Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2015 - №34

 

Nazir təhsildə yüksək nəticə qazanmış tələbələrlə görüşüb

 

Böyütmək üçün seçinSentyabrın 9-da Azərbaycan Dövlət İqtisad Universitetində təhsil naziri Mikayıl Cabbarovun təhsildə yüksək nəticə qazanmış tələbələrlə görüşü keçirilib.

Görüşdə Bakı ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrini - Gəncə, Abşeron, Bərdə, Qəbələ, Cəbrayıl, Zaqatala, Qubadlı, eləcə də digər rayon və şəhərləri təmsil edən tələbələr iştirak edib.

Görüş iştirakçılarını tələbə adı qazanmaları münasibətilə təbrik edən Mikayıl Cabbarov uğur formulunun davamlı olmasını, keyfiyyətli kadr, işini sevən məslək və peşə sahibi olmaq üçün daim öyrənməyi tövsiyə edib. Eyni zamanda, nazir onları təhsil alacaqları ali məktəbin ictimai, mədəni həyatında yaxından iştirak etməyə, öz bilik və bacarıqlarını yüksəltməyə çağırıb.

Son iki ildə ölkə təhsilində akademik göstəricilərin yaxşılaşmasına diqqət yönəldən Mikayıl Cabbarov ali təhsil müəssisələrinə qəbulda orta balın əhəmiyyətli dərəcədə artdığını bildirib.

Böyütmək üçün seçinGörüş zamanı nazir tələbələrin çoxsaylı suallarını cavablandırıb və onlarla fikir mübadiləsi aparıb. Orta məktəbi qızıl medalla başa vuran, respublika riyaziyyat olimpiadasının bürünc mükafatçısı, 700 balla "ADA" Universitetinə daxil olan İbrahim Əhmədov orta məktəblərdə kurikulumun tətbiqi və onun üstünlükləri ilə bağlı fikirlərini bildirib. 700 balla Azərbaycan Tibb Universitetinə daxil olan Nurlan Məcidov, biologiya üzrə fənn müsabiqəsinin gümüş mükafatçısı, orta məktəbi qızıl medalla başa vuraraq 695 balla ali məktəbə daxil olan Nərmin Quluzadə xaricdə təhsillə bağlı fikirlərini bölüşüblər. "Sabahın alimləri" Respublika müsabiqəsinin iştirakçısı, orta məktəbi qızıl medalla başa vuran Cəmil İmranovun SABAH qrupları ilə bağlı sualları cavablandırılıb.

Daha sonra xaricdə təhsil üzrə Dövlət Proqramı barədə ətraflı məlumat verən Mikayıl Cabbarov ölkəmizdə ali təhsilin inkişaf perspektivləri ilə bağlı danışıb. SABAH qruplarının yaradılmasını bu yolda irəliyə doğru atılan mühüm addım olduğunu deyən nazir yaxın gələcəkdə beynəlxalq layihələr çərçivəsində ali təhsil müəssisələrində innovasiya mühitinin daha da genişlənəcəyini vurğulayıb.

Mikayıl Cabbarov tələbələrimizə ölkə daxilində və ya xaricdə oxumağından asılı olmayaraq, Azərbaycanı layiqincə təmsil etməyi, fəal vətəndaşlıq mövqeyi nümayiş etdirməyi tövsiyə edib.

Biologiya fənni üzrə Respublika müsabiqəsinin qalibi, orta məktəbi qızıl medalla bitirən Mingəçevirdən olan məzun Zaur Vəlizadə ali məktəblərin əmək bazarındakı reytinqi ilə, kimya olimpiadasının qalibi, akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla qurtaran və 644 balla universitetə daxil olan Sergey Styopin isə Prezident təqaüdü ilə maraqlanıb.

Nazir tələbələrin bütün suallarını ətraflı cavablandırıb, onları narahat edən məsələlərə münasibətini açıqlayıb.

Görüşün sonunda Mikayıl Cabbarov təhsilalanlar üçün geniş imkanlar yaradıldığını qeyd edib və hər bir tələbəni dövlətimizin yaratdığı bu fürsətdən yararlanmağa çağırıb.  

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov