| 
						
						
						 Sentyabrın 
						7-də təhsil naziri Mikayıl Cabbarov "2007-2015-ci 
						illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili 
						üzrə Dövlət Proqramı" çərçivəsində 2015-2016-cı tədris 
						ilində təhsil almaq üçün seçilmiş tələbələrin növbəti 
						qrupu ilə görüşüb. 
						
						Görüş zamanı tələbələri təbrik edən nazir onlara 
						təhsillərində uğurlar arzulayıb. Mikayıl Cabbarov qeyd 
						edib ki, ildən-ilə Dövlət Proqramı çərçivəsində təhsil 
						üçün müraciət edənlərin sayı artır. Bunun nəticəsidir ki, 
						2015-2016-cı tədris ili üçün keçirilən müsabiqədə seçim 
						daha yüksək rəqabətlilik şəraitində keçib. 
						
						Azərbaycan gənclərinin dünyanın ən aparıcı ali 
						məktəblərində təhsil almasının əhəmiyyətinə toxunan 
						nazir onların ölkəmizin dinamik inkişaf prosesinə 
						layiqli töhfələr verəcəyinə əminliyini bildirib. Təhsil 
						naziri bildirib ki, ümummilli lider Heydər Əliyevin 
						uzaqgörən siyasəti nəticəsində ötən əsrin 70-80-ci 
						illərindən azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu ali 
						məktəblərində oxumağa göndərilməsi ilə yaxşı bir 
						ənənənin əsası qoyulub. Ulu öndərin ölkəmizin 
						müstəqillik illərində də xaricdə ali təhsil alan 
						gənclərə xüsusi diqqət göstərdiyini vurğulayan nazir 
						hazırda bu siyasətin ölkə Prezidenti cənab İlham Əliyev 
						tərəfindən davam etdirildiyini nəzərə çatdırıb. Neft 
						kapitalının insan kapitalına çevrilməsi strategiyasının 
						Azərbaycanda dövlət siyasətinin prioritet 
						istiqamətlərindən biri olduğunu söyləyən təhsil naziri 
						qeyd edib ki, gəncliyin müasir tələblər səviyyəsində 
						yetişməsinə ayrılan vəsait ölkənin, xalqın firavan 
						gələcəyinin daha etibarlı təminatına zəmin yaradır. 
						
						Müstəqilliyimizin bərpasından qısa müddət keçməsinə 
						baxmayaraq hər il minlərlə azərbaycanlı tələbə dünyanın 
						aparıcı universitetlərinə qəbul olur, xarici dillərdə 
						təhsillərini davam etdirir. Bu da onların Azərbaycanda 
						aldıqları möhkəm təhsil təməllərinə əsaslanır. 
						
						Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil 
						üzrə Komissiya tərəfindən namizədliyi təsdiq olunan 
						tələbələrin növbəti qrupu təhsilini Böyük Britaniya, ABŞ, 
						Almaniya və Avstraliyada bakalavriat, magistratura və 
						fəlsəfə doktoru səviyyələrində davam etdirəcəklər. Bu 
						tələbələr arasında Kolumbiya Universiteti, Oksford 
						Universiteti, London Kollec Universiteti, London 
						İmperial Kolleci, Adelaida Universiteti kimi dünyanın 
						aparıcı ali təhsil müəssisələrinə qəbul olunmuş 
						gənclərimiz yer alır. Onlar əsasən, mühəndislik, yüksək 
						texnologiyalar, kimya, təhsilin təşkili və idarəolunması 
						kimi ixtisaslar üzrə təhsil alacaqlar. 
						
						Xaricdə təhsil üzrə Dövlət Proqramına 2015-2016-cı 
						tədris ili üçün sənəd qəbulu 15 aprel - 15 iyul 2015-ci 
						il tarixlərini əhatə edib. Ötən il olduğu kimi, 
						müsahibələrdə Təhsil Nazirliyinin əməkdaşları ilə 
						yanaşı, digər dövlət qurumları və ali təhsil 
						müəssisələrinin nümayəndələri iştirak ediblər. Müsahibə 
						zamanı namizədlərin müvafiq tədris dilini yüksək 
						səviyyədə bilməsi, tədris alacağı ixtisas üzrə 
						biliklərinin yetərli səviyyədə olması, təhsillərini başa 
						vurduqdan sonra qayıdaraq ölkəmizin inkişafına töhfə 
						vermək niyyəti əsas seçim meyarları kimi tətbiq olunub. |