| 
						
						
						"Mənim universitetim" layihəsinin budəfəki hədəfi 
						Azərbaycan Dövlət Aqrar Universitetidir  
						
						
						Rüfanə GÜNƏŞr.qurbanova@muallim.edu.az
 
 
						
						
						 Maddi-texniki 
						baza 
						
						 Aqrar Universitet 6 tədris korpusundan ibarətdir. 
						Hazırda universitetdə struktur bölmə kimi tədris-təcrübə 
						təsərrüfatı, tədris, elm, kadrlar, tələbə, ümumi, 
						redaksiya-nəşriyyat, informasiya texnologiyaları və 
						innovasiya, beynəlxalq əlaqələr, qiyabi təhsil, təcrübə 
						və işədüzəltmə şöbələri, arxiv, elm, təhsil və 
						cümhuriyyət muzeyi, 2 sahə elmi-tədqiqat laboratoriyası, 
						magistr hazırlığı, distant və əlavə təhsil mərkəzləri, 
						əsaslı kitabxana, elektron kitabxana, mətbəə və "Aqrar 
						mütəxəssis" qəzetinin redaksiyası, 7 fakültə, 30 kafedra 
						fəaliyyət göstərir. 
						
						Kənd Təsərrüfatı Nazirliyinin nəzdində baytarlıq 
						nəzarəti xidməti tərəfindən universitetə bütün 
						avadanlıqları ilə birlikdə baytarlıq-sanitariya 
						ekspertizası laboratoriyası, "Aqrolizinq" ASC tərəfindən 
						16 adda yeni xarici kənd təsərrüfatı texnikası, o 
						cümlədən NEW HOLLAND markalı taxılyığan kombayn, Belarus 
						MTZ-892 traktoru, kotan, toxumsəpən, çiləyici, kartof 
						basdıran, bağlıq və üzümlükdə cərgə arasını becərən frez, 
						mineral gübrəsəpən, rotorlu və bıçaqlı otbiçən, 
						pnevmatik toxumsəpən, kartofqazan və s. verilib. 
						Mühəndislik fakültəsinin kafedralarında uzun müddət 
						istifadə edilməyən, nasaz halda olan 3 ədəd traktor, 2 
						ədəd yük avtomobili, 1 ədəd KAMAZ və 1 ədəd yükünü 
						özüboşaldan avtomobil əsaslı təmir edilərək işlək 
						vəziyyətə gətirilib, 1 ekskovator alınıb. Azərbaycan 
						Respublikası Nazirlər Kabinetinin qərarı ilə 
						universitetə 3 ədəd "Hyundai" markalı avtobus, 1 ədəd "Peugeot", 
						1 ədəd "Vito" markalı mikroavtobus verilib.  
						
						
						 Universitetin 
						ərazisində maşın-traktor parkı yaradılıb ki, bu parkda 
						avtobuslar, yük avtomobilləri, traktor və müxtəlif 
						markalı müasir kənd təsərrüfatı maşınlarının olması 
						təcrübə məşğələlərinin, sürüş təlimlərinin təşkilinə, 
						tələbələrin müasir texnikanın quruluşuna, nizamlanmasına 
						və istismar qaydalarına dərindən yiyələnməsinə imkan və 
						şərait yaratmaqla yanaşı, elmi-tədqiqat işlərinin 
						səviyyəsinin yüksəldilməsinə də xidmət edəcək. 
						
						İdman salonu əsaslı təmir, lazımi trenajorlarla təchiz 
						edilib və 30 ədəd idman geyim forması, 24 ədəd qədim 
						milli geyim forması alınıb. 
						
						1 nömrəli yataqxanada tələbələrin asudə vaxtının 
						səmərəli təşkili məqsədilə istirahət otağı yaradılmış, 
						müasir mebel, internetə qoşulmuş kompüter dəsti, 
						mini-kitabxana, böyük ekranlı televizor quraşdırılıb. 
						
						Dövlət proqramının tələblərinə uyğun olaraq tələbə 
						şəhərciyi ərazisində 7 mərtəbəli 514 yerlik mehmanxana 
						tipli müasir tələbə yataqxanasının tikintisi başa çatmaq 
						üzrədir. Digər yataqxananın tikintisi davam etdirilir.
						 
						
						
						 Təkcə 
						2014-cü ildə 22 smart (interaktiv) lövhə, 102 noutbuk, 
						16 printer, 27 proyektor, proyektor üçün 4  pərdə, 11 
						elektron tərəzi, 96 mikroskop, 65 kompüter dəsti, 9 
						konfrans masası, 35 kompüter masası, 250 tələbə masası, 
						15 qulaqcıq, 2 qoruyucu kamera, 500 stul İSO, 1 kabinet 
						dəsti, 2 tennis stolu, 20 kürsü, 20 plastik lövhə 
						alınıb. 
						
