| 
						
						
						 Sentyabrın 
						5-də Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 
						(TDƏŞ) təhsil nazirlərinin dördüncü iclası keçirilib. 
						
						Tədbirdə TDƏŞ-in baş katibi Ramil Həsənov, Azərbaycan 
						Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov, 
						Qazaxıstanın elm və təhsil naziri Aslan Sarinjipov, 
						Türkiyə Milli Təhsil Nazirliyinin məsul katibi Yusif 
						Təkin, Qırğızıstan təhsil nazirinin müavini Adilət 
						Bekboyev, Türk Akademiyasının prezidenti Darxan Kıdırali 
						və elm-təhsil xadimləri iştirak ediblər. 
						
						İclasda ortaq türk tarixi (XV əsrlərə qədər və XV-XXI 
						əsrləri əhatə edən), coğrafiya və ədəbiyyat 
						dərsliklərinin hazırlanması, üzv ölkələr arasında tələbə 
						mübadiləsi və bir sıra məsələlərin müzakirəsi aparılıb. 
						
						Bildirilib ki, ortaq türk dərslikləri hazırlanma 
						mərhələsindədir. İştirakçı ölkələr dərsliklərin proqram 
						və məzmununa yenidən baxılması ilə bağlı təkliflərini 
						veriblər. Dərsliklər redaktə başa çatdıqdan sonra məktəb 
						proqramına daxil ediləcək. 
						
						Nazir müavini Firudin Qurbanov Azərbaycanda aparılan 
						təhsil islahatlarından danışaraq dedi: "Ölkələrimizi dil, 
						din, mədəniyyət və tarixi bağlarla birləşdirən TDƏŞ-in 
						qısa müddət ərzində beynəlxalq arenada öz yerini 
						möhkəmləndirməsi, üzv ölkələr arasında əməkdaşlığın 
						hərtərəfli formatda genişləndirilməsi təqdirəlayiq 
						haldır. Dünyanın bir sıra bölgələrində, bizim ölkələrin 
						yerləşdiyi regionda çoxsaylı münaqişələr və böhranlar 
						yaşanmaqdadır. Ölkələrimizdə müşahidə olunan inkişafı və 
						sabitliyi qoruyub saxlamaq, gələcək nəsillər üçün 
						inkişaf etmiş cəmiyyət və əmin-amanlıq şəraiti yaratmaq, 
						böhranların mənfi təsirindən qorunmaq üçün əlimizdə olan 
						ən güclü vasitə təhsildir. Məhz bu səbəbdən Azərbaycan 
						Respublikasının Prezidenti İlham Əliyev təhsilin 
						inkişafına daim xüsusi diqqət yetirir. Azərbaycan 
						Prezidentinin təşəbbüsü ilə hazırlanmış "2007-2015-ci 
						illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili 
						üzrə Dövlət Proqramı" bunun əyani təsdiqidir. Bu proqram 
						bu il başa çatır və indi 2020-ci ilə qədər dövrü əhatə 
						edən yeni proqram üzərində hazırlıq işləri aparılır. 
						Yeni proqramda gənclərin xarici ölkələrdə təhsili ilə 
						yanaşı, xarici ölkələrin professor-müəllim heyətinin 
						Azərbaycan ali təhsil müəssisələrinə cəlb olunması yolu 
						ilə təhsil sisteminin təkmilləşdirilməsi nəzərdə tutulub". 
						
						Bu tədbirin üzv ölkələr arasında təhsil sahəsində 
						əməkdaşlığın inkişafına təkan verəcəyinə ümidvar 
						olduğunu bildirən F.Qurbanov dedi ki, TDƏŞ-in üzvü olan 
						ölkələrdə təhsil sahəsində fəaliyyətin ölkələrimiz üçün 
						uğurlu olması ilə bağlı çoxsaylı perspektivlər mövcuddur 
						və bu əməkdaşlıq davam etdirilməli, keyfiyyətcə yeni 
						səviyyələrə qaldırılmalıdır. 
						
						Tədbirdə Türk Akademiyasının prezidenti Darxan Kıdırali 
						TDƏŞ-in üzvü olan ölkələrin təhsil nazirlərinin Bakıda 
						keçirilən üçüncü görüşündə qəbul olunan proqram əsasında 
						"Ortaq türk tarixi" kitabı üzərində hazırlıq işlərinin 
						başa çatdığını bildirdi. 
						
						Darxan Kıdırali dedi ki, türk dünyasının intellektual 
						platforması olan Türk Akademiyasının ərsəyə gətirəcəyi 
						dərsliklər gənc nəsillərin bir-birini daha yaxşı 
						anlamalarına, sağlam əlaqələrin qurulmasına kömək 
						edəcək. 
						
						İclasda TDƏŞ-in baş katibi Ramil Həsənov 2016-cı ildə 
						üzv ölkələrin orta məktəb şagirdləri arasında mübadilə 
						proqramının başlanmasının nəzərdə tutulduğunu bildirdi. 
						
						Ramil Həsənov dedi: "Üzv ölkələrdən digər xarici 
						ölkələrə təhsillə bağlı tələbələr gedirsə, biz bunu 
						Türkdilli ölkələrdə də tətbiq etməliyik. Bu yolla 
						gənclərimizi bir araya gətirərək gələcəyə sərmayə qoymuş 
						olarıq". 
						
						Sonra TDƏŞ-in üzvü olan ölkələrin təhsil nazirlərinin 
						birgə əməkdaşlıq Protokolu imzalandı. 
						
						Diqqətə çatdırıldı ki, TDƏŞ-in təhsil nazirlərinin 
						növbəti görüşündə əməkdaşlığın inkişafı məsələlərinin 
						müzakirəsi davam etdiriləcək. 
						
						Təhsil nazirlərinin növbəti iclasının Qırğızıstanda 
						keçirilməsi qərara alındı. 
						
						Tədbirin sonunda mükafatlandırma mərasimi oldu. 
						
						Qeyd edək ki, oktyabrın 5-də TDƏŞ-in üzvü olan ölkələrin 
						Elmlər akademiyaları nümayəndələrinin Türk 
						Akademiyasında görüşü keçiriləcək.  
						
						
						AZƏRTAC |