Seçilmiş tədris ocaqları buna hazırdırmı?
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"
y.aliyev@muallim.edu.az
Son
illər ölkəmizdə ümumi təhsilin keyfiyyətinin
yüksəldilməsi istiqamətində atılmış mühüm addımlardan
biri də tam orta təhsil səviyyəsi üzrə təhsilin
təmayüllər üzrə təşkilinə başlanılmasıdır. 2009-cu ildə
qəbul olunmuş "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununda təsbit olunmuş, "Ümumtəhsil
məktəbinin Nümunəvi Nizamnaməsi"ndə öz əksini tapmış bu
məsələnin reallaşdırılmasına 2011-ci ildən start verilib
və ilkin mərhələdə 5, sonralar bu sıraya əlavə olunan 3
məktəbdə eksperiment aparılıb. Təhsil Nazirliyi ötən
müddətdə həmin pilot məktəblərində əldə olunmuş müsbət
nəticələri və "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nda təhsil pillələri
və səviyyələrinin beynəlxalq təcrübəyə
uyğunlaşdırılması, tam orta təhsil səviyyəsində təhsil
müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsinin
xüsusi qeyd olunmasını nəzərə alaraq yeni dərs ilində
sözügedən pilot müəssisələrin şəbəkəsinin daha da
genişləndirilməsini zəruri sayıb və bununla əlaqədar
xüsusi əmr imzalanıb. 8 iyun 2015-ci il tarixli həmin
əmrlə tam orta təhsil səviyyəsində təmayülləşmənin
tətbiq olunması nəzərdə tutulan yeni pilot ümumi təhsil
müəssisələrinin siyahısı və X-XI siniflərinin
2015-2016-cı tədris ili üçün tədris planları təsdiq
olunub. Əmrdə habelə eksperimentin təşkili ilə bağlı
müvafiq strukturlara bir sıra tapşırıqlar verilib.
Bir neçə gündən sonra yeni dərs ili başlayır. Bəs pilot
məktəbləri yeniliyin tətbiqinə nə dərəcədə hazırdırlar?
Təhsil Nazirliyinin sözügedən əmrinin icrası yönündə nə
kimi işlər görülüb? Suallarımıza aydınlıq gətirmək üçün
Bakı şəhəri üzrə seçilmiş pilot məktəblərin bir neçəsi
ilə əlaqə saxladıq.
Bakı şəhəri R.Əliyev adına 3 nömrəli tam orta məktəbi
bu il 4 doqquzuncu sinif bitirərək X sinfə keçib. Həmin
siniflərin bütün şagirdləri və onların valideynləri ilə
görüşlər keçirilərək məsələnin mahiyyəti, nazirliyin bu
barədəki əmrinin məzmunu onlara çatdırılıb, fikir
mübadiləsi aparılıb. Əmrin 4-cü maddəsi ilə əlaqədar isə
xüsusi izahat verilərək şagird və valideynlərin
diqqətinə çatdırılıb ki, təmayül siniflərini bitirmiş
şagirdlərin tam orta təhsil haqqında attestatlarına hər
təmayül üzrə təsdiq olunmuş tədris planlarındakı
fənlərdən aldıqları yekun qiymətlər yazılacaq, tədris
olunmamış fənlərin qarşısında "-" (tire) işarəsi
qoyulacaqdır.
Şagirdlər və valideynlər təmayülləşməni çox razılıqla
qarşılayıb. Nəticədə şagirdlərin arzusu və akademik
göstəriciləri nəzərə alınmaqla 4 sinifdən
riyaziyyat-iqtisadiyyat təmayülü üzrə bir sinf
yaradılıb. Bu sinifdə dərs demək üçün daha hazırlıqlı və
təcrübəli müəllimlər seçilib.
Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət
göstərən Heydər Əliyev adına liseydə də
aparılacaq eksperimentə nümunəvi hazırlıq işləri görülüb.
Liseyin direktoru, əməkdar müəllim Fikrət Xəlilov
bizimlə söhbətində bildirdi ki, rəhbərlik etdiyi lisey
statuslu ümumtəhsil məktəbində tam orta təhsil
səviyyəsində tədrisin təmayüllər üzrə təşkili ideyası və
bu ideyanın gerçəkləşdirilməsi üçün Təhsil Nazirliyi
tərəfindən atılan addım müsbət qarşılanıb. Yenilik istər
pedaqoji kollektiv üzvlərinin, istərsə də şagirdlərin və
onların valideynlərinin ürəyincə olub.
Fikrət müəllim onu da vurğuladı ki, tədris müəssisələri
lisey olduğundan və burada tədris təmayülləşmə əsasında
fərqli tədris planı ilə aparıldığından eksperimentə
hazırlıq işləri onlar üçün o qədər də çətin olmayıb.
Liseyin bu il 6 IX sinfi olub. Müvəffəqiyyətlə tam orta
təhsil səviyyəsinə keçmiş həmin siniflərin şagirdləri
arasında sorğu aparılaraq onların arzuları, meyil və
maraqları öyrənilib. Sorğuların nəticələrindən aydın
olub ki, şagirdlərin əksər hissəsi II və IV ixtisas
qruplarına üstünlük verirlər. Həmin sorğulara
şagirdlərin cavabları və eləcə də buraxılış
imtahanlarının nəticələri və valideynlərin razılığı
müvafiq istiqamətlər üzrə təmayül siniflərinin
yaradılması üçün əsas götürülüb. Liseydə iki istiqamət
üzrə - riyaziyyat-iqtisadiyyat və təbiət fənləri
istiqamətləri üzrə təmayül sinifləri yaradılıb.