						Mühəndislik fakültəsinin tədris korpusu şəhərin ən böyük 
						binalarındandır ki, burada 2 fakültə, böyük idman salonu, 
						bir neçə struktur bölmə fəaliyyət göstərir. Korpusda 
						əsaslı təmir və abadlıq işləri başa çatdırılmışdır. 
						Binanın foye, dəhliz və pilləkənlərinə mərmər döşənmiş, 
						fasad hissəsi müasir səviyyədə gözəlləşdirilmiş, yeni 
						tədris avadanlıqları alınmış, tədris binası cari tədris 
						ilinin başlanğıcında müəllim və tələbələrin istifadəsinə 
						verilib. Tədris korpusu üçün 828 masa, 1778 stul və 
						digər tədris avadanlıqları alınıb. 
						
						Bütün tədris korpuslarına universitetin daxili imkanları 
						hesabına videokameralar quraşdırılıb.  
						
						 İmtahan 
						sessiyası 
						
						 Payız və yaz semestrlərinin imtahan sessiyalarının 
						Təhsil Nazirliyinin normativ-hüquqi sənədlərinin 
						tələbləri əsasında tam aşkarlıq şəraitində keçirilməsi 
						məqsədi ilə lazımi sayda müasir kompüter dəsti alınıb. 
						Bu da sessiyalarda imtahanların kompüterlər vasitəsilə 
						qəbul edilməsinə imkan yaradır.  
						
						
						 "Elektron 
						universitet" layihəsi çərçivəsində mühəndislik 
						korpusunda 150 kompüter dəstindən ibarət 2 auditoriya 
						ayrılıb, imtahan fənləri üzrə mütəxəssis olmayan 
						şəxslərdən ibarət nəzarət qrupu təşkil olunub, 
						valideynlərə, kütləvi informasiya vasitələrinin 
						nümayəndələrinə imtahanlarda iştirak etmək üçün şərait 
						yaradılıb. Bütün kurslarda imtahanlar test üsulu ilə 
						aparılır. 
						
						 Kitabxana 
						
						Əsası 1929-cu ildə qoyulan ADAU-nun əsaslı kitabxanası 
						ümumiyyətlə, elmin və xüsusən kənd təsərrüfatı elminin 
						çoxşaxəli sahələrinə aid nadir inciləri qoruyub 
						saxlayır. Əsaslı kitabxana ADAU-nın professor-müəllim 
						heyətinə, tələbələrə, habelə gənc tədqiqatçılara xidmət 
						göstərir. Kitabxananın fondunda 700 min nüsxəyə yaxın 
						müxtəlif adlı dərslik, elmi və bədii ədəbiyyat 
						oxucuların istifadəsindədir. Respublikanın müxtəlif 
						bölgələrində aqrar sahə üzrə çalışan mütəxəssislər və 
						elmi - tədqiqat işçiləri də vaxtaşırı bu kitabxana 
						fondundan bəhrələnirlər. 
						
						Kitabxanada bir oxu zalı fəaliyyət göstərir. ADAU-da 
						həmçinin Elektron kitabxana yaradılıb ki, burada Asiya, 
						Avropa,  Afrika və Yaxın Şərq ölkələrinin, Türkiyə, 
						Avstraliya, Yeni Zelandiya və Sakit okean hövzəsi 
						ölkələri, FAO Catalogue, Kanada və Meksika və Latın 
						Amerikası ölkələrinin kitabxanalarından faydalanmaq 
						mümkündür. Həmçinin rus və Azərbaycan dillərində 
						müxtəlif qəzetlərdən və elmi jurnallardan da istifadə 
						etmək olar.  
						
						
						 Elmi-tədqiqat 
						işləri və əldə edilən uğurlar 
						
						 ADAU-nun professor-müəllim kollektivi 2015-2017-ci 
						illərdə "Torpaqların münbitliyinin yaxşılaşdırılması, 
						qorunması, meliorasiyası və suvarma texnologiyalarının 
						öyrənilməsi, kənd təsərrüfatı bitkilərinin genefondunun 
						toplanması, toxum və ting istehsalı, əkinçilikdə müasir 
						becərmə texnologiyalarının işlənməsi, yeni heyvan 
						cinslərinin yaradılması, damazlıq işlərinin təşkili, 
						heyvandarlıqda xəstəliklərə qarşı profilaktik 
						tədbirlərin hazırlanması, bitkiçilik və heyvandarlıq 
						məhsullarının daşınması və saxlanması, kənd 
						təsərrüfatının bütün sahələrində istifadə olunan 
						texnikaların səmərəliliyinin artırılması, fermer 
						təsərrüfatlarının idarə olunmasını və kənd təsərrüfatı 
						məhsullarının iqtisadi təhlili" istiqamətlərində 
						elmi-tədqiqat işlərini davam etdirirlər.  Bu işlərin 
						yerinə yetirilməsində 31 kafedra,  2 sahəvi laboratoriya 
						və 534 əməkdaş iştirak edir. 
						
