə lazımsa Avropa
standartları səviyyəsində öz həllini tapacaq. V tədris
binasının əsaslı təmir edilib istifadəyə verilməsi
universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi üçün
lazımi şəraitin yaradılmasına imkan verəcək. Otaq
baxımından çətinlik çəkən fakültələrdə artıq bu problemə
birdəfəlik son qoyulacaq.
Maqbet ƏHMƏDOV,
GDU-nun Mətbuat xidmətinin rəhbəri |