Müvafiq seçim etmiş şagirdlər və onların valideynləri
ilə söhbətlər aparılaraq tam orta təhsil səviyyəsində
təhsilin təmayüllər üzrə təşkilinin əsas məqsədi,
mahiyyəti və əhəmiyyəti onlara çatdırılıb.
Valideynlərə izah olunub ki, təmayül siniflərinin Təhsil
Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planlarında
təmayül fənlərinə ayrılan saatların miqdarının
artırılması, ümumilikdə isə tədris olunan fənlərin
sayının azaldılaraq 8 (riyaziyyat-iqtisadiyyat
təmayüllü siniflərdə) və 10-a (təbiət fənləri təmayüllü
siniflərdə) endirilməsi, nəticədə dərs həftəsinin 30-32
saat həcmində müəyyənləşdirilməsi şagirdlərin daha
keyfiyyətli təhsil almalarına şərait yaradacaq.
Liseylərində yüksək hazırlıqlı, yenilikçi müəllimlərin
çalışdığını deyən F.Xəlilov buna baxmayaraq təmayüllər
üzrə tədrisi səmərəli təşkil və şagirdlərə keyfiyyətli
təhsil verilməsini təmin etmək üçün müəllimlər arasında
da seçim aparıldığını, təmayül siniflərində dərs demək
üçün seçilmiş müəllimlərin öyrədici təlimlərə cəlb
olunduğunu söylədi. Direktor onu da diqqətə çatdırdı ki,
liseyin təmayül sinifləri olmayan qalan 4 sinfində isə
tədris Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş fərdi
tədris planları ilə aparılacaq.
Tam orta təhsil səviyyəsində tədrisin təmayüllər üzrə
təşkili barədə qərar Bakı şəhəri 70 nömrəli tam orta
məktəb-liseydə də təhsilin keyfiyyətinin
yüksəldilməsi istiqamətində atılmış mühüm addım kimi
qiymətləndirilib. Təmayülləşmə üçün zəruri olan ilkin
şərtlər- müvafiq maddi baza, yüksək səviyyəli təchizat,
xüsusən də İKT ilə təminat bu tədris ocağında da mövcud
olduğundan o, eksperiment aparılan ümumtəhsil
müəssisələrinin sırasına daxil edilib. Məktəb-liseyin
direktoru Nazim Qasımovun bildirdiyinə görə, bu tədris
ocağı müasir kompüter avadanlığı, elektron lövhələr,
digər İKT vasitələri ilə tam təchiz və İnternetə
çıxışla təmin edilib. Burada bütün sənədləşmə işləri,
təhsili idarəetmə orqanları ilə əlaqə onlayn formada
aparılır. Məktəb-liseyin kollektivinin tam orta təhsil
səviyyəsində tədrisin təmayüllər üzrə təşkili ideyasını
dəstəkləməsinin və bununla bağlı aparılan eksperimentə
daha hazırlıqlı şəkildə başlamasının bir səbəbi də
burada son 3-4 ildə lisey siniflərinin fəaliyyət
göstərməsi və onlarda bir sıra təmayül istiqamətlərinin
tətbiq olunmasıdır. Direktor bildirdi ki, təhsilin
keyfiyyətinin yüksəldilməsi üçün ən səmərəli yollardan
biri olan tədrisin təmayüllər üzrə təşkili
məktəb-liseyin 3 sinfində reallaşdırılır. Bu siniflərdən
bu il məzun olan şagirdlər ali məktəblərə qəbul
imtahanlarında 100 faizlik nəticə göstəriblər. Onlardan
31-i 500-dən, 16 nəfəri isə 600-dən yüksək bal toplayıb.
3 nəfərin isə göstəriciləri 650 bal səviyyəsindən yüksək
olub.
Təbii ki, bütün bunlara görə də 70 nömrəli tam orta
məktəb-liseydə eksperimentə hazırlıq işləri tez və
yüksək səviyyədə aparılıb. Bu il tədris ocağının 9-cu
siniflərini bitirən 121 nəfər şagird, onların
müəllimləri və valideynləri ilə aparılan söhbətlərdə
şagirdlərin arzu və istəkləri, meyil və maraqları, eləcə
də qabiliyyətləri öyrənilib. Nəticədə məktəb-liseydə
təklif olunan 4 təmayül istiqamətindən 3-ü - texniki,
riyaziyyat-iqtisadiyyat və humanitar istiqamətlər üzrə
təmayül sinifləri yaradılıb. Bu siniflərdə 75 şagird
təhsil alacaq. Son illər şagirdlər arasında 4-cü ixtisas
qrupuna maraq azaldığından təbiət fənləri üzrə təmayül
istiqamətini seçənlər də az olub və bu istiqamət üzrə
sinif yaradılmayıb. Qalan 41 şagird tam orta təhsil
səviyyəsində təhsillərini adi siniflərdə davam
etdirəcəklər.
Nazim Qasımov artıq təmayül siniflərində dərs deyəcək
müəllimlərin də müəyyənləşdirildiyini bildirdi. Aparılan
seçimə görə hər təmayül sinfində təmayül fənlərini
müxtəlif müəllimlər tədris edəcəklər. Direktor bizimlə
söhbətində tam orta təhsil səviyyəsində təmayülləşmənin
tətbiqi ilə bağlı başlanan eksperimentin yüksək
nəticələr verəcəyinə, yaxın gələcəkdə bu prosesin
ölkənin bütün tam orta təhsil məktəblərində tətbiq
ediləcəyinə əminliyini bildirdi. |