						2014-cü ildə ADAU əməkdaşları tərəfindən 1 monoqrafiya, 
						23 dərslik, 20  dərs vəsaiti, 24  broşür, 1750 məqalə ( 
						bunlardan 132 xaricdə), 3  tövsiyə, 13 elmi əsərlər 
						məcmuəsi, 151 proqram nəşr edilib. Ötən il 1 nəfər 
						elmlər doktoru, 9 nəfər isə fəlsəfə doktoru adına layiq 
						görülüb.  
						
						Seleksiyanın "Qızıl fondu" hesab edilən 68 başlanğıc 
						material pitomnikində 312 nümunə seçilib, həmin 
						nümunələr kolleksiya, hibrid və seleksiya 
						pitomniklərində səpilib, onlar üzərində fenoloji 
						müşahidələr, sünbül və dərz analizləri aparılıb. Yeni 
						yaradılmış "ADAU-80" qarğıdalı sortunun toxumları 
						çoxaldılaraq bir çox rayonların qabaqcıl 
						təsərrüfatlarına  təhvil verilib.  
						
						
						 Beynəlxalq 
						"CİMMUT" proqramının metodikasına uyğun olaraq bir sıra 
						ölkələrdən, o cümlədən Türkiyədən gətirilmiş 50 nümunə 
						sınaqdan keçirilib. 2014-cü ildə ADAU əməkdaşları 
						tərəfindən "Məhsuldar"  qarğıdalı, "Qismət" Tritikale və 
						"Qırmızı buğda" yumşaq sortlarının rayonlaşdırılması  
						Respublika Sort Sınaq Stansiyasında davam etdirilib. 
						
						Bağçılıq kafedrasının əməkdaşları 2014-cü ildə 3 üzüm 
						sortunu rayonlaşdırmaq üçün  Respublika Sort Sınaq 
						Stansiyasına təqdim ediblər.  
						
						İnək, camış, qoyun və keçilərin süd məhsullarının 
						identifikasiyası, ekspertizası, soyudulması, 
						dondurulması və saxlanması üsulları, saxlanma zamanı 
						onun tərkibində gedən fiziki, kimyəvi və bakterioloji 
						dəyişikliklər öyrənilib. 
						
						"Baytarlıq və balıqçılıq təsərrüfatı işi" ixtisası üzrə 
						mütəxəssis hazırlığının keyfiyyətini yaxşılaşdırmaq 
						məqsədilə baytarlıq təbabəti və zoomühəndislik 
						fakültəsində "Qapalı balıq yetişdirmə tədris təcrübə 
						laboratoriyası"nın tikintisi başa çatdırılıb. 
						
						Kənd təsərrüfatı məhsullarının qurudulması üçün sadə və 
						ucuz günəş kollektorlarının texniki şərtləri işlənib 
						hazırlanıb və onun əsasında Rusiyada Texniki Rezin 
						Məmulatları EİB-də orijinal qurğu hazırlanaraq sınaqdan 
						çıxarılıb.  
						
						
						 Yeni 
						laboratoriyalar 
						
						 Təkcə 2014-cü ildə linqafon kabineti, "kimya", 
						"əczaçılıq və BSE", "fizika və riyaziyyat" kafedraları 
						üçün laboratoriyalar, "bitkiçilik və bitki mühafizəsi" 
						kafedrasına isə fitopatologiya üzrə "KARMALAB" 
						laboratoriyası quraşdırılıb. 
						
						Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin 
						ərazisində balıqçılıq və balıq təsərrüfatı işi ixtisası 
						üzrə mütəxəssis hazırlıq keyfiyyətinin yaxşılaşdırılması 
						üçün 1 ədəd 126 kub.m-lik yeraltı hovuz hazırlanıb, 16 
						ədəd yerüstü hovuz (hər biri 24 kub.m) quraşdırılmışdır. 
						8 hovuzda hazırda balıq  yetişdirilir.  
						
						Laboratoriya Türkiyə mütəxəssisləri tərəfindən 
						quraşdırılıb. Laboratoriyada tələbələr balıq kürüsünün 
						alınması, mayalandırılması mərhələsindən başlayaraq 
						balıq alınmasınadək bütün texnoloji prosesdə iştirak 
						edəcək, həmçinin müxtəlif növ balıqların yetişdirilməsi 
						və yemləndirilməsi texnologiyasına da yiyələnəcəklər.
						 
						
						Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin 
						nəzdində "Quşçuluq tədris-təcrübə mərkəzi" yaradılıb. 
						Mərkəzin yaradılmasında məqsəd quşçuluq sahəsində yüksək 
						ixtisaslı mütəxəssislərin hazırlanmasıdır.  
						
						Təməli 2013-cü ilin noyabr ayında qoyulan quşçuluq 
						tədris mərkəzi 2014-cü ilin oktyabr ayında fəaliyyətə 
						başlayıb. Tədris mərkəzi 3000 baş broyler cücəsinin 
						yetişdirilməsi üçün nəzərdə tutulub. 
						
