| 
						
						
						Yusif ƏLİYEV,  "Azərbaycan müəllimi"
 y.aliyev@muallim.edu.az
 
 
						
						
						 "Azərbaycan 
						Respublikasında təhsilin inkişafı üzrə Dövlət 
						Strategiyası"nın dördüncü strateji istiqaməti müasir 
						tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil 
						infrastrukturunun yaradılmasını nəzərdə tutur. Bu 
						istiqamət üzrə görüləcək əsas işlərdən biri təhsil 
						müəssisələrində informasiya - kommunikasiya 
						texnologiyaları əsaslı təlim metodologiyasına uyğun 
						infrastrukturun bərqərar edilməsidir.  Məlum olduğu kimi, 
						son 10 ildən artıq bir müddət ərzində təhsil 
						müəssisələrinin İKT vasitələri ilə təmin olunması 
						istiqamətində çox böyük işlər görülmüş, iki dövlət 
						proqramı  qəbul olunaraq həyata keçirilmişdir. 
						
						Nəticədə ölkə üzrə bütün pillələrdən olan tədris 
						müəssisələri müasir kompüterlərlə, digər İKT 
						avadanlıqları ilə əsasən təmin olunmuş, təkcə  
						ümumtəhsil sistemində şagird-kompüter nisbəti 20:1-ə 
						çatdırılmışdır. 2014-2015-ci tədris ilində də bu 
						istiqamətdə aparılan işlər davam və inkişaf etdirilmiş, 
						təhsil müəssisələrinin kompüter avadanlığı və digər 
						rəqəmsal avadanlıqlarla təmin edilməsi, mövcud şəbəkə 
						avadanlığının və proqram təminatının fasiləsiz işlək 
						vəziyyətdə saxlanması üçün texniki dəstək xidmətləri 
						göstərilməsi, təhsil işçilərinin bu vasitələrlə iş üzrə 
						bilik və bacarıqlarının artırılması diqqət mərkəzində 
						saxlanılmışdır. 
						
						Belə ki, Təhsil Nazirliyinin Təhsil Sisteminin 
						İnformasiyalaşdırılması İdarəsindən aldığımız məlumata 
						görə, ötən dərs ilində ümumilikdə təhsil müəssisələri 
						6000 ədəd Monoblok Lenovo stolüstü kompüter, 3000 ədəd 
						noutbuk, 700 ədəd proyektor və 1377 ədəd interaktiv 
						elektron lövhə ilə təmin olunmuşdur. 
						
						Bakı şəhəri, Abşeron rayonu və digər şəhər və rayonlarda 
						1846 təhsil müəssisəsinə, CİSCO SMART net Service 
						vasitəsilə təhsil müəssisələrində yerləşən şəbəkə 
						avadanlıqlarına, eyni zamanda, "Elekton məktəb" layihəsi 
						çərçivəsində 43 təhsil müəssisəsində quraşdırılmış 
						proqram təminatının fasiləsiz işlək vəziyyətdə qalması 
						üçün texniki dəstək xidmətləri göstərilmişdir. 
						
						Respublika üzrə 200 təhsil müəssisəsi Azərbaycan Təhsil 
						Şəbəkəsinə qoşulmuş, 1765 təhsil müəssisəsi Fiber-Optik, 
						ADSL və simsiz rabitə kanalları ilə təhsil sisteminin 
						korporativ İntranet və İnternet şəbəkələrinə çıxışla 
						təmin edilmişdir.  
						
						Müxtəlif fənlərə aid elektron tədris resursları, 
						multimedia məzmunlu video dərslər, təhsil üzrə 
						simulyasiyalar və elektron testlər hazırlanması və 
						www.e-resurs.edu.az  portalında yerləşdirilməsi 
						istiqamətində də bir sıra addımlar atılmış,  biologiya, 
						riyaziyyat, fizika və kimya fənləri üzrə 26 ədəd 
						elektron dərs, milli tədris fənləri üzrə 30 ədəd 
						elektron tədris resursu, 106 ədəd videodərs, 300 ədəd 
						təhsil üzrə simulyasiyalar, 28000-dək elektron test olan 
						baza hazırlanıb istifadəyə verilmişdir. 
						
