Sentyabrın
9-da Təhsil Nazirliyi, "Təhsildə İnnovativ
Texnologiyalar" Əlavə Təhsil Mərkəzinin və Paris
Sorbonna Universitetinin Abu Dabi kampusunun birgə
əməkdaşlığı ilə Azərbaycan Dövlət İqtisad
Universitetinin Qubada yerləşən Tədris, İdman və
İstirahət Kompleksində təşkil olunan "Məktəb idarəetməsi
2" mövzusunda təlim kursu başa çatıb. Qeyd edək ki,
kursda Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən
tövsiyə edilmiş məktəb direktorları ilə yanaşı,
2013-2014-cü ilin buraxılış imtahanlarında yüksək nəticə
göstərən Sumqayıt və digər şəhər (rayon) məktəblərinin
rəhbərləri iştirak edib. Nəzərə çatdıraq ki, "Məktəb
idarəetməsi 1" adlı birinci təlimlər ötən il təşkil
edilmiş və həmin təlimlərdə 32 məktəbin direktoru
iştirak etmişdi.
Avqustun 31-dən başlayıb sentyabrın 9-dək davam edən 10
günlük təlim Paris Sorbonna Universitetindən xüsusi
dəvət olunmuş professor Florent Pratlong tərəfindən
keçirilib. Kursun sonunda iştirakçılara məktəb
idarəedilməsi ilə bağlı uzunmüddətli tapşırıq verilib və
onun nəticələri əsasında onlayn monitorinq aparılıb.
Qeyd edək ki, təlimlərin gedişini yaxından izləmək,
iştirakçıların təlimlərlə bağlı fikirlərini öyrənmək
məqsədilə Quba rayonuna ezam olunduq. Təlimdə iştirak
edən məktəb rəhbərlərinin və təlimçilərin fikirlərini
oxucularımıza təqdim edirik:
İmran Muxtarov,
Paris Sorbonna, Abu Dabi Universitetinin postsovet
ölkələri üzrə müşaviri:
- Təlimlər professor Florent Pratlong tərəfindən gün
ərzində iki dəfə keçirilir. Bu təlim proqramının əsas
məqsədi məktəb direktorları üçün qabaqcıl təlim sistemi
və effektiv məktəb idarəetməsi anlayışını tanıtmaq,
məktəb rəhbərlərinin liderlik potensialını inkişaf
etdirməkdir. Əlavə olaraq, kurs çərçivəsində yerli
təlimçilər tərəfindən təlim zamanı liderlik, məktəb
çərçivəsində şagird sağlamlığının qorunması, vaxtın
idarə olunması, təqdimat bacarıqlarının inkişafı və
digər mövzularda interaktiv oyunlar, sessiyalar təşkil
olunub.
Nəzakət Əsgərova,
Bakıdakı Humanitar fənlər təmayüllü məktəb-liseyin
direktoru:
- Təlimlər çox yüksək səviyyədə keçdi. Mən artıq ikinci
dəfədir ki, bu təlimlərdə iştirak edirəm. Bu təlimlər
sayəsində məktəb idarəetməsində "müasir yanaşma"nın
tətbiqini daha dərindən öyrənirik. Bundan başqa məktəb
direktorları ilə idarəetmənin müxtəlif mövzularında
geniş müzakirələr aparırıq. Düşünürəm ki, bu
müzakirələrdən də çox şeylər əldə edirik.
Yusif Cəfərov,
Yevlax şəhər Aran qəsəbə 1 nömrəli tam orta məktəbin
direktoru:
- Təlimlərin başlıca vəsifəsi məktəbşünaslıqda və
idarəetmədə innovasiyaların tətbiqini nəzərdə tutur. Bu
kimi təlimlər biz məktəb rəhbərlərinin idarəetmədə yeni
üsullardan istifadə etməsinə kömək edir. Təlimləri çox
səmərəli hesab edirəm. Belə təlimlərin tez-tez
keçirilməsini arzulayıram.
Ceyran Novruzova,
Bakıdakı 114 nömrəli tam orta məktəbin direktoru:
- Təlimlərdə liderlik qabiliyyəti, valideyn, şagird və
müəllimlərlə ünsiyyətin daha yaxşı qurulması baxımından
bir çox şeylər öyrəndik. Bu təlim zamanı əldə etdiyim
bilikləri yeni tədris ilindən tətbiq etməyə başlayacağam.
Təlimlərin çox effektiv keçdiyini və yüksək səviyyədə
təşkil olunduğunu düşünürəm.
Kəmalə Əhmədova,
Zaqatala rayonu, akademik Zərifə Əliyeva adına
texniki fənlər təmayüllü liseyin direktoru:
- Mən şəxsən təlim müddətində bir çox yeni yanaşmalar
öyrəndim. Təlim zamanı bildiyimiz mövzular da var idi.
Bu biliklərimizi daha da təkmilləşdirdik. Ən əsası isə
burada respublikamızın öndə gedən məktəblərinin
rəhbərləri ilə idarəetmə və digər mövzularda fikir
mübadilələri apardıq. Düşünürəm ki, bu bizim ümumi
işimizə çox müsbət təsir edəcək.
Nəzərə çatdıraq ki, sentyabr ayının 21-də Fransanın
ölkəmizdəki səfirliyində təlimlərdə iştirak edən
direktorlara sertifikatların verilməsi ilə bağlı mərasim
keçiriləcək.
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" |