						Bu mərkəzdə birinci və ikinci kurs tələbələri quşçuluqda 
						işin birinci praktik bacarıqlarını əldə edərək 
						laborantlar kimi tədris təcrübəsini keçəcəklər. Üçüncü 
						kursun tələbələri - kiçik elmi işçilər, briqadirlər, 
						seleksiyaçılar, quşun yemləndirilməsi üzrə 
						mütəxəssislər, baytar həkimləri yeni istehsal 
						təcrübəsini orta əlaqənin mütəxəssislərinin dublyorları 
						kimi keçməlidirlər.  
						
						Quşçuluq tədris mərkəzinin əməkdaşlarınin 
						tədqiqatlarının materialları əsasında istehsalata 
						tövsiyələr hazırlanır. 
						
						"Balıqçılıq və balıqçılıq təsərrüfatı işi" ixtisası üzrə 
						mütəxəssis hazırlığının keyfiyyətini yaxşılaşdırmaq 
						məqsədilə baytarlıq təbabəti və zoomühəndislik 
						fakültəsinin nəzdində "Qapalı balıqyetişdirmə  
						laboratoriyası" yaradılmış  və iki növdə 2 mindən çox 
						balıq yetişdirilməsinə başlanıb.  
						
						 Beynəlxalq 
						əlaqələr  
						
						ADAU tələbə və müəllimlər üçün Erasmus Mundus INFINITY, 
						TEMPUS- SuToMa, "Mövlanə" Mübadilə Proqramı, Vaynştefan 
						proqramının, həmçinin müəllimlər üçün olan TEMPUS FLEPP 
						layihəsinin iştirakçısıdır. 
						
						Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyi 
						nəzdindəki İqtisadi Ticarət Müşavirliyi ilə əməkdaşlıq 
						çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin 
						əməkdaşları Çində təşkil edilmiş kənd təsərrüfatının 
						müxtəlif problemlərinə həsr olunan silsilə seminarlarda 
						iştirak edirlər. Hər biri 20 gün olan və cari ilin 
						noyabr ayına kimi davam edəcək seminarların bütün 
						xərcləri (viza xərcləri istisna olmaqla) Çin Hökuməti 
						tərəfindən ödənilir. Hər bir seminarda 5 nəfər əməkdaşın 
						iştirakına icazə verilməklə,  xarici dil bilikləri olan 
						gənc müəllim və doktorantların iştirakının təmin 
						olunmasına üstünlük verilir.  
						
						Avropa İttifaqının TEMPUS proqramı dəstəyi ilə həyata 
						keçirilən FLEPP  (Foreign Language Education for 
						Professional Purposes) layihəsi ilə əlaqədar 15 dəst 
						kompüter, 1 ədəd proyektor, 2 ədəd printerlə 
						universitetin dillər kafedrasının nəzdində xüsusi 
						auditoriya yaradılıb. 
						
						23-24 aprel 2015-ci ildə Serbiyanın paytaxtı Belqrad 
						şəhərində keçirilmiş Qara dəniz regionu ölkələri ali 
						məktəblərinin rektorlarının 11-ci konfransının 
						sessiyasında Qara Dəniz Universitetləri Şəbəkəsinin Baş 
						Assambleyasının qərarına əsasən Azərbaycan Dövlət Aqrar 
						Universiteti təşkilata üzv qəbul olunub. Təşkilat 
						dünyanın 12 ölkəsinin 120 universitetini özündə 
						birləşdirməklə, üzvlər arasında təhsil, elmi-tədqiqat və 
						mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi 
						missiyasını yerinə yetirir. Hazırda Gəncə şəhərindən 
						yalnız Azərbaycan Dövlət Aqrar Universiteti qeyd olunan 
						təşkilatın tamhüquqlu üzvüdür.  
						
						
						İctimai təşkilatlar  
						
						
						Azad Həmkarlar İttifaqı Komitəsi. 
						Azərbaycan Dövlət Aqrar Universitetində həmkarlar 
						ittifaqı təşkilatı 1929-cu ildən fəaliyyət göstərir. 
						Hazırda ittifaqın 1013 üzvü var. İttifaqın fəaliyyəti 
						müxtəlif istiqamətlidir. İttifaq üzvlərinin əmək, sosial, 
						iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, 
						müəssisənin rəhbərliyi ilə əməkdaşlıq çərçivəsində 
						ittifaq üzvlərinin mənafelərini təmsil etməsi, kollektiv 
						danışıqların aparılması, kollektiv müqavilənin 
						bağlanması və onun yerinə yetirilməsinə nəzarətin həyata 
						keçirilməsi, əməyin mühafizəsinə, ətraf mühitə, 
						sağlamlığa mənfi təsir göstərən faktorların aradan 
						qaldırılmasına, üzvlərinin sağlam və təhlükəsiz iş 
						şəraiti ilə təmin edilməsinə   ictimai nəzarətin təşkili 
						və s. kimi müxtəlif səpgili işlər görürlər. 
						
