Təhsil Nazirliyi cavab verir
Sual:
Əvəzçilik qaydasında əmək fəaliyyəti ilə məşğul
olmanın proseduru necədir?
Cavab:
Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əmək
müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas
iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas
iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi
bağlayaraq başqa iş yerində də əmək fəaliyyəti ilə
məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək
müqaviləsi bağlanan ikinci iş yeri işçinin əlavə iş yeri,
birinci əmək müqaviləsi bağlanan yer isə əsas iş yeri
sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası
təqdim edilmədən bağlanılır.
İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerində
işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb
edilmir.
Eyni zamanda qeyd edirik ki, boş vəzifə üzrə əmək
funksiyasının icrasının digər işçilərə həvalə edilməsi
Əmək Məcəlləsinin 61-ci maddəsi ilə tənzimlənir. Bu
maddəyə əsasən, müəyyən səbəbdən iş yerində olmayan
işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı
ilə yol verilir.
Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə
edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi
eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə
üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş
vəzifə üçün nəzərdə tutulmuş əməkhaqqının (vəzifə
maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı
ödənilməlidir. Boş vəzifə üzrə işçiyə üç aydan çox
olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi
həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya
əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə
keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici
işçinin əmək funksiyasının genişləndirilməsi ilə
əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş
vəzifəyə yeni işçi götürülür.
Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə
üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş
olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz
vəzifəsində qalmaqla boş vəzifəyə təyin edilə bilər. Bu
zaman işçiyə boş vəzifə üzrə, nəzərdə tutulmuş
əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq
şərtilə, əlavə əməkhaqqı ödənilir.
Əmək Məcəlləsinin 163-cü maddəsinə əsasən əvəzçilik üzrə
işləyən işçilərin əməyinin ödənilməsi, mövcud əmək
şəraiti nəzərə alınmaqla, faktik yerinə yetirilən işə
görə ödənilir. Əvəzçilik üzrə işləyənlərin tarif
(vəzifə) maaşı, mükafatlandırılması, əməkhaqqına
əlavələrin, artımların verilməsi əsas işçilər üçün
müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilir.
Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə
iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də
əlavə iş yerində gündəlik iş vaxtının cəmi Əmək
Məcəlləsinin 91-ci maddəsində onlar üçün nəzərdə
tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda (16
yaşınadək işçilər üçün 24 saat, 16 yaşdan 18 yaşınadək
işçilər üçün 36 saat) yol verilə bilər.
Sual:
Fiziki və hüquqi şəxslər dedikdə nə başa düşülür?
Cavab:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24-cü
maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz
adından iştirak edən insan fərdidir. Azərbaycan
Respublikasında bütün vətəndaşlar, Azərbaycan
Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti
qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki
şəxslərdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci
maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən
qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış
elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır,
öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından
əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və
həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və
ya cavabdeh olmaq hüququna malikdir.
Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət
götürməkdən ibarət olan kommersiya huquqi şəxsləri və ya
əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və
götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən
qeyri-kommersiya hüquqi şəxsləri ola bilər.
Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai
birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları
formasında, habelə qanunvericilikdə nəzərdə tutulan
digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi
şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda
məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması
zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət
etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq
fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya
hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və
ya onlarda iştirak edə bilərlər.
Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin
(iştirakçılarının) paylarına bölünmüş nizamnamə
(şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır.
Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına
yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya
cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə
etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur.
Təsərrüfat ortaqlığını bir şəxs yarada bilər. Təsərrüfat
ortaqlıqları tam ortaqlıq və ya kommandit ortaqlığı
formasında yaradıla bilər. Təsərrüfat cəmiyyətləri
məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar
cəmiyyəti formasında yaradıla bilər.
Sual:
Təhsil müəssisəsi dedikdə nə başa düşülür və hansı
növləri var?
Cavab:
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun
1.0.47-ci maddəsinə görə təhsil müəssisəsi - müvafiq
təhsil proqramları əsasında təhsil prosesini həyata
keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət
sənədi verən qurumdur.
Həmin Qanunun 14-cü maddəsinə əsasən Azərbaycan
Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə
və özəl təhsil müəssisələri fəaliyyət göstərir.
Təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri
müəyyən edilir:
- məktəbəqədər təhsil müəssisələri (körpələr evi,
körpələr evi-uşaq bağçası, uşaq bağçası, xüsusi uşaq
bağçası);
- ümumi təhsil müəssisələri (ibtidai, orta və tam orta
ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri,
xüsusi məktəblər və xüsusi internat məktəbləri,
sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər
və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan
uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün
məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr);
- məktəbdənkənar təhsil müəssisələri (uşaq yaradıcılıq
mərkəzləri, uşaq-gənclər idman məktəbləri, uşaq-gənclər
şahmat məktəbləri, ekoloji tərbiyə və təcrübə
mərkəzləri, texniki yaradıcılıq mərkəzləri, turizm və
diyarşünaslıq mərkəzləri, məktəbdənkənar iş mərkəzləri,
estetik tərbiyə və bədii yaradıcılıq mərkəzləri və s.);
- ilk peşə-ixtisas təhsili müəssisələri (peşə
məktəbləri, peşə liseyləri);
- orta ixtisas təhsili müəssisələri (kolleclər);
- ali təhsil müəssisələri (universitetlər, akademiyalar,
institutlar və s.);
- əlavə təhsil müəssisələri (universitetlər, institutlar,
mərkəzlər və s.);
- təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr.
Müxtəlif tipli təhsil müəssisələri təhsil kompleksi və
kampus formasında da fəaliyyət göstərə bilər.
Sual:
Müqavilə nədir və əqddən nə ilə fərqlənir? Müqavilə
kimlər arasında bağlana bilər? Müqavilənin
dəyişdirilməsi və ləğv edilməsi proseduru necədir?
Cavab:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389-cu
maddəsinə əsasən mülki hüquq və vəzifələrin
müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı
haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə
sayılır.
Həmin Məcəllənin 324-cü maddəsinə görə isə əqd mülki
hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və
ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya
çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və
müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola
bilər. Bağlanması üçün bir tərəfin iradə ifadəsinin
zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.
Müqavilənin bağlanması üçün isə iki tərəfin
razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç
və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi
(çoxtərəfli əqd) zəruridir.
Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr
bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə
bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan,
lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və
digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər
üçün məcburi qaydalara (imperativ normalara) uyğun
gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu
bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən,
tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən
qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri
qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin
əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn
münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi
hallar istisna təşkil edir.
Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki
Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər
tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya
müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və
ya ləğv edilə bilər.
Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında
razılaşma, əgər Mülki Məcəllədən, müqavilədən və ya
işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə
ilə eyni formada bağlanır.
Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini
tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv
etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya
təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə
isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə
bilər.
Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsi
|