						Məlumat və Resurs Mərkəzinin bütün serverləri 
						lisenziyalar, təhsil müəssisələrində olan kompüterlər 
						isə lisenziyalı "Bitdefender SRL" antivirus proqramları 
						ilə təmin olunmuşdur. 
						
						Təhsil sisteminin 900 nəfər inzibati idarəetmə heyəti 
						üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş 
						treninqlər keçirilmişdir. 
						
						"I şagird: 1 kompüter" təhsil modelinin orta ümumtəhsil 
						məktəblərində reallaşdırılması üzrə 650 nəfər müəllim 
						treninqlərə cəlb olunmuşdur. 
						
						Təhsildə İKT, müasir təlim strategiyaları və layihə 
						metodikasının istifadəsi üzrə 700 nəfər müəllim üçün 
						treninqlər təşkil olunmuşdur. 
						
						Müəllim və inzibati idarəetmə heyətindən 450 nəfər 
						mentorluq üzrə, ibtidai siniflərdə dərs deyəcək 1200 
						nəfər, Milli Təhsil Məlumat Bazasının istifadəsi üzrə 
						375 nəfər müəllim üçün treninqlər keçirilmişdir. Eyni 
						zamanda distant təhsilə cəlb olunmuş şagird, valideyn və 
						müəllimlər üçün İKT avadanlıqlarından və texniki 
						vasitələrdən istifadəyə dair treninqlər təşkil olunmuş, 
						bu məqsədlə 50 müəllim, 160 şagird və 160 valideyn 
						heyəti treninqlərdən keçmişdir. 
						
						Ayrı-ayrı təhsil müəssisələrinin İKT avadanlığı ilə 
						təchiz olunması istiqamətində də iş aparılmış, 132-134 
						nömrəli təhsil kompleksində yaradılmış xüsusi sinif 
						otağı 35 planşet, 1 noutbuk, müvafiq proqram təminatlı 
						elektron interaktiv lövhə və printerlə, akademik Zərifə 
						Əliyeva adına liseyin bir sinif otağı 42 ədəd  noutbuk, 
						1 ədəd böyük ölçülü monitor, 1 ədəd müəllim üçün 
						kompüter, 11 ədəd planşet, 1 dəst elektron interaktiv 
						lövhə, 1 ədəd lazer printeri, 2 ədəd rəqəmsal kamera, 4 
						ədəd monitor, 4 ədəd noutbuk saxlama dolabı, 1 ədəd 
						elektron kürsü, səs gücləndiriciləri, mikrofon, 
						lisenziyalaşdırılmış anti-virus və kontent idarəedici 
						alət, Bakı şəhər 23 nömrəli tam orta məktəb 30 ədəd (ASUS 
						T100) planşet, 1 ədəd (Erson EB585wi)  proyektor, 1 ədəd 
						desktop server və 1 ədəd noutbukla, 220 nömrəli 
						məktəb-liseydə yaradılmış İKT əsaslı pilot sinif otağı 
						30 ədəd (hər şagird üçün) "Transformer Book" və 1 ədəd 
						(müəllim üçün) "Transfomer Book Trio" ilə təchiz 
						olunmuşdur. 
						
						Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində və 
						"Elektron məktəb" layihəsində iştirak edən təhsil 
						müəssisələrində şəbəkə və İKT avadanlıqlarının 
						quraşdırılması istiqamətində işlərə başlanmışdır. Belə 
						ki, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə 
						53,  Bakı Şəhəri üzrə  Təhsil İdarəsinə 115, Təhsil 
						Problemləri İnstitutuna 136, təhsil müəssisələrinə 960 
						şəbəkə avadanlığı və 6222 kompüter, Bakı Kompüter 
						Kollecinə 17 şəbəkə avadanlığı və 208 kompüter, Gəncə 
						Şəhər Təhsil İdarəsinə 9 şəbəkə avadanlığı və 23 
						kompüter, Sumqayıt Şəhər Təhsil Şöbəsinə 12 şəbəkə 
						avadanlığı və 84 kompüter, rayon təhsil şöbələrinə 26 
						şəbəkə avadanlığı və 40 kompüter verilmiş və onların 
						quraşdırılmasına başlanılmışdır. 
						
						Ali təhsil müəssisələrində ödənişli təhsil alan 
						tələbələr üzrə proqram təminatının hazırlanmasına da 
						start verilmişdir. |