						ADAU Həmkarlar İttifaqı  Komitəsinin 11 üzvü var. 
						Komitənin   nəzdində 5 fakültə və 3 şöbə həmkarlar 
						ittifaqı təşkilatı fəaliyyət göstərir.   
						
						
						Tələbə Azad Həmkarlar İttifaqı Komitəsi  
						
						Tələbə Həmkarlar İttifaqı Komitəsi universitetdə 1935-ci 
						ildən fəaliyyət göstərir. Komitənin fəaliyyət 
						istiqamətlərinə həmkarlar ittifaqı üzvlərinin əmək, 
						sosial, hüquqlarının və mənafelərinin müdafiəsi, 
						həmkarlar ittifaqı üzvlərinin, onların ailə üzvlərinin 
						sağlamlığına qayğı göstərilməsi, onların təqaüd 
						təminatının, sanatoriya, kurort müalicəsinin və 
						istirahətinin, asudə vaxtının səmərəli təşkili, bədən 
						tərbiyəsi və idmanın inkişaf etdirilməsi daxildir.  
						
						
						Tələbə Elmi Cəmiyyəti  
						
						Tələbə Elmi Cəmiyyəti (TEC) universitet daxilində 
						yaradılmış ictimai təşkilat olub, universitetin elmi  
						işlər üzrə prorektoruna tabedir. TEC-in şurası və 
						redaksiya heyəti  mövcuddur.  TEC-in Şurası 
						universitetdə olan bütün fakültələri təmsil etməklə 20 
						nəfərdən ibarətdir. Yəni, şuraya hər fakültənin tələbə 
						elmi cəmiyyətinin sədri, onun rəhbərliyi altında 
						fəaliyyət göstərən komitə üzvləri və bir qrup əlaçı 
						tələbələr daxildir. TEC 30 kafedrada müxtəlif ixtisas 
						istiqamətli elmi dərnəklər əsasında fəaliyyət göstərir. 
						Cəmiyyətin əsas məqsədi tələbələrin elmə meyilinin və öz 
						ixtisasları üzrə biliklərinin artırılmasıdır. 
						 
						
						Cəmiyyətin vəzifələrinə tələbələrin elmi marağının 
						artırılması ilə bağlı tədbirlər, intellektual oyunların 
						təşkili, fənn olimpiadalarında tələbələrin iştirakının 
						təmini, fakültədaxili yarışların keçirilməsi, əlaçı və 
						yaxşı qiymətlərlə oxuyan tələbələrin müvafiq kafedralara 
						istiqamətləndirilməsi, elmi seminar və konfransların 
						təşkili, fəal tələbələrin bu konfranslarda iştirakının 
						təmin edilməsi, tələbələrin elmi məqalələrinin nəşr 
						edilməsi daxildir.   
						
						
						Tələbə Gənclər Təşkilatı  
						
						ADAU-da TGT  2005-ci ildən fəaliyyət göstərir. Təşkilat 
						Azərbaycan Respublikasının Konstitusiyasına, 
						qanunlarına, Gənclər və İdman Nazirliyinin, Təhsil 
						Nazirliyinin qərar, əmr və tövsiyələrinə və təşkilatın 
						əsasnaməsinə uyğun fəaliyyət göstərir.  
						
						Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin 
						həyata keçirilməsi istiqamətində tələbələrin və 
						ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və 
						müdafiə etmək, respublikanın ictimai, mədəni, sosial, 
						iqtisadi həyatında onların fəal iştirakını təmin 
						etməkdir.  
						
						Tələbələrin sosial problemlərinin həlli istiqamətində, 
						eləcə də tələbələr arasında maarifləndirmə işlərinin 
						aparılması, tələbələrin asudə vaxtının səmərəli təşkil 
						edilməsi, tələbələrin hüquqlarının təmin edilməsi, 
						respublikanın daxilində və xaricində keçirilən 
						müsabiqələrdə, olimpiadalarda, sərgilərdə istedadlı və 
						yaradıcı tələbələrin iştirakını, tələbələr arasında 
						narkomaniya, alkoqolizm, cinayətkarlıq və digər neqativ 
						meyillərə qarşı profilaktik tədbirlərin həyata 
						keçirilməsi, tələbələrin iştirakı ilə müsabiqələrin, 
						seminarların, festivalların, forumların, toplantıların, 
						sərgilərin, aksiyaların, "dəyirmi masa"ların, elmi 
						konfransların, təlim kurslarının, kütləvi təbliğat 
						kampaniyalarının, diskusiya klublarının, müzakirələrin, 
						simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil 
						edilməsi də təşkilatın işinə daxildir.  
						
						
						Tələbə həyatı - Enactus  
						
						Azərbaycan Dövlət Aqrar Universitetinin "Enactus" (SIFE) 
						komandası ilk olaraq 2008-ci ildə yaranıb. 2009-cu ildə 
						keçirilən yarış zamanı respublika çempionu adını 
						qazanıb. Almaniya Federativ Respublikasında Dünya kuboku 
						yarışında Azərbaycanı təmsil edib. 2012-ci ildə MDB 
						dövlətləri arasında keçirilən "SIFE SİLK ROAD" adlı 
						Beynəlxalq konfransda universitetlərarası dörd komanda 
						içərisində Azərbaycan Dövlət Aqrar Universitetinin "Enactus" 
						(SIFE) komandası seçilib və bütün komanda üzvləri 
						sertifikatla təltif olunub. 2012-ci ildə isə Milli 
						çempionatda iştirak edərək "SPRİT of SIFE" (SIFE-ın ruhu) 
						kubokunu əldə etmiş və "İlin komandası" nominasiyasında 
						fərqlənmişdir. 
						
						2013-cü ildə isə milli çempionatda iştirak edərək "Ən 
						güclü region komanda" adına və həmçinin komandanın 
						yarışda təqdim etdiyi layihələrdən biri olan "Qida 
						məhsullarının təhlükəsizliyi" layihəsi münsiflər 
						heyətinin  üzvləri tərəfindən "İlin ekoloji və sosioloji 
						layihəsi" fəxri diplomu ilə mükafatlandırılıb. 
						
						Hazırda ADAU-nun "Enactus" (SIFE) komandası başqa 
						ölkələrin komandaları və digər universitetlərin 
						tələbələri ilə də əməkdaşlıq edir.  ADAU "Enactus" (SIFE) 
						komandası Azərbaycan Respublikası Kənd Təsərrüfatı 
						Nazirliyi, Almaniyanın GTZ şirkəti, Elba MMC, "Çinar 
						Otel" İstirahət Mərkəzi, "My Way otel", "Pal Market" , 
						"Kəpəz Alçı" MMC, AURA PARK və başqa sponsorlarla 
						layihələr həyata keçirib. Layihələrdən bir neçəsi bitsə 
						də "Virtual Market",  "Yaşıl Çay" "TRASEKA" (Qədim İpək 
						yolu ) layihələri davam edir.  
						
						 Məzun 
						yarmarkası  
						
						Hər il universitetdə məzun yarmarkası təşkil olunur. 
						Yarmarkalarda rayonların icra hakimiyyətləri, Kənd 
						Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər 
						Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 
						Dövlət Məşğulluq Xidməti və digər orqan və təşkilatların 
						tabeliyində olan firma, müəssisə və təşkilatın 
						nümayəndəsi iştirak edir, məzunlarımıza yüzlərlə vakant 
						iş yeri təklif olunur. Bu il ulu öndər Heydər Əliyevin 
						anadan olmasının 92-ci ildönümü və 2015-ci ilin "Kənd 
						təsərrüfatı ili" elan olunmasi ilə əlaqədar Azərbaycan 
						Dövlət Aqrar Universitetində Kənd Təsərrüfatı Nazirliyi, 
						"Aqrolizinq" ASC-nin təşkilatçılığı ilə əmək yarmarkası 
						keçirilib. Yarmarkada respublikanın kənd təsərrüfatı 
						sahəsində fəaliyyət göstərən 15-dən çox şirkəti, 500 
						nəfərdən çox iş axtaran məzun iştirak edib.   
						
						ADAU-nun uğurları  
						
						Azərbaycan Respublikasının Prezidenti yanında Elmin 
						İnkişafı Fondu tərəfindən ölkənin bir sıra ali təhsil 
						müəssisələrində aparılan əhəmiyyətli elmi araşdırma və 
						tədqiqatların daha yüksək səviyyədə dəstəklənməsinə 
						yönəlmiş layihələrin həyata keçirilməsi qrantların yolu 
						ilə ünvanlı şəkildə maliyyələşdirilməsi məqsədilə ilk 
						dəfə olaraq keçirilmiş "Universitet qrantı" 
						müsabiqəsində Azərbaycan Dövlət Aqrar Universitetindən 
						təqdim olunmuş "Azərbaycanın qərb bölgəsində 
						meyvə-tərəvəz bitki genetik ehtiyatlarının 
						müəyyənləşdirilməsi və səmərəli istifadənin təşkili" və 
						"Üzümün başlıca xəstəlik törədiciləri - Oidium (Uncinula 
						necator) və Milyunun (Plasmopara viticola) erkən 
						diaqnostikasının təşkilində DNT əsaslı texnologiyanın 
						tətbiqi" layihələrdə qalib olub.  
						
						Təhsil Nazirliyinin "İctimai Təşəbbüslərin dəstəklənməsi 
						layihəsi" çərçivəsində Azərbaycandan Kənarda Təhsil 
						Almış Məzunlar Təşkilatının hazırladığı Azərbaycanda ali 
						məktəblərin reytinq cədvəlinə əsasən universitet Gəncə 
						şəhərində yerləşən ali təhsil müəssisələri arasında 1-ci 
						və respublikada 7-ci yeri tutub. Universitetin 
						tələbələrdən ibarət "Enactus" komandası 30-31 may 
						2015-ci ildə Bakı şəhərində keçirilmiş tələbələrin azad 
						sahibkarlıq fəaliyyəti proqramı üzrə X milli çempionatın 
						qalibi olaraq Cənubi Afrika Respublikasında keçiriləcək 
						beynəlxalq çempionatda ölkəmizi təmsil etmək hüququ 
						qazanıb.  
						
						Universitetdə mütəxəssis hazırlığı aparılan ixtisaslara 
						peşəyönümü üzrə abituriyentlərin maarifləndirilməsi 
						məqsədilə alimlər Gəncənin və rayonların orta 
						məktəblərində pedaqoji heyət və buraxılış sinif 
						şagirdləri ilə görüşlər keçirir. 
						
						Bununla yanaşı, universitetin fəaliyyətini əks etdirən 
						20 dəqiqəlik film AzTV, ATV, Kəpəz TV və Tovuz TV 
						vasitəsilə yayımlanıb, AzTV-nin "Günün nəbzi" 
						proqramında universitet rəhbərliyi nümayəndələrinin 
						iştirakı ilə "dəyirmi masa" keçirilib. 
						
						2014/2015-ci tədris ilinin payız semestrinin imtahan 
						sessiyasını əla qiymətlərlə başa vuran əyani təhsil 
						forması üzrə 236 əlaçı tələbədən  53-ü öz arzusu ilə "2 
						fevral-Azərbaycan gəncləri günü" münasibəti ilə yeddi 
						gün müddətində respublikamızın Qax və Zaqatala 
						rayonlarının istirahət  mərkəzlərinə qış tətilinə 
						göndərilib. 
						
						Universitetdə aqrar sahə üçün mütəxəssis hazırlığı ilə 
						yanaşı çoxlu sayda mədəni-kütləvi tədbirlər keçirilib. 
						Bu tədbirlər tələbələrin hərbi vətənpərvərlik ruhunda 
						tərbiyə olunmalarında müstəsna əhəmiyyət kəsb edir.
						 
						
						Bu il Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Milli 
						Qəhrəman, Azərbaycanın igid oğlu Mübariz İbrahimovun 
						doğum günü münasibətilə Biləsüvar rayonuna səfər təşkil 
						olunub.  
						
						Mayın 6-da Azərbaycan Dövlət Aqrar Universitetində 
						ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci 
						ildönümünə və 2015-ci ilin Azərbaycanda "Kənd 
						təsərrüfatı ili" elan edilməsinə həsr olunmuş 
						"Azərbaycanda aqrar sektorun yeni infrastrukturu: aqro 
						parklar, onların yaradılmasının zəruriliyi və 
						innovasiyalı inkişafda rolu" respublika elmi-praktik 
						konfransı keçirilib. Həmçinin 23-24 oktyabrda 
						universitetdə Azərbaycan Respublikasında "Kənd 
						təsərrüfatı ili" elan edilməsinə həsr olunmuş "Aqrar 
						elmin və təhsilin innovativ inkişafı: dünya təcrübəsi və 
						müasir prioritetlər" mövzusunda Beynəlxalq elmi-praktik 
						konfrans keçiriləcək.  
						
						Mərkəzlər  
						
						Distant və Əlavə Təhsil Mərkəzi 2008-ci ildə yaradılıb. 
						Mərkəzdə aşağıdakı şöbələr fəaliyyət göstərir: 
						
						* Yenidənhazırlanma şöbəsi 
						
						* İxtisasartırma və təkmilləşdirmə şöbəsi 
						
						* Distant təhsilə xidmət şöbəsi 
						
						* Əhaliyə pullu xidmət şöbəsi    
						
						Yenidənhazırlanma şöbəsi 
						
						  
						
						Yenidənhazırlanma şöbəsində təhsil - xalq təsərrüfatının 
						ayrı-ayrı sahələri üçün mütəxəssislərin diplomdansonrakı 
						təhsilinin yenidən hazırlanma formasının həyata 
						keçirilməsi "Təhsil haqqında" Azərbaycan Respublikasının 
						Qanunu və bu istiqamətdə olan mövcud normativ sənədlərə 
						uyğun aparılır. Həmin qaydalar bu sahədə fəaliyyət 
						göstərən tədris müəssisələrinin (strukturlarının) işini 
						tənzimləmək, eləcə də diferensiallaşdırılmış 
						proqramlarla çevik strukturların yaradılması və bununla 
						da müxtəlif istehsalat sahələri, iqtisadiyyatın 
						ayrı-ayrı strukturları, konkret idarə, müəssisə və 
						təşkilatların mütəxəssislərə olan tələbatının ödənilməsi 
						məqsədini daşıyır. 
						
						Bazar iqtisadiyyatına keçidlə əlaqədar istehsalatın 
						müxtəlif sahələrində əmələ gələn dəyişikliklər 
						nəticəsində yeni yaxın ixtisaslı mütəxəssislərə yaranan 
						tələbatı adi qaydalarla ödəmək mümkün olmadığından 
						ayrı-ayrı idarə, müəssisə və təşkilatlar, eləcə də 
						tək-tək vətəndaşlarla bağlanmış müqavilələr əsasında 
						xüsusi statusu olan tədris müəssisələrində yenidən 
						hazırlanır. 
						
						Yenidənhazırlanma təhsili, baza təhsilinə müvafiq olaraq 
						əyani formada 9-18 ay, distant və axşam formada 18-24 ay 
						ola bilər. Təhsil haqqı ixtisaslara uyğun olaraq 
						fərqlənir. 
						
						Yenidənhazırlanma təhsilini müvəffəqiyyətlə başa vuran 
						müdavimlərə universitetin Dövlət Standartlarına uyğun 
						diplomu təqdim olunur.  
						
						 İxtisasartırma və təkmilləşdirmə 
						şöbəsi 
						
						 İxtisasartırma və təkmilləşdirmə şöbəsində kənd 
						təsərrüfatı kadrlarının peşə ustalığının və elmi nəzəri 
						biliklərinin genişləndirilməsi, elm və texnikanın ən 
						yeni nailiyyətlərinin mənimsənilməsini və kənd 
						təsərrüfatı məhsullarının istehsalı prosesində istifadə 
						olunması məqsədi ilə respublikanın kənd təsərrüfatı 
						mütəxəssisləri üçün Kənd Təsərrüfatı Nazirliyinin 
						göndərişi və ya vətəndaşlarla bağlanmış fərdi 
						müqavilələr əsasında müxtəlif sahələr üzrə (baytarlıq, 
						zootexnika, mexanikləşdirmə, elektrikləşdirmə, 
						aqronomluq, bitki mühafizəsi, meliorasiya, ekologiya, 
						kənd təsərrüfatının iqtisadiyyatı, aqrar siyasət və s.) 
						ixtisasartırma kursları təşkil edir.                                 
						 
						
						 Distant təhsilə xidmət şöbəsi 
						
						 Distant və Əlavə Təhsil Mərkəzində mövcud olan təhsil 
						formalarından ən çox tələb olunan distant təhsil olduğu 
						və həmin təhsil formasının müasir informasiya 
						texnologiyaları və xüsusilə internetlə bağlılığı və 
						digər özəllikləri nəzərə alınaraq mərkəzdə Distant 
						təhsilə xidmət şöbəsi yaradılıb. Şöbə distant təhsilin 
						təşkili üçün bütün lazımi avadanlıqlar, texnoloji 
						vəsaitlər və proqram təminatı ilə təmin edilib. Hazırda 
						şöbə təhsilin elektronlaşdırılma, elektron kitabxananın, 
						müəllim və tələbələrin elektron məlumat bazasının 
						yaradılması ilə məşğuldur. 
						
						 Magistr hazırlığı mərkəzi  
						
						Magistr hazırlığı mərkəzi ADAU-nun Elmi Şurasının 
						qərarına əsasən yaradılıb. Mərkəzin məqsədi ölkədə 
						yüksək ixtisaslı mütəxəssislərə olan tələbatın təmin 
						edilməsi, elmi-pedaqoji və elmi-tədqiqat sahəsi üçün 
						kadrların hazırlanmasından ibarətdir. Magistr hazırlığı 
						mərkəzi dövlət təhsil standartlarına uyğun olaraq 
						təhsilin verilməsini, magistrantların müvəffəqiyyət 
						dərəcəsinə cari, aralıq və yekun attestasiyanı təşkil 
						edir. 
						
						Mərkəzə 17 istiqamətin 44 ixtisaslaşması üzrə magistrant 
						qəbulu aparılır. Hazırda Magistr hazırlığı mərkəzində 
						120 nəfər magistrant təhsil alır ki, onlardan 78 nəfəri 
						əyani, 42 nəfəri isə qiyabi şöbə üzrə olmaqla 8 nəfəri 
						xarici ölkələrin (İraq və Türkiyə) vətəndaşlarıdır. 
						
						Magistrantların təhsili ilə 40-dan çox professor və 
						universitetin alimləri məşğuldur. Onların rəhbərliyi ilə 
						magistrantlar ixtisasları üzrə magistrlik dissertasiyası 
						üzərində işləyir, aparılan elmi-tədqiqatların nəticələri 
						respublikanın və xarici ölkələrin elmi nəşrlərində dərc 
						olunur. |